Müharibə meydanında əbədiyyət şəhidliklə bərabər dayanır

İnsan oğlunun Vətənə, torpağa sevgisinin mərtəbəsi də o ucalıqdadır.
...Doğma yurd uzaqda – lap uzaqda qaldı. İndi yüz haraylasın – hələ ki, nə əli çatasıdır, nə də ünü yetəsi. 1988-ci ildə onları yerlərindən, yurdlarından zülmlə ayırdılar. Soydaşlarımız doğma Yengicə kəndini tərk etməyə məcbur oldular. Qaçqınçılığın göz yaşları ilə islanmış, ah-nalələri ilə qaramat basmış yolları son ümid yerinə – Azərbaycana üz tutmuşdu.
Vüqar kişinin o vaxt 18 yaşı vardı. Yengicədən ayrılanda yalnız o yerlərə bağlı xatirələrini özü ilə gətirməyə gücü yetdi. O xatirələrdə Vedi dağlarının boyunca uzanan Ağrıdağ düzü vardı. O düzdə azərbaycanlılar bir-birinə söykək idilər. Kürək-kürəyə dayanıb yalnız özlərinə arxalanan həmin azərbaycanlı obalarından biri də Yengicə adlanırdı.
İllər ötdü, o yurddan ayrı düşənlər doğma ocağın hənirini ürəklərində gəzdirdilər, soyumağa qoymadılar. Nə dağların mehi sinələrindən çəkildi, nə də yay otlaqlarının qoxusu burunlarından. Yaddaşlarında “İsmayıl yurdu”, “Dib yurdu”nun gözəlliyini qorudular. Orta təhsil aldıqları doğma məktəbi, sinif yoldaşlarını, müəllimlərini yada salıb xatırlamadıqları gün olmadı.
Çoxları kimi o da ailə həyatı qurdu, çətinliklə olsa da, gün-güzəranını düzəltdi, oğul-qız (bir oğlan, bir qız) sahibi oldu. Övladlarına söylədiyi ən şirin nağılların içindən çox zaman Vedi dağlarının ucalığı, uzandıqca-uzanan Ağrıdağ düzünün genişliyi boylandı. Oğlu Eltun da, qızı Aytac da uzaqlarda qalan baba yurdunun acılı-şirinli xatirələri, söhbətləri ilə böyüdülər.

Vüqar kişi indi də xatırlayır ki, Eltun onun ata ocağı haqqında danışdıqlarına hər zaman böyük maraqla qulaq asardı:
Vedinin yanı dağlar,
Ürəyi, canı dağlar.
Burda bir el var idi,
Siz deyin hanı, dağlar?
İllər ötdükcə Eltunun qəlbində istər Qərbi Azərbaycanda, istərsə də Azərbaycanımızın Qarabağ bölgəsində torpaqlarımızı işğal edən, insanlarımızı əzəli yurd yerlərindən didərgin salan düşmənə nifrəti də artırdı. Qəlbinə düşən işıq onu inandırırdı ki, doğma torpaqlarımız mütləq azadlığına qovuşacaq. İçindəki əminlik Eltuna deyirdi ki, o müqəddəs savaşda Vətən oğullarının sırasında mütləq sən də olacaqsan.
Eltun uşaqlıqdan çox həssas idi. Heç kimin qəlbinə dəyməzdi. Dostlarına, ailəsinə, qohumlarına həmişə diqqət göstərərdi və bu səbəbdən hamı onu çox istəyirdi.
İdmana böyük həvəsi vardı. İradəli, dözümlü idi. Orta məktəb illərində kikboksla məşğul olurdu. Xarakterindəki yüksək iradi keyfiyyətlər, idmançıya xas xüsusiyyətlər Eltuna yarışlarda qələbələr qazandırırdı. Bakıda keçirilən Azərbaycan çempionatında ikinci, Sumqayıtdakı birincilikdə isə çempion olmuşdu. Onu tanıyanlar bilirdilər ki, fiziki gücü, idman bacarığı sayəsində yüksək mükafatlar qazanan Eltunun sinəsində incə, xeyirxah bir ürək döyünür.
Eltun Vüqar oğlu Qasımov 1994-cü il oktyabrın 18-də Bakı şəhərində anadan olub.
İlk dəfə 2001-ci ildə orta məktəb qapısından sinif otağına daxil olub. O, 6-cı sinfə kimi Bakı şəhəri Binəqədi rayonundakı Azər Məmmədov adına 115 saylı məktəbdə oxuyub.
2007-ci ildən Nizami rayonu Bəhruz Nuriyev adına 250 saylı orta məktəbdə təhsilini davam etdirib. “Son zəng”in cingiltili, bir qədər kövrək, həm də sabaha səsləyən çağırış nidası onu arzularının arxasınca qanadlandırıb.
Müstəqil həyatda ilk sınaqdan uğurla çıxıb. 2012–2016-cı illərdə Azərbaycan Texniki Universitetində ali təhsil alıb.
2016-cı il iyulun 11-dən 2017-ci il iyulun 4-dək Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə vətənə hərbi xidmət borcunu layiqincə yerinə yetirib.

Aygün ana övladının uşaqlıq illərindən söz açanda Eltunun istiqanlı, mehriban, gülərüz olmasını xüsusi qeyd edir. Deyir ki, o, evin ərköyünü, hamının istəklisi idi. Kimsə onun xətrinə dəyməzdi. Eltun bacısına güvən yeri idi. Aytac yeganə qardaşını ailənin sevinci sayırdı. “O, ailədə hər kəsin könlünü alar, hamıya xoş əhval bəxş edər, gözəl ovqat yaratmağa çalışardı”, – deyir.
Orta məktəbdə Eltuna dərs deyən Gülgəz müəllim onun mehriban, gülərüz və qayğıkeş şagird olmasından ürəkdolusu söz açır.
“Sinif yoldaşları ilə çox səmimi münasibəti vardı. İstedadlı şagird idi. Ən çox coğrafiya fənnini sevirdi. Xəritəni çox gözəl bilirdi. Onu dinləyəndə mənə elə gəlirdi ki, Eltun Azərbaycanı qarış-qarış gəzib. Bunun bir səbəbi vardı – Vətənimizin hər qarışı ona çox doğma, çox əziz idi”, – deyir.
Müəllimləri qəhrəmanımızın xarakterindəki bir “qəribəliyi” də söylədilər. Dedilər ki, Eltun orta məktəb illərində düşmən tərəfindən qəsb olunan torpaqlarımızın işğal tarixini heç vaxt əzbərləmirdi. Tanımayan bəlkə də başqa cür düşünərdi. Təəccüblü olan o idi ki, Eltun yaxşı oxuyan şagird idi, tarixi faktları əzbərləmək onun üçün çətin deyildi. Onun həmin tarixləri əzbərləməməsinin yalnız bir səbəbi vardı – o, ərazilərimizin işğal olunması ilə barışmırdı.
“Onsuz da nəyin bahasına olursa-olsun torpaqlarımızı işğaldan azad edəcəyik”, – deyirdi.
Həyat göstərdi ki, hələ o illərdən Eltunun fikrində-zikrində işğal altındakı yurd yerlərimizi azad etmək üçün başlayacaq müqəddəs savaşda iştirak etmək arzusu ilə yaşayırmış.
Tələbəlik illərində də Eltun təşəbbüskarlığı, fəallığı ilə seçilib. Universitetdə keçirilən tədbirlərdə onun təkliflərini yoldaşları maraqla qarşılayardılar. Şux duruşu, mədəni davranışı, məntiqli danışığı vardı. Sözündə bütöv idi. Harada olsa, varlığı hiss edilirdi.
Ramin Əlixanlı ilə onu musiqiyə olan baxışları dostlaşdırıb. Hər ikisinin fərqli musiqilər dinləməsi onları musiqi zövqlərinin və düşüncələrinin yaxın olduğuna inandırıb. Bir dəfə qərara gəliblər ki, öz qruplarını yaratsınlar. Nəhayət, dostlar “Corndcrank” adlı qrup yaratmağa nail olurlar. Bundan sonra Eltungil daha çox çalışır, yaradıcılıq axtarışlarını əzmlə davam etdirirlər. Bu çalışmalar dostlara yeni ruh verir. Hazırladıqları musiqilər ölkəmizin hüdudlarını aşır, Amerika və Avropada böyük izlənmə qazanır. Vaxt ötdükcə “Corndcrank” Azərbaycanda da tanınır və sevilir.
Dostlar yeni-yeni planlar qurur, daha çox insanı musiqilərinin cazibəsində görmək istəyirlər.

Eltun ailə həyatı qurdu. Oğlunun dünyaya gəlişi ilə sevinci də, arzuları da böyüdü, qəlbinə sığmadı. Həyatına sonsuz hüzur gətirən körpə qığıltısı harda olur-olsun onun “əlindən tutub” doğma ocağına – evinə çəkdi. Zeynin çöhrəsinə qonan bircə təbəssüm bütün qayğılarını unutdurdu. Ömür-gün yoldaşı Pərvinlə xəyallarını gələcəyə uçurtdular, sabahın işıqlı planlarını qurdular.
Amma...
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başladı. Ordumuzun düşmən təxribatına qarşı uğurlu genişmiqyaslı əks-hücum əməliyyatı xalqımızın 30 ildən çoxdur ürəyində qübar bağlayan Qarabağ həsrətinin sona yetəcəyinə hər kəsi inandırdı.

Həyat yoldaşı Pərvin xanım xatırlayır ki, sentyabrın 28-də Eltuna zəng gəldi, elə həmin gün də cəbhəyə “uça-uça” getdi:
“Təbii ki, mən pis olmuşdum, amma onun əhval-ruhiyyəsi tamam başqa idi. Döyüşlərdə iştirak edəcəyi üçün sevinir, qürurlanırdı”.
Silah yoldaşı Teymur Kərimli deyir ki, döyüşqabağı təlimdə Eltunla bir yerdə olub:
“Təlimlər bitəndən sonra Füzuli rayonu istiqamətində, Zabux qəsəbəsinin aşağı hissəsində bir kanal vardı. İlk dəfə orada mövqe tutduq”.

Beləcə, Eltun Vüqar oğlu Qasımovun mərdliklə, cəsarətlə dolu döyüş yolu başlayır. Füzuli istiqamətində aparılan uğurlu hərbi əməliyyatlarda Eltun Qasımov da fərqlənir. Cəbrayılın azadlığı uğrunda gedən ağır döyüşlərdə qorxmazlığı, hünəri ilə silah yoldaşlarına nümunə olur.
Rəşadətli Ordumuz oktyabrın əvvəllərində cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi bir istiqamətə yönəldi. Müharibənin taleyini həll edən əməliyyatlardan biri sayılacaq Hadrutun azad edilməsi uğrunda döyüş başladı. Hadrutun azad olunması Şuşaya doğru istiqamət almağa imkan verirdi. Düşmən isə Azərbaycan hərbçilərini Şuşada başqa istiqamətdən gözləyirdi.
Qürurla deyə bilərik ki, 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən ən parlaq hərbi əməliyyatlardan biri olan həmin “Hadrut döyüşləri”ndə çavuş Eltun Vüqar oğlu Qasımov da şəxsi igidlik və şücaət göstərib.

...Döyüşdən-döyüşə atılır qəhrəmanımız. Təəssüflər olsun ki, belə çarpışmaların biri Eltunun Zəfərimizi görmək arzusunu yarımçıq qoyur. Düşmənə vurulan ağır zərbədən sonra döyüşlər nisbətən səngiyibmiş. Eltun və döyüşçü yoldaşları qarşılarına çıxan tək ağacın yaxınlığında ayaq saxlayırlar. Susuzluqdan dil-dodaqlarının quruduğu bir vaxtda ağacın altındakı suyu görüb sevinirlər. Birinci Eltun yaxınlaşır. Elə həmin an da partlayış baş verir. Bu, düşmənin qurduğu “su” tələsi idi.

...Qasımovlar ailəsi oktyabrın 18-də Eltundan zəng gözləyirdi. Həmin gün qəhrəmanımızın ad günü idi. Güman edirdilər ki, zəng etmək mümkün olan kimi Eltun onlarla telefon əlaqəsi saxlayacaq.
Düşündükləri kimi də olur. Amma zəng edən Eltun deyildi. Acı xəbər Qasımovlar ailəsini qaranlığa bürüyür.
Atası dərhal Füzuliyə yollanır. Müalicə-Diaqnostika Mərkəzinin həyətində şəhidlər üçün qurulan çadıra yaxınlaşır. Və... özünü itirir. Yerindəcə dizləri üstə çökür.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Eltun Qasımov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənin azadlığı, müstəqilliyi, suverenliyi uğrunda son nəfəslərinə kimi vuruşub-çarpışanlar ölümsüzlüyə qovuşurlar. Onlar yenilməz qəhrəmanlardır.
Nazim Əlifov