Politoloq Aydın Quliyev Ermənistan parlament seçkilərinin nəticələrini şərh edərək bildirib ki, proseslə bağlı əvvəlcədən müxtəlif proqnozlar səsləndirilsə də, rəsmi nəticələr Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin üstünlüyünü təsdiqləyib.
Onun sözlərinə görə, seçki ərəfəsində həm yerli, həm də beynəlxalq informasiya məkanında fərqli rəqəmlər və proqnozlar yayılıb.

Lakin Ermənistan Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələr daha etibarlı və rəsmi mənbə kimi qəbul edilməlidir.
A.Quliyev qeyd edib ki, exit-poll nəticələri də ümumilikdə rəsmi göstəricilərlə üst-üstə düşür və bu, Paşinyanın seçkidə lider mövqeyini qoruduğunu göstərir.
Politoloqun fikrincə, seçkinin nəticələri Ermənistanda sülh platformasının müəyyən mənada güclənməsi kimi də dəyərləndirilə bilər. O bildirib ki, Paşinyanın seçkidən sonra Azərbaycan və Türkiyə ilə bağlı verdiyi mesajlar regionda sülh gündəminin davam etdirilməsi baxımından əhəmiyyət daşıyır.
A.Quliyev əlavə edib ki, Ermənistan daxilində müxalif qüvvələrin seçkidə zəif nəticə göstərməsi diqqət çəkir. Onun sözlərinə görə, keçmiş siyasi fiqurların və müharibə tərəfdarı kimi qiymətləndirilən blokların səs toplama faizi aşağı olub.
Politoloq hesab edir ki, bu nəticələr Ermənistan cəmiyyətində müharibə deyil, sülh və əməkdaşlıq yönümlü yanaşmanın daha çox dəstək qazandığını göstərir.