Aytən Qurbanova Prezidentin mesajını açıqladı: “Müdaxilə yolverilməzdir”

Aytən Qurbanova Prezidentin mesajını açıqladı: “Müdaxilə yolverilməzdir”
17:20

Politoloq Aytən Qurbanova Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında səsləndirdiyi fikirləri News365.az-a şərh edib.


Politoloqun sözlərinə görə, dövlətlərin siyasi mərkəzləri Azərbaycanla birbaşa əlaqələrin qurulmasının vacibliyini anlayırlar. O hesab edir ki, Prezidentin mesajlarının əsas ünvanı regionla bağlı maraqları olan siyasi mərkəzlərdir.

Aytən Qurbanova bildirib ki, bəzi siyasi mərkəzlər Azərbaycanı özünə təsir imkanları çərçivəsində saxlamağa və ölkənin xarici siyasətində müəyyən təzyiq mühiti formalaşdırmağa çalışa bilər:

“Düşünürəm ki, cənab Prezidentin seçdiyi siyasi mərkəzlərə verdiyi mesaj ondan ibarətdir ki, heç bir halda nə bizim maraqlarımıza, nə də xarici siyasətimizə müdaxilə oluna bilməz. Azərbaycanın maraqlarına zidd hər hansı bir addımın atılması mümkün deyil”.

Politoloq qeyd edib ki, Azərbaycan müstəqil xarici siyasət yürüdən dövlətdir və bu xəttin qorunması ölkənin əsas prinsiplərindən biridir.

“Azərbaycan müstəqil xarici siyasətinə hörmət olunmasını istəyən bir dövlətdir. Bunu qoruyub saxlamaq qarşıya qoyduğumuz ən əsas prinsipial xətlərdən biridir. Düşünürəm ki, bu mesajı qəbul edə biləcək çoxsaylı regional və qlobal aktorlar var”, – deyə Aytən Qurbanova vurğulayıb.

Onun fikrincə, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan yalnız hərbi deyil, siyasi iradə və resurs baxımından da öz imkanlarını nümayiş etdirib.

“44 günlük müharibədən sonra biz bütün dünyaya göstərdik ki, sadəcə qarşımızda dayanan işğalçı dövlətlə deyil, qarşıya çıxan ciddi çağırışlarla mübarizə aparmaq üçün kifayət qədər resurslara sahibik. Eyni zamanda, bunun üçün siyasi iradəmizin də olduğunu göstərdik”, – politoloq əlavə edib.

Aytən Qurbanova hesab edir ki, Azərbaycanın öz milli maraqlarını və müstəqil xarici siyasət kursunu qorumaq istiqamətində mövqeyi dəyişməz olaraq qalır.


Sizin reklam burada
Sizin reklam burada