Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanandan sonra Baş nazir Nikol Paşinyan ölkənin xarici siyasət prioritetləri ilə bağlı mühüm mesajlar verib.
News365.az xəbər verir ki, Ermənistan mediasının yaydığı məlumata görə, Paşinyan çıxışında İrəvanın regionda sülhün bərqərar olunması, əməkdaşlığın genişləndirilməsi və qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması kursunu davam etdirəcəyini bildirib.
Baş nazir vurğulayıb ki, Ermənistan cəmiyyəti sabitlik, iqtisadi inkişaf və regional əməkdaşlıq tərəfdarıdır. Onun sözlərinə görə, bu yanaşmanın həm Azərbaycan, həm də Türkiyə tərəfindən müsbət qarşılanacağına ümid edir.
Azərbaycanla münasibətlərə toxunan Paşinyan qeyd edib ki, tərəflər arasında sülh sazişinin mətninin razılaşdırılması artıq başa çatıb və növbəti mərhələ sənədin imzalanmasıdır. O, sülh prosesinin praktik nəticə verməsinin vacibliyini önə çəkib.
Türkiyə ilə münasibətlərdən danışan Ermənistan hökumətinin başçısı normallaşma prosesinin davam etdirilməsinin vacibliyini qeyd edib. Paşinyan iki ölkə arasındakı sərhədin açılması istiqamətində yeni addımların atılacağına ümid etdiyini bildirib.
O, həmçinin regional nəqliyyat əlaqələrinin inkişafını müsbət qiymətləndirərək, Axalkalaki–Qars dəmir yolu xəttinin Ermənistan yükləri üçün istifadəyə verilməsini mühüm qərar adlandırıb.
Məlumata görə, bülletenlərin 93 faizi hesablandıqdan sonra Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası səslərin 50,25 faizini qazanaraq seçkilərdə lider mövqedə qərarlaşıb.
News365.az