Əbu-Dabidə AI nəhəngləri bir araya gəlir

Əbu-Dabidə AI nəhəngləri bir araya gəlir
16:47

Əbu-Dabi qlobal süni intellekt mərkəzi kimi mövqeyini gücləndirməyə çalışır. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı oktyabrın 6-da “AI Everything Abu Dhabi” sərgisinə ev sahibliyi edəcək.

İki gün davam edəcək və artıq bütün biletləri satılan tədbirdə süni intellekt infrastrukturu şirkətləri, model hazırlayan texnologiya şirkətləri, startaplar və investorlar bir araya gələcək.

Anadolu Agentliyinin məlumatına görə, sərgidə ümumilikdə 400-dən çox şirkət və qurumun iştirakı gözlənilir. Tədbirdə təxminən 91 milyard dollar həcmində aktivləri idarə edən investorlar da iştirak edəcək.

“inD” tərəfindən təşkil olunan tədbirə Əbu-Dabi Hökumət Səmərəliliyi Departamenti ev sahibliyi edir.

Tədbir süni intellektə yönəldilən böyük həcmli investisiyaların biznes və iqtisadi nəticələrə necə çevrilə biləcəyi məsələsinə həsr olunacaq. Şirkətlər müxtəlif sahələrdə süni intellekt texnologiyalarının real tətbiqlərini nümayiş etdirəcəklər.

Microsoft, Oracle və Intel də iştirak edəcək

Tədbirdə 180-dən çox məruzəçinin çıxış edəcəyi gözlənilir. Onların arasında “Mistral AI” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Artur Menş və “Boston Dynamics” şirkətinin təsisçisi Mark Raybert də var.

“Microsoft”, “Oracle”, “Dell” və “Intel” kimi iri texnologiya şirkətləri də tədbirdə iştirak edəcəklər.

Əbu-Dabi Hökumət Səmərəliliyi Departamenti şəhəri dünyanın ilk “süni intellekt doğma hökuməti”nə çevirmək məqsədilə 3,54 milyard dollar sərmayə yatırmağı planlaşdırır.

Artıq 40-dan çox dövlət qurumu vahid süni intellekt ekosisteminə inteqrasiya edilib. Əbu-Dabidə dövlət xidmətlərində hazırda 100 süni intellekt tətbiqindən istifadə olunur.

“Falcon” modelləri də nümayiş etdiriləcək

BƏƏ-nin Texnologiya İnnovasiyaları İnstitutu tədbirdə doqquz tətbiqi tədqiqat mərkəzinin hazırladığı 23-ə yaxın layihəni nümayiş etdirəcək.

Bu layihələr enerji, dəniz infrastrukturu, aviasiya-kosmik sənaye və avtonom sistemlər kimi müxtəlif sahələri əhatə edir.

Tədbirdə “Falcon” böyük dil modelləri ailəsi, o cümlədən ərəb dili üçün hazırlanmış “Falcon-H1 Arabic” modeli də təqdim olunacaq.

Sammit çərçivəsində süni intellektin inkişafı və tətbiqi ilə bağlı bir sıra aktual məsələlər müzakirə ediləcək. Xüsusilə avtonom süni intellekt agentlərinin istifadəsinin genişlənməsi, eləcə də bu texnologiyaların tənzimlənməsi və idarə olunması ilə bağlı yanaşmalar gündəmdə olacaq.

Əbu-Dabi və bütövlükdə BƏƏ bu tədbir vasitəsilə qlobal süni intellekt sənayesindəki mövqeyini genişləndirməyi, texnologiya şirkətlərini, investorları və tədqiqatçıları ölkəyə cəlb etməyi, süni intellekt texnologiyalarını dövlət idarəçiliyinə və əsas iqtisadi sahələrə daha geniş inteqrasiya etməyi hədəfləyir.


Sizin reklam burada
Sizin reklam burada