Ermənistanda keçirilən parlament seçkilərindən sonra regionun gələcək siyasi istiqaməti, eləcə də Moskva-İrəvan münasibətlərinin taleyi yenidən müzakirə mövzusuna çevrilib. Seçkilərdə Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin üstünlük qazanması Rusiyanın Cənubi Qafqazdakı təsir imkanları ilə bağlı sualları da gündəmə gətirib.
Bəs Moskva seçki nəticələrinə necə reaksiya verəcək? Rusiya Ermənistana qarşı əlindəki təsir rıçaqlarını işə sala bilərmi?
Mövzu ilə bağlı News365.az-a danışan politoloq Rəşad Bayramov məsələyə münasibət bildirib.

Onun sözlərinə görə, seçkilər ərəfəsində Rusiyanın Ermənistana təzyiq göstərdiyi barədə fikirlər səslənsə də, Moskva əlində olan əsas təsir rıçaqlarından istifadə etməyib:
“Bu günə qədər Rusiyanın Ermənistana qarşı ciddi iqtisadi təzyiq mexanizmlərini işə saldığını görmədik. Qazın qiymətinin artırılması ilə bağlı qərar olmadı, elektrik enerjisi sahəsində hər hansı məhdudiyyət tətbiq edilmədi. Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxarılması və ya buna bənzər addımlar da gündəmə gəlmədi. Biz əsasən bəyanatların şahidi olduq. Ayrı-ayrı məhsulların, o cümlədən Ermənistanda istehsal olunan bəzi məhsulların Rusiya bazarına çıxarılması ilə bağlı problemlər yaşandı. Lakin bunlar Ermənistan iqtisadiyyatına ciddi təsir göstərəcək addımlar deyildi”.
Politoloq hesab edir ki, Rusiyanın məqsədi daha çox Ermənistan cəmiyyətində müəyyən narahatlıq yaratmaq olub:
“Rusiya Ermənistan daxilində belə bir fikir formalaşdırmağa çalışırdı ki, əgər Paşinyan seçkilərdə qalib gəlsə, Moskva əlində olan təsir mexanizmlərini işə salacaq və Ermənistan ağır vəziyyətlə üzləşəcək. Verilən əsas mesaj bundan ibarət idi. Lakin nəticədə Rusiya Paşinyanın təkbaşına hökumət qurmasının qarşısını ala bilmədi”.
R.Bayramov bildirib ki, buna baxmayaraq, Ermənistanın gələcək siyasi kursu ilə bağlı qərarlarda Rusiyanın təsiri tam aradan qalxmış hesab edilə bilməz:
“Sabah Paşinyan Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirmək istəsə belə, bunun üçün parlamentdə geniş dəstəyə ehtiyac olacaq. Belə qərarlar sadə səs çoxluğu ilə deyil, daha geniş siyasi konsensusla qəbul olunur. Bu baxımdan Paşinyan müəyyən məsələlərdə müxalifətlə hesablaşmalı olacaq”.

Politoloq seçkilərdən əvvəl Paşinyanın Rusiya ilə münasibətlərə dair verdiyi mesajları da xatırladıb:
“Paşinyan seçkilərdən öncə və sonra açıq şəkildə bəyan etdi ki, Avrasiya İqtisadi İttifaqında fəaliyyət davam etdiriləcək. O, Vladimir Putinlə görüşəcəyini, münasibətlərin inkişaf etdirilməsi üçün çalışacağını da bildirdi. Bu bəyanatlar təsadüfi deyil. Ermənistan rəhbərliyi mövcud reallıqları nəzərə alır”.
Rəşad Bayramovun fikrincə, nə Ermənistanın Rusiyadan tam uzaqlaşması, nə də Rusiyanın Ermənistanla münasibətləri kəskin şəkildə pozması tərəflərin maraqlarına uyğun deyil:
“Ermənistanın alternativ iqtisadi və təhlükəsizlik mexanizmləri hələ tam formalaşmayıb. Digər tərəfdən, Rusiya da Cənubi Qafqazda mövqelərini qorumağa çalışır. Bu baxımdan Ermənistan Moskva üçün mühüm ölkə olaraq qalır. Rusiyanın Azərbaycanda təsir imkanları məhduddur, Gürcüstanla münasibətlər isə fərqli müstəvidədir. Ermənistan isə hələ də Rusiyanın bölgədəki əsas dayaqlarından biri hesab olunur”.
Politoloq seçkilərin nəticələri ilə bağlı müzakirələrin davam etdiyini də vurğulayıb. Onun sözlərinə görə, bəzi partiyaların topladığı səslər və seçki baryerini keçib-keçməməsi məsələsi yekun mandat bölgüsünə təsir göstərə bilər:
“Hazırda müxtəlif siyasi qüvvələr tərəfindən şikayətlər səsləndirilir. Ayrı-ayrı seçki məntəqələri ilə bağlı iddialar var. Bu baxımdan nəticələr ətrafında müzakirələrin davam etməsi gözləniləndir. Lakin indiki vəziyyətdə belə Paşinyanın parlamentdə konstitusion çoxluq əldə etməsi kifayət qədər çətin görünür”.
R.Bayramov hesab edir ki, seçki kampaniyası dövründə müşahidə olunan sərt bəyanatlara baxmayaraq, yaxın dövrdə Moskva ilə İrəvan arasında münasibətlər daha praqmatik məcraya keçəcək:
“Bu gün qarşılıqlı ittihamlar və sərt açıqlamalar səslənsə də, müəyyən müddətdən sonra bu ritorika arxa plana keçəcək. Həm Rusiya, həm də Ermənistan münasibətlərin tamamilə pozulmasında maraqlı deyil. Ona görə də tərəflərin əməkdaşlığı davam etdirmək üçün ortaq məxrəc axtaracağını düşünürəm”.