Ermənistanda yeni həbslər gözlənilir?- AÇIQLAMA

Ermənistanda yeni həbslər gözlənilir?- AÇIQLAMA
12:06

Ermənistanda seçkilərdən sonra keçmiş hakimiyyət nümayəndələri ilə bağlı hüquqi proseslərin yenidən gündəmə gələ biləcəyi ehtimal olunur.

Politoloq Bəkir Həsənbəyli News365.az-a açıqlamasında bildirib ki, vaxtilə Ermənistanın keçmiş prezidenti Robert Köçəryan barəsində də həbs qərarı verilmişdi.


Onun sözlərinə görə, sonradan Rusiyanın, xüsusilə Prezident Vladimir Putinin müdaxiləsindən sonra Köçəryan azadlığa buraxılıb.

Ekspert qeyd edib ki, bu, Köçəryanın Ermənistan qanunvericiliyi qarşısında tam məsuliyyətdən azad edilməsi anlamına gəlmir. Həsənbəylinin fikrincə, Ermənistan daxilində fəaliyyət göstərən iri biznes nümayəndələri, o cümlədən Samvel Karapetyan və digər tanınmış iş adamları ilə bağlı da istənilən vaxt hüquqi araşdırmalar başlana bilər.

Politoloqun sözlərinə görə, hazırkı mərhələdə Baş nazir Nikol Paşinyan əlavə gərginlik yaratmaq istəmir. O hesab edir ki, Paşinyan həm Azərbaycan və Türkiyə ilə münasibətlərdə, həm də Avropa istiqamətində özünü sülh tərəfdarı olan lider kimi təqdim etməyə çalışır.

B.Həsənbəyli bildirib ki, Paşinyanın reytinqinin yüksək olmasına baxmayaraq, Ermənistan cəmiyyətində onu dəstəkləməyən ciddi bir elektorat da mövcuddur. Bu səbəbdən hakimiyyət seçkilər ərəfəsində mübahisəli addımlardan çəkinir.

Ekspertin fikrincə, seçkilərin nəticələri tam təsdiqləndikdən və yeni siyasi mərhələ başladıqdan sonra Paşinyan keçmiş hakimiyyət nümayəndələri və bəzi iş adamları ilə bağlı daha sərt qərarlar verə bilər.

Politoloq əlavə edib ki, son dövrlər Ermənistanla Rusiya arasında münasibətlərdə müşahidə olunan gərginlik və casusluq ittihamlarının gündəmə gətirilməsi də İrəvanın Moskvadan daha da uzaqlaşdığını göstərən amillərdən biridir.


Sizin reklam burada
Sizin reklam burada