Heç kim baxmayanda sən Kimsən?

Heç kim baxmayanda sən Kimsən?
11:49
Bəzən insanın kim olduğunu anlamaq üçün onun nə dediyinə deyil, heç kimin görmədiyi anda nə etdiyinə baxmaq kifayətdir. Çünki insan danışarkən özünü istədiyi kimi təqdim edə bilər, gözəl sözlər seçə, mərhəmətindən, ədalətindən, dürüstlüyündən danışa bilər. Lakin insanın həqiqi xarakteri sözlərin bitdiyi, seçimlərin başladığı yerdə üzə çıxır. Xüsusilə də həmin seçim insanın heç bir şəxsi mənfəət əldə etmədiyi, onu heç kimin izləmədiyi və etdiyi davranışa görə heç kim tərəfindən alqışlanmayacağı anlarda verilirsə, həmin seçim insanın daxili dünyası haqqında daha çox şey söyləyir. Çünki əsl xarakter insanın özünü necə göstərmək istədiyində deyil, əslində necə davrandığında yaşayır. İnsan özünü yaxşı, vicdanlı və mərhəmətli hesab edə bilər. Ailəsinə bağlı, dostlarına sədaqətli, yaxınlarına qarşı qayğıkeş ola bilər. Lakin insanın mənəvi dünyasını yalnız onun öz çevrəsindəki münasibətlərlə ölçmək kifayət etmir. Çünki insan yalnız ailəsinin, dostlarının və sevdiyi insanların arasında yaşayan varlıq deyil. O, daha böyük bir sosial mühitin parçasıdır və hər gün davranışları ilə həmin mühitə təsir göstərir. Tanımadığı insanın haqqına necə yanaşması, ümumi qaydalara münasibəti, ictimai əmlakı qoruyub-qorumaması, öz rahatlığı ilə başqasının rahatlığı arasında seçim edərkən hansı tərəfi üstün tutması onun xarakterinin başqa bir qatını ortaya çıxarır. Yaxın insanına yaxşılıq etmək sevginin nəticəsi ola bilər, lakin heç bir bağlılığının olmadığı insanın haqqını qorumaq artıq daha şüurlu mənəvi seçimdir. Məhz burada insanın fərdi əxlaqı ilə ictimai məsuliyyəti arasında mühüm bir fərq meydana çıxır. İnsan şəxsi həyatında çox yaxşı ola bilər, lakin bu yaxşılıq yalnız öz çevrəsi ilə məhdudlaşdıqda onun mənəvi dünyası hələ tam mənada cəmiyyətə açılmayıb. Əsl mənəvi yetkinlik insanın özündən kənarda olan insanların da həyatını nəzərə almağa başladığı anda yaranır. İnsan “mən nə istəyirəm?” sualından bir qədər uzaqlaşıb “mənim istəyimin nəticəsini kim yaşayacaq?” sualını verməyə başladıqda düşüncəsində böyük dəyişiklik baş verir. Çünki yetkin insan yalnız öz hərəkətinin niyyətini deyil, nəticəsini də düşünür. İnsan həyatının ilk mərhələlərində dünyanı daha çox öz ehtiyacları üzərindən qavrayır. Zaman keçdikcə ailəsinin, dostlarının, ətrafındakı insanların hisslərini və ehtiyaclarını nəzərə almağı öyrənir. Mənəvi inkişafın daha yüksək mərhələsində isə insan artıq tanımadığı insanların hüquq və rifahını da öz davranışlarının bir hissəsi kimi qəbul edir. Bu mərhələdə insan başqasına yalnız onu sevdiyi üçün deyil, insan olduğu üçün hörmət göstərir. Bu isə əxlaqın ən mühüm xüsusiyyətlərindən biridir. Çünki sevdiyimiz insana yaxşı münasibət göstərmək təbii hisslərimizdən qaynaqlana bilər, lakin bizə heç bir bağlılığı olmayan bir insanın haqqını qorumaq şüurlu prinsip tələb edir. Fəlsəfə də insanın ictimai təbiətinə bu qədər əhəmiyyət verilməsinin səbəbi də məhz budur. Aristotelin insanı ictimai və siyasi varlıq kimi xarakterizə etməsi insanın özünü digər insanlardan tamamilə təcrid olunmuş şəkildə reallaşdıra bilməyəcəyini göstərirdi. İnsan doğulduğu andan etibarən artıq mövcud bir sosial dünyanın içindədir. Dilini özü yaratmır, istifadə etdiyi biliklərin böyük hissəsini əvvəlki nəsillərdən alır, yolları, məktəbləri, xəstəxanaları, şəhərləri, elmi və texnoloji nailiyyətləri əvvəlki insanların əməyindən miras götürür. Deməli, insan yalnız cəmiyyətin imkanlarından istifadə edən varlıq deyil, eyni zamanda həmin cəmiyyətə nəsə qaytarmaq məsuliyyəti daşıyan varlıqdır. Bu baxımdan vətəndaşlıq anlayışı yalnız hüquqi status olmaqdan daha geniş məna qazanır. Vətəndaş olmaq yalnız müəyyən dövlətə mənsub olmaq, hüquqlardan istifadə etmək və müəyyən sənədlərə sahib olmaq deyil. Bunun mənəvi tərəfi də var. İnsan yaşadığı cəmiyyətin problemlərinə tamamilə laqeyd qalmadıqda, ümumi qaydalara hörmət etdikdə, başqasının hüququnu öz hüququ qədər əhəmiyyətli hesab etdikdə və öz davranışının ümumi həyata təsirini düşündükdə vətəndaşlıq anlayışı daha dərin məna qazanır. Çünki hüquq insana “mənim haqqım nədir?” sualını öyrədir, məsuliyyət isə “mənim borcum nədir?” sualını. Sağlam cəmiyyət bu iki sualın bir-birindən ayrılmadığı cəmiyyətdir. İslam dinində əxlaq sistemində ədalət, əmanət, dürüstlük, mərhəmət, insan haqqının qorunması və zülmdən uzaq olmaq mühüm prinsiplər kimi təqdim edilir. Bu, çox dərin bir mənəvi məntiqə əsaslanır: insanın Yaradanla münasibəti onun yaratılmışlara münasibətində də öz əksini tapmalıdır. İbadət insanın daxilində dəyişiklik yaratmalı, həmin dəyişiklik davranışlarına keçməlidir. İnsan ibadət edir, lakin başqasının haqqını asanlıqla tapdalayırsa, öz mənəvi vəziyyətini yenidən düşünməlidir. Çünki din yalnız insanın Allah qarşısında necə dayandığını deyil, yer üzündə başqa insanlarla necə davrandığını da sorğuya çəkir. “Qul haqqı” anlayışının İslam əxlaqında xüsusi əhəmiyyət daşıması da məhz bunu göstərir. İnsan öz ibadətini şəxsi məsələ kimi görə bilər, lakin başqa insanın haqqına toxunduğu anda məsələ artıq yalnız onunla Allah arasındakı münasibətdən ibarət olmur. Burada başqa bir insanın hüququ, ləyaqəti və haqqı da ortaya çıxır. Bu yanaşma insana çox ciddi bir həqiqəti xatırladır: insanın özünü yaxşı hesab etməsi onun avtomatik olaraq yaxşı davranması demək deyil. Əsl mənəviyyat insanın öz haqqında yaratdığı təsəvvürdə deyil, başqalarının haqqına münasibətində də görünməlidir. Əslində gündəlik həyat insanın ən böyük mənəvi imtahanıdır. Çünki böyük hadisələrdə doğru davranmaq bəzən asandır; insan bilir ki, etdiyi hərəkət görünəcək, qiymətləndiriləcək və yadda qalacaq. Daha çətin olan isə heç kimin əhəmiyyət vermədiyi kiçik məqamlarda düzgün seçim etməkdir. Küçədə zibil atmamaq, növbəyə riayət etmək, ictimai əmlaka zərər verməmək, başqasının park etdiyi yerə hörmət etmək, səs-küylə digər insanların istirahətini pozmamaq, işini vicdanla görmək, verilən sözə əməl etmək, başqasının haqqını öz rahatlığına qurban verməmək ilk baxışda böyük mənəvi hadisələr kimi görünməyə bilər. Lakin cəmiyyət məhz bu kiçik davranışların milyonlarla təkrarından formalaşır. Bir insanın məsuliyyətsizliyi təkbaşına kiçik görünə bilər. Lakin minlərlə insan eyni məsuliyyətsizliyi təkrarladıqda artıq həmin davranış sosial problemə çevrilir. Eyni şəkildə bir insanın dürüstlüyü də təkbaşına böyük dəyişiklik yaratmaya bilər, amma dürüstlük sosial norma halına gəldikdə cəmiyyətin etimad mühiti dəyişir. Sosiologiyada sosial etimad və sosial kapitalın cəmiyyətlərin fəaliyyətində mühüm rol oynaması da bununla əlaqəlidir. İnsanların bir-birinin sözünə, davranışına və qaydalara müəyyən dərəcədə güvənməsi cəmiyyətin görünməyən, lakin olduqca mühüm dayaqlarından biridir. Binaları beton və dəmir saxlayır, cəmiyyətləri isə yalnız qanunlar deyil, etimad, məsuliyyət və qarşılıqlı hörmət də saxlayır. Böyük siyasi və iqtisadi sistemlərin arxasında gündəlik işini məsuliyyətlə yerinə yetirən, ümumi qaydalara əməl edən, əmanəti qoruyan, əmək verən və cəmiyyətin fəaliyyətini mümkün edən milyonlarla insan dayanırdı. Böyük tarixi hadisələr adətən diqqəti öz üzərinə çəksə də, tarixə təsir edən ən mühüm proseslərin bir hissəsi səssiz şəkildə, insanların gündəlik davranışlarında baş verir. Çünki hər bir böyük sosial dəyişiklik əvvəlcə fərdi davranışlardan başlayır, sonra vərdişə, vərdiş mədəniyyətə, mədəniyyət isə cəmiyyətin ümumi xarakterinə çevrilir. Bu baxımdan insanın “mən təkəm, mənim etdiyim heç nəyi dəyişməz” düşüncəsi ciddi yanılmadır. Hər bir sosial norma milyonlarla fərdi davranışın nəticəsidir. İnsan öz davranışı ilə yalnız özünü ifadə etmir, bəzən başqalarına da nümunə göstərir. Bir insan qaydanı pozduqda və bunu adi hal kimi təqdim etdikdə, başqa biri həmin davranışı təkrarlaya bilər. Əksinə, bir insan heç kimin görmədiyi yerdə belə doğru olanı etdikdə, həmin davranış başqasının şüurunda “belə də yaşamaq mümkündür” düşüncəsini yarada bilər. Deməli, insanın şəxsi davranışı düşündüyündən daha geniş sosial təsirə malikdir.
Vətən sevgisi də məhz bu nöqtədə yalnız hiss olmaqdan çıxaraq məsuliyyətə çevrilir. Ölkəni sevmək haqqında danışmaq asandır, lakin həmin sevgini gündəlik həyatın davranışlarına çevirmək daha çətindir. Vətən yalnız sərhədlərlə müəyyən olunan coğrafi məkan deyil. Vətən həm də həmin ərazidə yaşayan insanların həyatıdır. Küçədəki yaşlı insan, məktəbə gedən uşaq, xəstəxanada müalicə alan xəstə, işə tələsən insan, qonşumuz, tanımadığımız bir vətəndaş — bütün bunlar cəmiyyətin canlı hissələridir. İnsan öz davranışı ilə onların həyatına toxunur. Buna görə də vətənpərvərliyin ən səssiz, lakin ən real formalarından biri başqasının həyatını çətinləşdirməmək, əksinə, mümkün olduğu qədər asanlaşdırmaqdır. Öz işini vicdanla görən müəllim, xəstəsinə məsuliyyətlə yanaşan həkim, işini dürüst yerinə yetirən fəhlə, qaydalara əməl edən sürücü, ictimai əmlakı qoruyan sakin, başqasının hüququna hörmət edən insan — bunların heç biri tarix kitablarında qəhrəman kimi qeyd olunmaya bilər. Lakin cəmiyyətin sabitliyi və inkişafı çox vaxt məhz belə insanların gündəlik davranışlarından asılıdır. Çünki cəmiyyət yalnız böyük şəxsiyyətlərin deyil, milyonlarla adi insanın gündəlik əxlaqının nəticəsidir. Burada azadlıq anlayışı da xüsusi əhəmiyyət daşıyır. Azadlıq hər istədiyini etmək deyil. Azadlıq öz seçiminin nəticəsini daşıya bilməkdir. İnsan “mənim haqqımdır” deyərkən qarşı tərəfin də haqqının olduğunu unutmamalıdır. Mənim rahatlığım başqasının narahatlığı hesabına yaranırsa, artıq bu yalnız şəxsi seçim deyil. Mənim qazancım başqasının haqqının pozulması hesabına əldə edilirsə, burada mənəvi məsuliyyət yaranır. Mənim azadlığım başqasının təhlükəsizliyini pozursa, bu azadlığın sərhədləri haqqında düşünmək zərurəti meydana çıxır. Yetkin cəmiyyətin əsas xüsusiyyətlərindən biri də məhz fərdi azadlıqla ümumi məsuliyyət arasında tarazlıq yarada bilməsidir. İnsan nə qədər mənəvi cəhətdən inkişaf edirsə, davranışlarının görünməyən nəticələrini bir o qədər yaxşı görməyə başlayır. O anlayır ki, etdiyi hərəkət yalnız onunla bitmir. Bir söz insanın qəlbini incidə bilər, bir qərar bir ailənin həyatına təsir edə bilər, bir məsuliyyətsizlik başqasının təhlükəsizliyini poza bilər, bir dürüstlük isə başqa bir insanda etimad yarada bilər. İnsan özünü yalnız niyyətləri ilə deyil, nəticələri ilə də qiymətləndirməyi öyrənməlidir. Bəlkə də mənəvi yetkinliyin ən mühüm göstəricilərindən biri insanın özünə verdiyi sualların dəyişməsidir. Əvvəlcə insan “Mən nə qazanacağam?” deyə düşünür. Sonra “Mənə nə verilir?” sualını verir. Daha sonra isə “Mən nə verə bilərəm?” sualına çatır. Ən dərin mərhələdə isə “Mənim varlığım məndən sonra nə qoyacaq?” sualı meydana çıxır. Bu son sual insanın öz həyatına yalnız şəxsi mənfəət prizmasından deyil, mənəvi iz prizmasından baxmağa başladığını göstərir. Çünki insan dünyaya yalnız istifadə etmək üçün gəlmir. O, eyni zamanda qurur, qoruyur, ötürür və gələcək nəsillərə miras qoyur. Biz özümüzdən əvvəlkilərin yaratdığı dünyadan istifadə edirik. Bizdən sonra gələnlər də bizim yaratdığımız və ya dağıtdığımız dünyanın içində yaşayacaqlar. Bu baxımdan hər bir nəsil gələcək nəsillərə qarşı müəyyən mənəvi borc daşıyır. Təmiz ətraf mühit, qorunan ictimai sərvətlər, keyfiyyətli təhsil, sağlam sosial münasibətlər, ədalət anlayışı və qarşılıqlı hörmət yalnız bugünkü insanların deyil, gələcək insanların da haqqıdır. İnsan öz daxilində yaxşılıq yarada bilər, lakin həmin yaxşılığı yalnız özünə və yaxınlarına saxladıqda onun təsir dairəsi məhdud qalır. Əsl mənəvi böyüklük yaxşılığın çevrəsini genişləndirməkdir. Ailəyə olan mərhəmət cəmiyyətə qarşı məsuliyyətə, şəxsi dürüstlük ictimai etibara, fərdi ədalət ümumi ədalət anlayışına çevrilməlidir. İnsan daxilində daşıdığı dəyərləri həyatın müxtəlif sahələrinə daşıya bildikcə bütövləşir. Bəlkə də insanın özünə verə biləcəyi ən ağır sual “Mən yaxşı insanam, yoxsa pis?” sualı deyil. Daha çətin və daha səmimi sual budur: “Mənim yaxşılığım yalnız mənim çevrəmdə görünür, yoxsa məndən kənarda olan insanların həyatına da fayda verir?” Çünki insanın həqiqi dəyəri yalnız özünün haqqında düşündüyü fikirdə deyil, onun varlığının toxunduğu həyatlarda görünür. İnsan özünü yaxşı hesab edə bilər, lakin onun ardınca qalan iz başqa həqiqət danışa bilər. Əgər insanın yoxluğu heç nəyi dəyişmirsə, bəlkə də o, hələ öz imkanlarının mənəvi ölçüsünü tam anlamayıb. Əgər insanın varlığı başqalarına təhlükəsizlik, etibar, rahatlıq, bilik, mərhəmət və ümid gətirirsə, o zaman onun həyatı şəxsi sərhədlərini aşaraq daha böyük bir məna qazanır. İnsan yalnız özü üçün yaxşı yaşadıqda həyatını qoruyur; başqaları üçün də məsuliyyət daşıdıqda isə həyatına məna əlavə edir. Vicdan insanın daxilində başlayan səsdir, məsuliyyət isə həmin səsin cəmiyyətə çevrilmiş formasıdır. Əxlaq insanın içində doğulur, lakin onun həqiqi gücü davranışlarında görünür. Mənəviyyat insanın qəlbində başlayır, lakin cəmiyyətin içində sınaqdan keçir. Buna görə də insanın böyüklüyünü yalnız onun nə qədər yaxşı olduğu ilə deyil, yaxşılığının sərhədlərinin nə qədər geniş olduğu ilə də ölçmək mümkündür. Öz ailəsinə yaxşılıq etmək gözəldir, lakin tanımadığı insanın haqqını qorumaq daha geniş mənəvi məsuliyyət tələb edir. Özünə qarşı dürüst olmaq vacibdir, lakin başqasının haqqına münasibətdə də dürüst qalmaq insanın mənəviyyatını daha yüksək səviyyəyə qaldırır. Öz ölkəsini sevmək qiymətli hissdir, lakin həmin sevgini məsuliyyətli davranışa çevirmək onu daha dərin məna ilə doldurur. Cəmiyyətin gələcəyini yalnız böyük çıxışlar, möhtəşəm layihələr və tarixi qərarlar müəyyən etmir. Cəmiyyətin gələcəyi hər gün milyonlarla insanın heç kimin görmədiyi anda etdiyi seçimlərlə də formalaşır. Bir insanın vicdanı kiçik görünə bilər, amma milyonlarla vicdanın birləşdiyi yerdə böyük bir cəmiyyətin xarakteri yaranır. Tarix bəzən hökmdarların adlarını yadda saxlayır, lakin cəmiyyətlərin əsl mahiyyətini çox vaxt adsız insanların gündəlik davranışları müəyyənləşdirir.
İnsan dünyadan keçib gedir, lakin davranışlarının izi ondan sonra da qala bilər. Kiminsə həyatını çətinləşdirən iz, kiminsə haqqını qoruyan iz, kiminsə yolunu işıqlandıran iz, kiminsə inamını bərpa edən iz... İnsan öz həyatının mənasını bəlkə də ən çox burada tapır: özündən sonra nə qədər böyük bir ad qoyduğunda deyil, özündən sonra nə qədər yaxşılıq buraxdığında. Çünki insanın əsl böyüklüyü onun haqqında deyilən sözlərin hündürlüyündə deyil, toxunduğu insanların həyatında yaratdığı yaxşılığın dərinliyindədir.
Həsən Nağıyev, filosof

Sizin reklam burada
Sizin reklam burada