Məhərrəm ayı yaxınlaşdıqca yenidən bu ayda toy, nişan, şənlik edib etməməklə bağlı yanaşmalar canlanır, bəzən də mübahisələrə çevrilir. Əslində bu məsələni şişirtmək, müzakirə və mübahisə mövzusuna çevirmək gərəksizdir. Sekulyar, hüquqi dövlətdə yaşayırıq, milli, mənəvi ənənələrə, dəyərlərə, dinlərə hörmətlə yanaşılır. Hansı əsasla, hansı təsirlə bu günə gəlib çatmasından asılı olmayaraq bu ayı matəm ayı kimi yas saxlayan təbəqəyə də hörmətlə yanaşmaq lazımdır. Onsuz da hər məzhəb özünü həqiqi İslam hesab edir. Doğrudur, Quranda, Peyğəmbər ənənəsində matəm ayı, yas əyyamı deyə xüsusi günlər olmasa da sonrakı tarixi proseslər, fərqli ənənələrə sahib olan müxtəlif xalqların İslamı qəbul etməsi nəticəsində İslamın əsas mahiyyətinə müxalif ayinlər, tədbirlər ortaya çıxıb. Bəzən də mövhumat və xurafat bəzi məzhəblərin əsas prinsiplərinə qarışıb. Bu baxımdan Quranın prinsiplərini xatırlatmaq tam məqbuldur. Lakin onu da qəbul etmək lazımdır ki, insanların əksəriyyəti xurafat və mövhumatı din kimi qəbul edib və ona həssas yanaşır. İslamın içində hərənin öz İslamı var.
Məhərrəm ayını matəm ayına çevirən təbəqəyə tolerant yanaşmaq lazımdır ona görə ki, bu matəm şəxsi məqsədlər üçün yox məhz İmam Hüseynin şəhadəti münasibəti ilə qeyd edilir. İnsanların əksəriyyəti bu yası səmimi olaraq, məhz İmam Hüseyn üçün təşkil olunduğuna inanaraq qeyd edir. Baxmayaraq ki, bu mərasimin yaranma səbəbləri öz dövrünün siyasi proseslərinə və bir tərəfin digərini baykot etmək məqsədinə xidmət niyyətinə dayanır. Kövrəlmək, ağlamaq, ehsan vermək, yad etmək məqbuldur və Qurana da uyğundur. Amma mərasimin kütləvi aksiya, şüarlar səsləndirilən, bayraqlar nümayiş etdirilən digər hissələri sırf Büveyhilərin, Fatimilərin siyasi ideologiyalarına əsaslanır. Özünü döymək, zəncir və qılıncla baş yarmaq isə İmam Hüseyni çağırıb sonra da əks tərəfə keçib əllərini onun qanına batıran xain tərəfdarlarının sonrakı peşmançılığının təzahürüdür. Belə ki, bu xainlər faciədən sonra peşman olub "Tövbə edənlər" adı ilə təşkilatlandılar və gəlib öldürdükləri İmam Hüseynin məzarı üstündə 40 gün ağlayıb mərsiyyə oxudular, əllərindəki qılınc və zəncirlə başlarına, sinələrinə vurmağa başladılar. Bu barədə Seyid bin Tavus özünün "Luhuf" kitabında əsaslı şəkildə danışır.
Lakin tarixi mənbələr sübut edir ki, İmam Hüseynin şəhadətində Azərbaycan xalqının təqsiri yoxdur. Çünki o hadisələr zamanı nə xəyanət edənlərin içində, nə də Yezid qoşununda Azərbaycandan adam olmayıb. Əksinə İmam Hüseynin tərəfində Müslim Azərbaycanlı kimi həmvətənlərimiz olub. Bu hadisələrdə əsasən İraq və indiki İran əsilli adamların rolu və təqsiri olub. Çünki Sasani imperiyasının yıxılmasını həzm edə bilməyən farslar İmam Hüseynin həyat yoldaşının fars olmasına əsasən onun İraqa dəvət olunmasında əcəm İraqının mənsubları ilə yanaşı mühüm rol oynayıblar. Ona görə də ilk dəfə başlarına döyən də məhz İran və İraq əhli olur. Çünki bu hadisənin səbəbkarı, baiskarı məhz onlardır. Çağırıb nəinki kömək etmədilər, əksinə Yezid tərəfə keçdilər. Sonra da guya peşman olub başlarına vurdular. Ancaq bu peşmançılıq mərasimində bizim xalqımız iştirak etməyib. Odur ki, əgər başına döyməli, peşman olmalı, özünü yaxud sələflərini bu qətliamda günahkar bilməli olanlar əsasən İraq əhli və İran farslarıdır. O dövrdə Azərbaycan əhalisi Kərbəla hadisəsində sonradan peşman olub sinəsinə, başına döyməyi haqq edəsi günaha, xəyanətə yol verməyib.
Biz İmam Hüseynin şəhadətini, onu çağırıb şəhadətə yetməyinə bais olub sonda da peşman olanların ənənəsinə uyğun yox, Əhli Beytin, mötəbər Peyğəmbər səhabələrinin ənənəsinə uyğun şəkildə qeyd etməliyik. Baxmalıyıq Kərbəla hadisəsindən sonra İmam Hüseynin qardaşı Məhəmməd əl Hənəfiyyə, oğlu Əli Zeynəlabidin, qardaşı Həsən bin Əlinin övladları, bir sözlə Əhli Beytin mənsubları necə yad edib, biz də o cür təkrar etməliyik. Amma biz onların qeyd etmə metodlarında bu günkü Məhərrəm ayı ayinlərini, zəncir, qılınc, sinə döymə, bayraq-şüar, nəzir yığımı, ələm, kəcavə, "Qasım otağı", lənət, başqalarını söymə və bu kimi neqativ nümunələri görmürük. Onlar İslama, Qurana uyğun dua, səbr və nikbinliklə Kərbəla şəhidlərini yad edirdilər...
Ona görə Məhərrəm ayında matəmin İslam dininə uyğun olmadığını deyənlərə də hörmətlə yanaşılmalıdır. Çünki bu təbəqə də dinin əsas, özək prinsiplərini və orijinallığını qorumaq üçün əlavələrin uyğun olmadığını əsaslandırırlar.
Bəzən Məhərrəm ayı ərəfəsində kimlər matəmin, xurafi əməllərin əleyhinə çıxırsa onları elə qələmə verirlər ki, sanki bu şəxslər İmam Hüseynin, Əhli Beytin əleyhinədirlər. Bu, tamamilə yanlışdır, böhtan və şantajdır. Ən azı ona görə ki, İmam Hüseynin özü də İslamın təhrif olunmaması, təfriqə yaranmaması, müsəlmanların birliyi üçün mübarizə aparıb. İndi onun mübarizəsini mübahisə, ixtilaf, nifaq mənbəyinə çevirmək o həzrətə də hörmətsizlikdir.
Məhərrəm ayında baş vermiş ən faciəli hadisələrdən biri məhz Kərbəla faciəsidir. Səfəvilər dövründən bu yana ölkəmizdə də bu ay əksəriyyət tərəfindən matəm kimi xatırlanır. Ümumiyyətlə bu ayı matəm ayı kimi qəbul edib etməməsindən asılı olmayaraq hər kəsin toy, şənlik, şadlıq, konsert kimi mərasimləri xüsusilə Aşura gününə təvafüq etdirməməsi yaxşıdır. Məhərrəm ayında toy etmək olmaz deyə dini qadağa olmasa da belə ehtiram, hörmət və həmrəyliyi qorumaq naminə ailə şənliklərini mümkün qədər təxirə salmaq məqsədəuyğun olardı.
Tural İrfan, dinşünas