Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri regionda yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir. İlkin nəticələrə əsasən, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş Müqaviləsi” Partiyası səslərin yarıdan çoxunu qazanaraq təkbaşına hökumət formalaşdırmaq imkanını qoruyub saxlayıb.
Mövzu ilə bağlı News365.az-a danışan politoloq Qabil Hüseynli seçki nəticələrinin Ermənistanın gələcək siyasi kursu baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Onun sözlərinə görə, seçkilər erməni cəmiyyətinin ölkənin xarici siyasət istiqaməti ilə bağlı mövqeyini nümayiş etdirib:
“Seçkilərin nəticələri göstərdi ki, hakimiyyət öz siyasi dayaqlarını qoruyub saxlaya bilib. Bu, eyni zamanda Ermənistanın regional proseslərə yanaşmasının da göstəricisidir. Paşinyanın yenidən güclü mandat əldə etməsi onun həm daxili siyasətdə, həm də xarici münasibətlərdə manevr imkanlarını artırır”.
Politoloq hesab edir ki, seçkidən sonra Azərbaycan-Ermənistan münasibətlərində də yeni dinamika yarana bilər:
“Paşinyanın sülh gündəmini ön plana çıxarması və Azərbaycanla münasibətlərin normallaşdırılmasına dair açıqlamaları diqqət çəkir. Bununla belə, sülh prosesinin gələcəyi konkret addımlardan və tərəflərin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən asılı olacaq”.
Qabil Hüseynli qeyd edib ki, qarşıdakı dövrdə Ermənistan daxilində siyasi proseslərin necə inkişaf edəcəyi, eləcə də konstitusiya dəyişiklikləri və sülh gündəliyi regionun gələcək mənzərəsinə təsir göstərəcək əsas amillərdən biri olacaq.