"Samvel Karapetyan, Robert Koçaryan və Qaqik Sarukyan bloklarının ümumi səs göstəricisi əvvəlcə təxminən 42 faiz kimi qiymətləndirilsə də, son məlumatlarda bu rəqəmin 38 faizə qədər enməsi müşahidə olunur".
Politoloq Sahil İsgəndərov News365.az-a açıqlamasında Ermənistan parlament seçkilərinin nəticələrini və mümkün siyasi ssenariləri şərh edib.

O bildirib ki, seçki qanunvericiliyinə əsasən, hakim partiyanın təkbaşına hökumət formalaşdırması üçün ən azı 50 faiz üstəgəl 1 səs toplaması tələb olunur. Onun sözlərinə görə, ilkin nəticələrə baxıldıqda hakim “Vətəndaş Müqaviləsi” Partiyasının bu həddi keçərək 50 faizə yaxın nəticə əldə etdiyi görünür.
Politoloq qeyd edib ki, əgər nəticələr 49 faiz və ya daha aşağı göstəricilərə düşərsə, bu artıq təkbaşına qələbə demək deyil və belə halda koalisiya hökuməti ehtimalı artır.
S.İsgəndərovun sözlərinə görə, müxalifət koalisiyasını təşkil edən əsas siyasi qüvvələrin – Samvel Karapetyan, Robert Koçaryan və Qaqik Sarukyan bloklarının ümumi səs göstəricisi əvvəlcə təxminən 42 faiz kimi qiymətləndirilsə də, son məlumatlarda bu rəqəmin 38 faizə qədər enməsi müşahidə olunur.
O əlavə edib ki, bu vəziyyət Ermənistan siyasi sistemində koalisiya hökuməti ehtimalını gündəmə gətirə bilər və hətta gələcəkdə növbəti seçkilərin keçirilməsi kimi ssenarilər də istisna edilmir.
Politoloq həmçinin seçkilər öncəsi Paşinyanın Rusiyaya dair bəyanatlarına da toxunaraq bildirib ki, baş nazirin seçkilərdən sonra Vladimir Putinlə görüşəcəyi barədə açıqlaması müəyyən siyasi mesaj kimi qiymətləndirilə bilər.
Onun sözlərinə görə, seçkilərdən əvvəl Paşinyanın Moskva səfəri və regionda baş verən siyasi proseslər fonunda Rusiya ilə mümkün pərdəarxası razılaşmalar barədə müxtəlif ehtimallar səsləndirilib. İsgəndərov qeyd edib ki, Rusiya yönümlü qüvvələrin seçkilərdə iştirakı və siyasi kvotalar məsələsi də bu kontekstdə dəyərləndirilir.
Politoloq sonda vurğulayıb ki, koalisiya hökuməti ssenarisi istisna olunmamalıdır, lakin bu ehtimalın reallaşması bir çox siyasi amillərdən asılıdır.