Azərbaycanda hərbi xidmətin konstitusion borc olduğu bir daha vurğulanır və bu sahədə təhsil göstəriciləri yüksək olan gənclərə mümkün güzəştlərin tətbiqi məsələsi ictimai müzakirə mövzusuna çevrilib.
Mövzu ilə bağlı ekspert Üzeyir Cəfərov News365.az-a bildirib ki, orta və ali təhsildə yüksək nəticələr əldə edən, elm və innovasiyaya meyilli gənclərə xüsusi yanaşma göstərilməsi vacibdir.

Onun sözlərinə görə, belə gənclərin potensialından dövlətin inkişafı naminə daha səmərəli istifadə edilməlidir.
Ekspert qeyd edib ki, yüksək nəticə göstərən məzunların həm hərbi xidmətə çağırış, həm də xidmət dövründə xüsusi diqqətdə saxlanılması məqsədəuyğundur. O, bu yanaşmanın gənclərin motivasiyasını artıracağını və intellektual resursların qorunmasına xidmət edəcəyini bildirib.
Üzeyir Cəfərov fikirlərini əsaslandırarkən xaricdə təhsil almış və perspektivli gənclərdən biri olmuş Ceyhun Hüseynovun hərbi xidmət zamanı həyatını itirməsini xatırladıb və belə halların gənc kadrların qorunması məsələsini daha da aktuallaşdırdığını qeyd edib.
Onun sözlərinə görə, fərqlənmə ilə və ya yüksək nəticələrlə təhsilini başa vuran məzunlar üçün xüsusi güzəşt və imtiyaz mexanizmlərinin hazırlanmasına ehtiyac var. Ekspert bu istiqamətdə Milli Məclis və Elm və Təhsil Nazirliyinə müraciət edərək müvafiq hüquqi çərçivənin formalaşdırılmasını təklif edib.
Cəfərov həmçinin Azərbaycanda alternativ hərbi xidmət haqqında qanunun qəbulunun da gündəmə gətirilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, belə mexanizmlər həm gənclərin potensialının qorunmasına, həm də ölkənin intellektual inkişafına töhfə verə bilər.
News365.az