İslama "ərəbin dini", Kəbəyə "ərəbin daşı", hicaba "ərəbin geyimi" deyən adamlar ya cahil ya da təxribatçıdır. Əvvəla savadsızlar, öz dinindən xəbərsizlər bilmir ki, hicab ərəbin deyil. İslamdan əvvəl xristianlıqda olub. Ondan əvvəl iudaizmdə olub, ondan əvvəl qədim Mesopatomiya, Assuriya mədəniyyətində və eradan əvvəlki yunanlarda olub...
Ümumbəşəri beynəlmiləl dəyərlər var ki, o dəyərlərin milləti, irqi yoxdur. "İslam ərəbin dinidir, ondan uzaqlaşmalıyıq" demək "Aristotel yunanlarındır, onun fəlsəfəsini oxumamalıyıq, istifadə etməməliyik" demək kimi cahilanə, mağara təfəkkürü və qəbilə ənənəsindən doğan miskin düşüncədir.
İnkar da gərək dəlillə, sübutla ola. Adamlar kəlimeyi şəhadətini, evinin qibləsini bilmir, İslamla uğraşır. "İslam türk millətini geri saldı, ziyan vurdu" fitnəsini ortaya atanlar heç şübhəsiz xarici ideologiyalara alət olanlardır. İslam türkü parçalamadı, əksinə vahid inanc, dəyər ətrafında birləşdirdi. İslamdan əvvəl türklər şamanizm, atəşpərəstlik, tengriçilik, xristianlıq, yəhudilik, hətta bütpərəstlik kimi fərqli inanclara etiqad edirdilər. İnancların fərqli olması da heç şübhəsiz ki, getdikcə fərqli ənənələrin və o inanclar ətrafında formalaşan bir-birinə əks doqmatik ehkamların yaranmasına səbəb olacaqdı ki, nəticədə vahid milli elementlər əriyəcəkdi. Əgər həmin dinlərdən əsər qalsa belə bu gün Rusiyada yaşayan yakutlarda hansı dərəcədə qalıbsa o cür qalacaqdı. Lakin İslam vahid inanc ətrafında türk millətinin vəhdətini müəyyən mənada qorudu. Əsas inanc olan tanrıçılığa daha yaxın olduğu üçün farslardan fərqli olaraq türklər tərəfindən bu din daha asan həzm olundu. Hətta Səfəvilər fars ruhanilərinə uyub İran və Azərbaycanın məzhəbini qılıncla dəyişdirməsəydilər türk millətinin məzhəbi də eyni olacaqdı. Lakin hər nə qədər ayırsalar da bu gün həm milli hisslər həm də məzhəb fərqinə baxmayaraq ortaq müqəddəs Kitab, ortaq Peyğəmbər, ortaq dini dəyərlər bu türkləri də Orta Asiya türklərinə yaxınlaşdırır. Fəqət gərək köhnə yaralar qaşınmasın. Tarixdən ixtilaf salmaq üçün deyil, ibrət almaq üçün örnəklər götürmək gərək. Türk tarixindəki bəzi şahların, sultanların yol verdiyi siyasi, ideoloji, dini səhvləri bu gün kor-koranə təqlidçilik naminə təkrar etməmək lazımdır. Səlcuqlular, Ağqoyunlular, Qaraqoyunlular, Şirvanşahlardan fərqli olaraq Səfəvilər dövləti tam teokratik ideoloji sistemə dayanırdı və hicab məcburi idi. Hətta hicabını açan qadınlara qarşı sərt cəzalar vardı. Bu sərt cəzalardan qorxan digər dinin və məzhəbin nümayəndələri belə məcbur olaraq hökmə riayət edirdilər. Bir qədər əvvəl irsimiz olaraq bu dövlətin bütün elementlərini, məzhəbçi ideoloji xəttini istisnasız olaraq yaşatmalı olduğumuzu zorla, söyüşlə, ağır təhdidlərlə cəmiyyətə yeritmək istəyən xurafatçı dindarlar, mövhumatçı "alimlər", fitnəkar siyasilər sosial şəbəkələrdə, efirlərdə tüğyan edirdi. İndi hicabla bağlı davam edən mübahisələrdə həmin şəbəkə yəqin ki, Səfəvilərin hicab irsini müasir dünyəvi Azərbaycanda hansı üsulda tətbiq etmək gərəkdiyini özləri izah edər. Tarixi şəxsiyyətlərin orbazı arxasında fars propaqandası qurub batini, şüubiyyə ideoloji xəttini "kərimə dövlətinin" alt yapısı kimi cəmiyyətin təhtəlşüuruna aşılayanlar hələ ifşa olmasa da, yəqin ki, yaxın vaxtlarda ifşa ediləcəklər.
Gələk hicab məsələsinə... Hicab və örtünmə ənənəsinin tarixi İslamdan çox-çox əvvələ, qədim Mesopotamiya və Yaxın Şərq sivilizasiyalarına təxminən bizim eradan əvvəl 3000-2000-ci illərə təvafüq edir. Bir çox insanlar örtünmənin yalnız İslam dini ilə başladığını düşünsə də, əslində bu adət qədim cəmiyyətlərdə sosial statusun və zadəganlığın göstəricisi olub. Tarixdə örtünmə ilə bağlı ilk rəsmi yazılı qanunlar Assuriya qanunlarında tapılıb. Bu qanunlara əsasən, zadəgan və kübar təbəqədən olan evli qadınların küçəyə çıxarkən başlarını örtməsi məcburi idi. Kənizlərin və yüngül həyat sürənlərin isə başını örtməsi qəti qadağan idi, bunu edənlər ağır cəzalandırılırdı. Örtük dindən ziyadə, sosial statusu və "hörmətli qadın" olmağı simvolizə edirdi. Həmçinin antik Yunanıstanda yüksək təbəqədən olan qadınlar evdən kənara çıxanda başlarını və bəzən üzlərinin bir hissəsini örtərdilər. Bu, qadının yad kişilərin baxışlarından qorunması və onun evli, başqasına məxsus olduğunu göstərmək üçün bir vasitə idi.
Qeyd etdiymiz kimi İslamdan əvvəl yaranmış Yəhudilik və Xristianlıqda da baş örtüyü dindarlığın və təvazökarlığın əsas şərtlərindən biri olub. Müqəddəs Kitablarda qadınların dua edərkən başlarını örtməli olduqları qeyd edilir. Bu gün də ortodoks yəhudi qadınları və xristian rahibələri bu ənənəni davam etdirirlər.
İslam dini gəldikdən sonra hicab regional bir mədəniyyət və ya sadəcə sosial status simvolu olmaqdan çıxaraq, şəriət qanunu və dini bir vəzifə halına gəldi. Hicab ayələri (Nur surəsi, 31-ci ayə və Əhzab surəsi, 59-cu ayə) Həzrət Muhəmməd Peyğəmbərin Mədinə dövründə (miladi 620-ci illərin sonlarında) nazil oldu. İslam hicabı sosial status fərqini ortadan qaldıraraq, azad və ya qul olmasından asılı olmayaraq bütün müsəlman qadınlara şamil etdi.
İslam dünyasında hicabın qəti şəkildə fərz, mütləq vacib olmadığını, onun daha çox tarixi, mədəni və ya dövrə görə dəyişən bir geyim forması olduğunu müdafiə edən bir çox tanınmış müsəlman alim, mütəfəkkir və ilahiyyatçı mövcuddur. Bu alimlər əsasən Quran ayələrindəki çadra, örtük sözlərinin klassik təfsirini tənqid edir və dində məcburiyyətin olmadığını əsas gətirirlər. Məsələn, beynəlxalq səviyyədə tanınmış İslam alimləri və mütəfəkkirlərindən misirli Camal əl-Bənna İslamda başı örtməyin qəti bir dini hökm, fərz olmadığını, bunun sadəcə İslamdan əvvəlki ərəb cəmiyyətindən gələn bir adət-ənənə olduğunu açıq şəkildə müdafiə edirdi.
Suriyalı alim Məhəmməd Şəhrur müasir İslam düşüncəsinin ən mühüm nümayəndələrindən olan mühəndis və Quran tədqiqatçısıdır. Şəhrur "hədlər nəzəriyyəsi"ni irəli sürərək, Qurandakı geyim ayələrinin (məsələn, Nur surəsi 31) qadınlar üçün minimal və maksimal örtünmə hədlərini müəyyən etdiyini, lakin saçların örtülməsinin bu mütləq hədlərə daxil olmadığını və dövrün mədəniyyətinə buraxıldığını müdafiə edirdi.
Türkiyəli tanınmış ilahiyyat professoru və təfsirçi Mustafa Öztürk Quran ayələrinin nazil olduğu dövrün şərtlərinə, tarixi əlliyə diqqət çəkərək, baş örtüyünün o dövrün Ərəbistanındakı azad qadınlarla cariyələri fərqləndirmək üçün bir sosial simvol olduğunu, bu gün isə belə bir fərz mütləqliyinin daşımadığını qeyd edirdi.
Yaşar Nuri Öztürk Türkiyənin ən məşhur ilahiyyat professorlarından biri idi. O, Quran ayələrində qadının döş qəfəsinin və ayıb yerlərinin örtülməsinin əmr edildiyini, lakin xüsusi olaraq "saçın mütləq gizlədilməsi" barədə qəti və aydın bir ayə olmadığını yazırdı və bu mövqeyini müdafiə edirdi.
İhsan Eliaçık Türkiyədə "Antikapitalist müsəlmanlar" hərəkatının lideri və müəllifidir. İslamda əsas qayənin təqva (əxlaq və daxili təmizlik) və iffət olduğunu, baş örtüyünün isə bir iman və ya fərz məsələsi deyil, fərdi seçim olduğunu bildirir.
Alimlər Əhzab surəsindəki örtünmə əmrinin o dövrün Mədinə cəmiyyətində azad müsəlman qadınları kənizlərdən fərqləndirmək və onları yoldan keçənlərin sataşmalarından qorumaq məqsədi güddüyünü qeyd edirlər. Eyni zamanda bütün bu mütəfəkkirlər Bəqərə surəsinin 256-cı ayəsindəki "Dində məcburiyyət yoxdur" prinsipini rəhbər tutaraq, geyimin insanın fərdi vicdan azadlığına aid olduğunu vurğulayırlar.
Ümumiyyətlə, hicabın forması və dini mənası İslam dini ilə formalaşsa da, qadınların başını örtməsi ənənəsi 4000 ildən çox tarixi olan qədim bir mədəniyyətin tərkib hissəsidir.
Tanrıçılıqda isə qadının başını və ya bədənini dini bir məcburiyyət olaraq örtməsi şərti yox idi. Qədim türk inancı olan Tanrıçılıqda geyim qaydaları dini qadağalar və ya günah anlayışı üzərində deyil, tamamilə coğrafi şərait, köçəri həyat tərzi və funksionallıq əsasında formalaşmışdı. Köçəri türklərdə qadınlar kişilərlə bərabər at çapır, ox atır, sürü otarır və lazım gəldikdə döyüşürdülər. Bu aktiv həyat tərzi bədəni tamamilə məhdudlaşdıran, hərəkətə mane olan ağır və qapalı örtüklərin, məsələn, çadra, niqab və s. istifadəsini qeyri-mümkün edirdi. Qədim türk mədəniyyətində qadınlar başlarına börk, papaq və ya müxtəlif yaylıqlar taxırdılar. Lakin bu geyimlər saçın görünməsini "günah" saydıqları üçün deyil, soyuqdan yaxud istidən qorunmaq, həmçinin qadının sosial statusunu (subay, evli və ya dul olmasını), mənsub olduğu tayfanı göstərmək məqsədi daşıyırdı. Tanrıçılıq dünyagörüşündə qadın və kişi yaradılış etibarilə bərabər qəbul edilirdi. Kağanların yanında xatunlar da dövlət idarəçiliyində iştirak edir, rəsmi qəbullarda üzüaçıq şəkildə kişilərlə birgə əyləşirdilər. Qadın bədəni gizlədilməsi və ya gizli saxlanılması gərəkən bir "günah obyekti" olaraq görülmürdü. Qədim türklər geyimlərində təbiət rənglərinə, heyvan dərilərinə və rahat qumaşlara üstünlük verirdilər. İnam sistemində əsas diqqət zahiri örtünməyə deyil, insanın daxili təmizliyinə, vicdanına və təbiətlə, Göy Tanrı və Ana Təbiət prinsipləri ilə harmoniyada yaşamasına yönəlirdi. İslam və digər bəzi Yaxın Şərq dinlərində mövcud olan şəriət tipli ciddi və məcburi örtünmə sərt hicab qaydaları Tanrıçılıq inanc sisteminə tamamilə yaddır.
Bütün bunlarla yanaşı dinimiz olan İslamın əsl mahiyyətinə uyğun olaraq qadınların duruma, vəziyyətə və situasiyalara görə müvafiq sadə örtükdən istifadə etməsi tövsiyə olunur. Müasir din alimləri də bu fikirdədir. Milli ənənəmizdəki kalağayı demək olar ki, İslamın buyurduğu örpək yaxud örtük tələblərinə tamamilə cavab verir.
Tural İrfan, dinşünas