İnsanın ən böyük zənginliyi nədir?

İnsanın ən böyük zənginliyi  nədir?
09:33
Bəzən insanın həyatında qəribə bir an yaranır: hər şey yerindədir, amma heç nə əvvəlki kimi hiss olunmur. Evin var, ətrafında insanlar var, işin, qazancın, gündəlik məşğuliyyətlərin var. Günlərin boş keçmir, əksinə, o qədər hadisə ilə doludur ki, dayanmağa belə vaxt tapmırsan. Amma gecənin sakitliyində, bütün səslər susanda, telefon kənara qoyulanda və insan öz düşüncələri ilə tək qalanda içində izah edə bilmədiyi bir hiss peyda olur. Sanki həyatın görünən tərəfi doludur, görünməyən tərəfi isə boşdur. İnsan öz-özünə sual verir: “Mənim nəyim çatmır?” Və bəzən bu suala cavab tapmaq çətin olur. Çünki insanın ən böyük boşluğu həmişə ətrafında olmur, bəzən insanın bütün həyatı dolu olduğu halda, içində görünməyən bir boşluq yaşayır. İnsan xaricindəki boşluqları doldurmağı çox yaxşı bacarır. Boş bir otağa əşyalar qoyur, boş vaxtını işlə doldurur, səssizliyi musiqi ilə əvəz edir, tənhalığını insanlarla gizlədir, kədərini əyləncə ilə örtür, narahatlığını məşğuliyyətə çevirir. Yeni bir şey alır, yeni yerə gedir, yeni insanlarla tanış olur, yeni məqsədlər müəyyənləşdirir. Bir müddət özünü yaxşı hiss edir. Lakin bir gün bütün bunların yaratdığı səs-küy dayananda həmin köhnə hiss yenidən geri qayıdır. Çünki bəzi boşluqlar əşyalarla, pulla, uğurla və hətta insanlarla belə tamamlana bilmir. İnsan bəzən həyatını o qədər çox şeylə doldurur ki, daxilində nə qədər boşluq olduğunu görməyə imkan tapmır. Ən təhlükəli məqam da məhz budur. İnsan özündən qaçmağı həyat tərzinə çevirə bilər. Daim məşğul olmaq, daim danışmaq, daim harasa getmək, daim telefona baxmaq, daim yeni nəsə axtarmaq bəzən həyatın zənginliyi kimi görünür. Halbuki bütün bunların altında insanın öz düşüncələri ilə tək qalmaqdan qorxması dayana bilər. Çünki sükut insanın içində gizlətdiyi sualları üzə çıxarır. “Mən kiməm?”, “Nə üçün yaşayıram?”, “Həyatım həqiqətən mənim seçimlərimdən ibarətdir, yoxsa başqalarının məndən gözləntiləri ilə qurulub?”, “Əldə etdiklərim məni niyə tamamlamır?”, “Məni sevən insanlar olduğu halda niyə bəzən özümü tənha hiss edirəm?” Bu sualların hər biri insanın daxili dünyasına açılan qapıdır. Bəzən insan həmin qapını açmaqdan qorxur, çünki içəridə illərlə görmək istəmədiyi həqiqətlər ola bilər. Fəlsəfə əsrlərdir insanı məhz bu sualların qarşısında dayandırmağa çalışır. İnsan nə üçün yaşayır?, Xoşbəxtlik nədir?, Həqiqi zənginlik nədən ibarətdir?, İnsan özünü necə tanıya bilər? Bu sualların heç biri sadəcə nəzəri suallar deyil. Onlar insanın bütün həyatını dəyişə biləcək suallardır. Çünki “nəyə sahib olmalıyam?” sualı ilə “nə üçün yaşamalıyam?” sualı arasında böyük fərq var. Birinci sual insanı toplamağa, ikinci sual isə anlamağa aparır. İnsan yalnız toplamaqla məşğul olduqda həyatının sonu görünməyən bir yarışa çevrilə bilər. Daha çox pul, daha böyük ev, daha yaxşı avtomobil, daha yüksək status, daha çox tanınmaq, daha çox diqqət. İnsan bir arzusu həyata keçəndə digərinə keçir və beləliklə, “daha çox” sözü həyatının əsas prinsipinə çevrilir. Lakin “daha çox”un sonu yoxdur. İnsan bir pilləyə qalxır və qarşısında başqa pillə görür. Bir məqsədə çatır və onun yerinə yenisi gəlir. Beləliklə, insanın bütün həyatı gələcəkdə yaşamağa başlayır: “Bunu əldə etsəm, rahat olacağam. Bunu əldə etsəm, xoşbəxt olacağam.” Amma əldə etdiyi gün yenə başqa bir şey axtarır. Çünki bəzən insanın problemi çatışmayan şey deyil, çatışmayan şeyi öz xilası hesab etməsidir.
Müasir dünyanın ən böyük paradokslarından biri də budur ki, insan tarixdə heç bir dövrdə olmadığı qədər imkanlara sahibdir, amma buna baxmayaraq daxili rahatlıq məsələsi həll olunmuş deyil. İnsan saniyələr içində dünyanın o biri ucundakı insanla danışa bilir, istədiyi məlumatı tapır, istədiyi musiqini dinləyir, istədiyi məhsulu sifariş edir, bir neçə saat ərzində başqa ölkəyə gedə bilir. Məlumatın miqdarı artıb, seçimlər çoxalıb, əlaqə imkanları genişlənib. Lakin insanın öz daxilinə çatması hələ də ən çətin səfərlərdən biri olaraq qalır. Səs çoxalıb, sakitlik azalıb. Məlumat çoxalıb, hikmətə ehtiyac isə bitməyib. İnsan dünyanın hər yerindən xəbərdar olur, amma bəzən öz içində baş verənlərdən xəbərsiz yaşayır. Sosial şəbəkələr insanları bir-birinə bağlayır, amma virtual əlaqənin çoxalması həmişə həqiqi yaxınlığın çoxalması demək deyil. İnsan yüzlərlə insanın həyatını izləyə bilər, amma öz həyatının mənasını düşünməyə vaxt tapmaya bilər. Bu məsələni yalnız psixoloji baxımdan deyil, mənəvi baxımdan da düşünmək lazımdır. İslam dinində insan yalnız maddi ehtiyacları olan bir bədən kimi qəbul edilmir. İnsanın ruhu, vicdanı, mənəvi məsuliyyəti və Yaradanla münasibəti də onun varlığının mühüm hissəsidir. Qəlbin rahatlığı ilə Allahı xatırlamaq arasında qurulan əlaqə bunun ən mühüm nümunələrindən biridir. Bu fikir yalnız ibadət anlayışına aid deyil, daha dərin mənada insanın öz varlığının mənasını maddi dünyadan kənarda da axtarması deməkdir. İnsan maddi ehtiyaclarını təmin edə bilər, lakin mənəvi ehtiyaclarını görməzlikdən gələndə daxilində tamamlanmamışlıq hiss edə bilər. Tarix boyunca insanların dua, təfəkkür, ibadət, mənəvi intizam və zahidlik vasitəsilə öz daxili aləmlərini nizama salmağa çalışmaları da təsadüfi deyil. Mədəniyyətlər və fəlsəfi sistemlər fərqli olsa da, insanın öz daxilində sakitlik və məna axtarması çox qədim və ümumbəşəri bir ehtiyacdır. Böyük imperiyalar quran, böyük sərvətlər toplayan, hakimiyyətin zirvəsinə yüksələn insanlar belə öz daxili suallarından qaça bilməyiblər. Hakimiyyət insanı başqalarına hökm etməyə yaxınlaşdıra bilər, amma insanın öz qorxularına, ehtiraslarına və zəifliklərinə hökm etməsini avtomatik təmin etmir. Sərvət insana rahat yaşayış hissini ala bilər, lakin rahat vicdan satın almaq mümkün deyil. İnsanın özünü tanımasına. Sokratın özünü tanımaq çağırışı, stoiklərin insanın nəzarət edə bildiyi və bilmədiyi şeyləri ayırmaq düşüncəsi, müxtəlif Şərq fəlsəfələrinin arzuların insan üzərindəki hakimiyyətinə münasibəti, İslam fəlsəfəsi və təsəvvüfdə nəfs, ruh və qəlb üzərində aparılan düşüncələr bir-birindən çox fərqli olsa da, onların arasında ortaq bir sual görünür: insan öz daxilində necə bütöv ola bilər? Bəlkə də insanın ən böyük problemi də məhz bütövlük məsələsidir. İnsan bir tərəfdən cəmiyyətin ondan gözlədiyi şəxs olmağa çalışır, digər tərəfdən öz daxilində başqa biri olmaq istəyir. İnsan bəzən öz həqiqi arzularını başqalarının fikirlərinin altında basdırır. Cəmiyyətin “uğur” adlandırdığı şeyə çatır, amma daxilində “bu mənim istədiyim həyatdırmı?” sualı yaranır. Başqalarının alqışladığı bir həyatın içində insan öz səsini eşitməyə bilər. Bu zaman xarici uğurla daxili məmnunluq arasında böyük uçurum yaranır.
İnsanların ən çox səhv etdiyi məqamlardan biri də daxili boşluğu başqa bir insanla doldurmağa çalışmaqdır. Əlbəttə, sevgi, dostluq, ailə və insan münasibətləri insan həyatının ən böyük mənəvi sərvətlərindəndir. İnsan insana ehtiyac duyur. Lakin heç bir insan başqa bir insanın bütün daxili yaralarını daşımaq üçün yaradılmayıb. Qarşı tərəfi öz boşluğunun yeganə dərmanı hesab etmək münasibəti sevgi olmaqdan çıxarıb asılılığa çevirə bilər. İnsan “məni tamamla”, “məni xoşbəxt et”, “bütün ağrılarımı unutdur” gözləntisinə düşəndə qarşısındakı insanın üzərinə öz varlığının ağırlığını qoyur. Halbuki sağlam münasibətdə iki insan bir-birini xilas etmək üçün deyil, bir-birinin həyatına dəyər, sevgi və mənəvi dayaq gətirmək üçün bir araya gəlir. Ən ağır tənhalıq da bəzən tək qalmaq deyil, insanın öz yanında rahat ola bilməməsidir. Özünü yalnız başqalarının gözündə dəyərli hiss edən insan daim təsdiq axtarmağa məcbur olur. Kiminsə onu bəyənməsini, tərifləməsini, ona ehtiyac duymasını istəyir. Lakin insan öz dəyərini tamamilə başqalarının münasibətindən asılı vəziyyətə gətirəndə daxili sabitliyini də başqalarının əlində saxlamış olur. Bu gün onu tərifləyən insan sabah tənqid edə bilər. Bu gün yanında olan insan sabah uzaqlaşa bilər. İnsan öz daxili dayaqlarını qurmayıbsa, başqalarının dəyişməsi onun bütün dünyasını sarsıda bilər. Buna görə insan öz içindəki boşluqla qarşılaşanda onu dərhal başqa bir şeylə örtmək əvəzinə dinləməyi öyrənməlidir. Bəlkə həmin boşluq daha çox əşya istəmir, məna istəyir. Bəlkə daha çox insan istəmir, həqiqi yaxınlıq istəyir. Bəlkə daha çox pul istəmir, əməyinin və həyatının məqsədini tapmaq istəyir. Bəlkə daha çox əyləncə istəmir, illərdir qaçdığı ağrı ilə üzləşmək istəyir. Bəlkə də insanın daxilindəki boşluq bir çatışmazlıqdan çox, dəyişiklik çağırışıdır. Çünki boşluq həmişə düşmən deyil. Bəzən boşluq insanın həyatında bir xəbərdarlıqdır. O, insana dayanmağı, düşünməyi və özünə baxmağı öyrədir. İnsan uzun müddət qaça bilər, amma bir gün dayanmalıdır. Dayandığı zaman qarşısında iki yol açılır: ya yenidən səs-küyə qaçacaq, ya da ilk dəfə öz içindəki səssizliyi dinləyəcək. İkinci yol daha çətin ola bilər, çünki insan orada öz səhvləri ilə, qorxuları ilə, itkiləri ilə, peşmanlıqları ilə və illərdir gizlətdiyi həqiqətlərlə qarşılaşa bilər. Lakin insan öz daxilindəki qaranlığa baxmadan orada işıq yandıra bilməz.
İnsanın özünü tapması da həmişə böyük hadisələrlə baş vermir. Bəzən bu sakit bir səhərdə uzun müddət özünlə danışmaqdır. Bəzən telefonu kənara qoymaqdır. Bəzən illərdir qəbul etmək istəmədiyin bir həqiqəti qəbul etməkdir. Bəzən səhv etdiyini etiraf etməkdir. Bəzən üzr istəmək, bağışlamaq, tövbə etmək, dua etmək və vicdanının səsini dinləməkdir. Bəzən də başqalarının sənin üçün yazdığı həyat ssenarisindən çıxıb öz həqiqətinə doğru addımlamaqdır. İnsan özünü tapanda həyatındakı bütün problemlər yox olmur. Sadəcə həmin problemlərə baxış dəyişir. İnsan hər şeyin onun nəzarətində olmadığını, amma öz münasibətinin, seçiminin və mənəvi istiqamətinin müəyyən hissəsinin onun əlində olduğunu anlayır. Bəlkə də həyatın ən böyük zənginliyi çox şeyə sahib olmaq deyil, sahib olduqlarının içində özünü itirməməkdir. Böyük evin ola bilər, amma içində rahatlıq olmaya bilər. Bahalı avtomobilin ola bilər, amma hara getdiyini bilməyə bilərsən. Ətrafında çoxlu insanlar ola bilər, amma heç birinin yanında özün ola bilməyə bilərsən. Səni sevən insanlar ola bilər, amma sən özünü sevməyi və anlamağı bacarmaya bilərsən. İnsan xarici dünyasını mükəmməlləşdirməklə məşğul olduğu halda daxili dünyasının dağılmasına icazə verə bilər. Ona görə insan bəzən özünə çox sadə, amma çox ağır bir sual verməlidir: “Əgər əlimdəki bütün şeylər bir gün məndən alınsa, mən yenə də kim olduğumu biləcəyəmmi?” Əgər cavab “bəli”dirsə, insanın daxilində möhkəm bir təməl var. Əgər cavab “bilmirəm”dirsə, bəlkə də insanın yenidən özünü qurmağa ehtiyacı var. Çünki həyatın sonunda insanın əlində qalan yalnız topladığı əşyaların sayı, qazandığı pulların miqdarı və başqalarının ona verdiyi adlar olmayacaq. İnsan öz vicdanı, münasibətləri, etdiyi yaxşılıqlar, verdiyi qərarlar, sevdiyi insanlar və bütün bunların içində qoruduğu mənəvi kimliyi ilə üz-üzə qalacaq.
İnsan öz həyatını doldurmaq üçün bütün dünyanı əldə etməyə çalışa bilər. Amma bəzən bir ömür boyu axtardığı doluluq dünyanın heç bir yerində deyil, öz daxilində qurmalı olduğu mənəvi bütövlükdə gizlənir. Ətrafdakı boşluqları doldurmaq asandır. Evi əşyalarla, vaxtı məşğuliyyətlərlə, günü səs-küylə doldurmaq mümkündür. Çətin olan insanın öz içində nə baş verdiyini anlamaqdır. Çünki insanın xarici dünyasını dəyişmək bəzən bir gün, bir ay, hətta bir il çəkə bilər. Amma insanın özünə gedən yolu bəzən bir ömür davam edir. İnsanın həyatında ən böyük səfər dünyanın bir ucundan digər ucuna getmək deyil. Ən böyük səfər insanın öz içində itirdiyi mənaya, vicdana, imana, sevgiyə və həqiqi kimliyinə doğru qayıtmasıdır. Çünki insan nə qədər uzağa getsə də, özündən qaça bilməz. Amma bir gün özünə qayıda bilər. Və həmin gün anlayar ki, illərdir axtardığı şey bəlkə də həyatına yeni bir şey əlavə etmək deyilmiş. Əsl məsələ içində çoxdan susmuş bir səsi yenidən eşitmək, özünü anlamaq və öz varlığı ilə barışmaq imiş. İnsanın ən böyük zənginliyi ətrafının dolu olması deyil, içində yaşamağa dəyər bir dünyanın olmasıdır.
Həsən Nağıyev, filosof

Sizin reklam burada
Sizin reklam burada