Rusiya Ermənistan seçkilərini tənqid etdi

Rusiya Ermənistan seçkilərini tənqid etdi
14:33

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanda baş tutan növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinə və Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin qələbəsinə rəsmi münasibət bildirib.

News365.az xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Ermənistandakı seçki prosesini kəskin tənqid edərək İrəvanda demokratik prinsiplərin kobud şəkildə pozulduğunu bəyan edib.

Zaxarova Qərb dövlətlərinin seçkilərin nəticələrinə birbaşa təsir göstərdiyini iddia edərək vurğulayıb: "Ermənistandakı seçkilər müxalifətə qarşı misli görünməmiş inzibati təzyiqlər, total qorxu mühiti və Qərb qüvvələrinin prosesə açıq, kobud müdaxiləsi şəraitində keçib".

Rusiya rəsmisi Avropa İttifaqı liderlərinin seçki günü Paşinyana verdiyi açıq dəstəyi və müxalif namizədlərə qarşı açılan kütləvi cinayət işlərini tənqid atəşinə tutub.

Moskvanın İrəvanla gələcək münasibətlərinə də toxunan Mariya Zaxarova, Kremlin bundan sonra Paşinyan hakimiyyətinə qarşı daha ciddi və praqmatik mövqe nümayiş etdirəcəyinin anonsunu verib: "Rusiya Ermənistana qarşı gələcək xarici siyasət kursunu erməni rəhbərliyinin sözlərinə deyil, atacağı real və praktiki addımlara uyğun olaraq qurmaq niyyətindədir".

Siyasi şərhçilər Moskvadan gələn bu bəyanatı Ermənistanın Qərbə yaxınlaşma xəttinə qarşı Kremlin rəsmi İrəvana yönəlmiş açıq və sərt xəbərdarlığı kimi qiymətləndirirlər.


Sizin reklam burada
Sizin reklam burada