"İranın güc artımı strateji yox, daxili sistemin sərtləşməsi ilə bağlıdır"
News365.az-a açıqlamasında İran daxilində baş verən prosesləri şərh edib.

O bildirib ki, İranın müxtəlif regional və beynəlxalq qarşıdurmalardan “qalib çıxması” kimi görünən vəziyyət əslində dövlətin güclənməsi yox, daxili idarəetmənin daha da sərtləşməsi ilə bağlıdır.
Politoloqun sözlərinə görə, İran daxilində təhlükəsizlik və hərbi strukturların, o cümlədən “Sepah” (İslam İnqilabı Keşikçiləri Korpusu) xəttinin mövqeyinin güclənməsi ölkənin idarəetməsində hərbi-siyasi təsirin artmasına gətirib çıxarır. O qeyd edib ki, bəzi yüksək rütbəli hərbi fiqurların proseslərdə ön plana çıxması və mülki siyasi fiqurların rolunun zəifləməsi müşahidə olunur.
Elçin Alıoğlu əlavə edib ki, Məsud Pezeşkianın və digər siyasi fiqurların dövlət idarəçiliyində təsir imkanlarının məhdudlaşması, Abbas Araqçi kimi rəsmilərin isə daha çox beynəlxalq təmaslarda ön plana çıxması İran daxilində balansın dəyişdiyini göstərir.
Onun sözlərinə görə, İran hərbi baxımdan güclü görünsə də, bu güc strateji baxımdan uzunmüddətli üstünlük yaratmır. Politoloq bu vəziyyəti fizika ilə müqayisə edərək bildirib ki, “gərilmiş yayın effekti” kimi, güc artdıqca daxili təzyiqlər də yüksəlir və bu, gələcəkdə əks təsir yarada bilər.
Ekspertin fikrincə, İranın indiki modeli qısa müddətdə güc nümayişi yaratsa da, uzunmüddətli perspektivdə bu, həm daxili, həm də xarici siyasətdə riskləri artıran faktor kimi qiymətləndirilə bilər.