Kremlin Qafqaz planı: Ermənistan uğrunda yeni mübarizə- ŞƏRH

Kremlin Qafqaz planı: Ermənistan uğrunda yeni mübarizə- ŞƏRH
12:50

"Rusiyanın Ermənistan üzərində təsir imkanlarını qorumaq üçün müxtəlif vasitələrdən istifadə etməyə çalışdığı iddia edilir".

Bu fikirləri politoloq Xəyal Bəşirov News365.az-a açıqlamasında səsləndirib.

Ekspert bildirib ki, Rusiya Ukraynada müharibənin davam etməsinə baxmayaraq, Cənubi Qafqazdakı mövqelərini itirmək niyyətində deyil:

"Əgər Ukraynada istədiyinə tam nail ola bilmirsə və eyni zamanda Baltikyanı ölkələr, Skandinaviya istiqaməti kimi məsələlərdə iddialarını davam etdirirsə, Rusiya Ermənistanı da diqqətdən kənarda qoymaq istəməyəcək. Ermənistan uzun illər Moskvanın siyasi, iqtisadi və təhlükəsizlik orbitində olub".

Politoloqun sözlərinə görə, Ermənistanın dövlət təhlükəsizliyi, sərhədlərinin qorunması və enerji sektoru uzun müddət Rusiyanın təsir dairəsində formalaşıb:

"Rusiya bu prosesdə yatırdığı siyasi və iqtisadi resursların qarşılığını almağa çalışır. Ona görə də Ermənistanın tam şəkildə Moskvanın təsirindən çıxması Kreml tərəfindən sakit qarşılanmır".

X.Bəşirov hesab edir ki, Ukrayna müharibəsinin davam etməsi Rusiyanın Ermənistana qarşı daha sərt addımlar atmasının qarşısını alan əsas amillərdən biridir:

"Əgər Ukraynadakı müharibə olmasaydı, Rusiyanın Ermənistana münasibətdə daha sərt davranış sərgiləməsi mümkündür. Hazırda Kremlin əsas resursları Ukrayna cəbhəsinə yönəldiyi üçün Cənubi Qafqazda imkanları əvvəlki qədər geniş deyil".

Ekspert ABŞ və Rusiyanın xarici siyasətində oxşar məqamların olduğunu da vurğulayıb:

"Böyük güclər bəzən xarici siyasətdəki uğursuzluqları daxili auditoriyaya başqa uğurlar kimi təqdim etməyə çalışırlar. Rusiya da Ukraynada arzuladığı nəticəni əldə edə bilmədiyi təqdirdə, Ermənistan üzərində təsirini qorumağı daxili ictimaiyyətə geosiyasi uğur kimi təqdim etməyə çalışa bilər".

Politoloqun fikrincə, Moskvanın bu siyasətdə nə dərəcədə uğur qazanacağını isə zaman göstərəcək.


Sizin reklam burada
Sizin reklam burada