Varlıyla kasıb arasındakı fərq - Tural İrfan yazır

Varlıyla kasıb arasındakı fərq - Tural İrfan yazır
09:57

Məmurların maaşı dayanmadan artırılır. Ola bilsin yalnız onların gəlirləri nəzərdə tutularaq internet, qaz, işıq, su kimi komunalların da qiyməti qaldırılır. Yəni, işığın, suyun, qazın, ərzaqın, dərmanın qiyməti artırılanda yalnız varlıların, məmurların gəlirlərinə nisbətdə bu qərar qəbul edilir. Kasıblar isə dayanmadan içdən çıxarılır, işsizlərə ümumiyyətlə iş verilmir, artırılan qiymətlərlə də tamamilə həyatdan məhrum edilir.

Məşğulluq xidməti demək olar ki, formal və statistika üçün fəaliyyət göstərir. Peşə kursları təşkil olunmur, özünəməşğulluq proqramı düzgün və dinamik işləmir. Onları da qınamaq olmur. Çünki iş yeri yoxdursa başqa çarəsi nədir? Məcburdur vətəndaşı aldatsın, illərlə süründürüb gözlətsin...

Feodalizmin əlamətləri açıq hiss olunur. Varlılar, mülkədarlar sinfi dəyər dəyməzinə əlacı kəsilmiş kasından pay torpağını alır, sonra da onun özünü həmin torpaqdakı istixanalarda, zəmilərdə qəpik-quruşa işlədir. Oğlunu oxudan, qızını ərə vermək istəyən kasıb da sələmçi banklardan yüksək faizlə kredit götürür. Gecə-gündüz zülüm çəkir ki, o pulu ödəyə bilsin. Nəticədə stresdən, fikirdən ağır xəstəliklərə tutulur və kredit bitər-bitməz onun ömrü də bitir.

İstismarçı feodal sinif isə gündən günə varlanır, torpaq mülkləri, binalar əldə edir, ən yeni avtomobillər alır, özünü toxunulmaz hesab edir.

İşsizlik, kasıblıq, bədbəxtlik artmaqdadır. Bədbəxtliyin də statistikası aparılmalıdır. Bir problem digər problemlər törədir, yaradır. İşsizlikdən ailələlər dağılır, pis vərdişlərə, yüngül həyat tərzinə meyl sürətlə artır. Bu göstəricilər cəmiyyətin əxlaqına da çox mənfi təsir edir. İnsanlar halal və qanuni yolla qazanc, dolanışıq yolu tapa bilmədikləri üçün qansunsuz, haram yollara əl ətmağa məcbur olurlar. Bu da nəticədə növbəti problemləri meydana gətirir, cinayətlər baş verir. Vətəndaşlar bədbəxt olur. Hər kəsin üzünün qırışlarında bir niskil, kədər, qəm, qüssə, ümidsizlik var. Üzü gülənlərin də içinin qan ağladığını anlamaq üçün beşcə dəqiqə ünsiyyət kifayətdir.

Varlı - kasıb arasındakı fərq Marsla Yer arsındakı məsafə qədərdir. Bu, mədəni, mənəvi, sosial həyata da təsir edir. Daha ictimai nəqliyyatda kitab oxuyan, qalstuklu adam görmək mümkün deyil. Bu, siniflər arası məsafənin dərəcəsini göstərir. Daxilən vəhşiləşmə gedir. Varlanan, istismar edən korafəhim təbəqə bütün ləzzətləri yaşayıb artıq harınlaşma mərhələsindədir. Əzilən, gündən günə kasıblaşan, istismar olunan təbəqə də suda boğulanın balasını ayağının altına alması həddindədir. Bu, elmin, sosiologiyanın, psixologiyanın gəldiyi qənaətdir. Nəticədə də hər iki sinif arasında yüksək həddə cəbhələşmə, qütbləşmə məsafəsi böyüyür. Varlılar, məmurlar, mülkədarlar varlandıqca kasıblar daha da kasıblaşır. Aradakı sosial, mənəvi tellər tamamilə kəsilir. İnternetin minimum aylıq qiyməti 25 manat oldu. Ərzaq məhsulları durmadan artır. Dayanmadan bu kimi xərclərin artırılması siniflər arası uçurumu daha da dərinləşdirir.

Əhalinin sosial vəziyyətinin həddən artıq ağırlaşması digər sahələrdə də mənfi nəticələrə gətirib çıxara bilər. Xüsusən son bir neçə ildə vəziyyət həddən artıq ağırlaşıb. Dolanışıq, yaşam demək olar ki, mümkün deyil. İstedada, savada, təhsilə baxan yoxdur. Yalnız tapşırıq, qohumluq və pul rol oynayır. Əksinə feodal məmurlar sinfi savadlı, bacarıqlı, təmiz adamları uzaqlaşdırırlar. Çünki onların fırıldaqlarını, rüşvət metodologiyasını kiminsə görüb bilməsindən ehtiyat edirlər. Beləcə savadlı, istedadlı, qabiliyyətli gəncləri ya didərgin salır, ya da digər üsullarla məhvçiliyə məhkum edirlər.

Mizan, tərəzi çox əyilib. Əksər sahələrdə boşluqlar özünü çılpaq formada göstərir. Sanki yerli məmurlara nəzarət yoxdur. Toxunulmazlıq, özünə arxayınlıq əhval-ruhiyyəsində açıq-aşkar feodal ənənələrinə uyğun davranış sərgiləyirlər. Kasıb, işsiz sinfin bu cür məhrumetmələrə məruz qalması bütün mənəvi, mədəni, əxlaqi dəyərlərin də çöküşü deməkdir. Bu çöküş sosial şəbəkələrdə baş verən iyrəncliklərdə tamamilə özünü sübut edir. Çox böyük, əsaslı, real islahatlara ehtiyac var.

Tural İrfan, MCP sədrinin müavini


Sizin reklam burada
Sizin reklam burada