Qərbin növbəti hədəfi Ermənistan və Mərkəzi Asiyadır?

Qərbin növbəti hədəfi Ermənistan və Mərkəzi Asiyadır?
15:31

Millət vəkili Sevil Mikayılova hesab edir ki, Ermənistanın Qərbə inteqrasiya siyasəti regionda geosiyasi rəqabəti daha da gücləndirə bilər.

News365.az-a açıqlamasında deputat bildirib ki, Qərb ölkələri, xüsusilə ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda mövqelərini möhkəmləndirməyə çalışırlar.

Onun sözlərinə görə, bu siyasətin əsas məqsədlərindən biri regionda təsir imkanlarını genişləndirməkdir.

Sevil Mikayılova qeyd edib ki, beynəlxalq ekspert dairələrində NATO ilə Rusiya arasında mümkün qarşıdurma ehtimalları barədə müzakirələr aparılır və bu kontekstdə Ermənistanın xüsusi əhəmiyyət daşıdığı vurğulanır.

Deputatın fikrincə, ABŞ və Avropa İttifaqını Ermənistanda birləşdirən əsas amil regionda daha güclü mövqe əldə etmək istəyidir:

“Ermənistan həm Rusiya, həm də İranla həmsərhəd ölkə kimi geostrateji əhəmiyyətə malikdir. Bu baxımdan Qərbin bölgəyə marağı təsadüfi deyil”.

Sevil Mikayılova bildirib ki, Azərbaycan regionun aparıcı dövləti olaraq müstəqil siyasət yürüdür və xarici güclərin ölkəyə təsir imkanları məhduddur. Onun sözlərinə görə, bu səbəbdən bəzi beynəlxalq aktorlar diqqəti daha çox Ermənistana yönəldirlər.

Millət vəkili həmçinin Ermənistanda fəaliyyət göstərən beynəlxalq missiyalara da toxunub. O qeyd edib ki, mövcud missiyaların fəaliyyət müddəti başa çatsa belə, gələcəkdə onların yerini başqa formatda yeni missiyaların tutması istisna olunmur.

Deputatın sözlərinə görə, regionda baş verən proseslər uzunmüddətli geosiyasi strategiyaların tərkib hissəsi kimi qiymətləndirilməlidir.


Sizin reklam burada
Sizin reklam burada