Gəlir bəyənnaməsi niyə tələb olunmur?

Gəlir bəyənnaməsi niyə tələb olunmur?
09:33

“Məndən soruşurlar ki, 1 oktyabrdan banklar Maliyyə Monitorinqi Xidmətinə 20 min manatdan artıq əməliyyatlar haqda məlumat verəcəklər? 1 oktyabrdan, yoxsa növbəti ildən? 20 min, yoxsa 50 min?

Amma unutmayaq ki, banklar onsuz da Maliyyə Monitorinqi Xidmətinə məlumat verməlidilər. 20 ilə yaxındır ki, qanun bunu tələb edir. Çünki sivil dünya bizdən tələb edir ki, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə, yəni geniş mənada korrupsiyaya qarşı mübarizə aparaq”.

Bu sözləri iqtisadçı Əkrəm Həsənov deyib. O. əlavə edib ki, biz də guya ki, mübarizə aparırıq:

“Niyə guya ki? Çünki belə mübarizə yalnız o zaman səmərəlidir ki, vətəndaşlar, ilk növbədə məmurlar hər il gəlir bəyannaməsi verirlər. Yəni kimsə gəlirindən yüksək məbləğdə köçürmələr edirsə, qanun pozuntusuna yol verdiyi aşkardır: pul ona haradandır?

Azərbaycanda isə bu mexanizm yoxdur. Daha doğrusu, 2005-ci ildən qanun var ki, məmurlar və onların ailə üzvləri gəlirlərini bəyan etməlidirlər. Amma Nazirlər Kabineti 21 ildir ki, Prezidentin tapşırığını sabotaj edərək bu bəyannamənin formasını təsdiq etmir.

Buna görə də bizdə istəyirsən lap gündə 1 milyon manat köçürmə et. Soruşsalar hardandır, de ki, “babamdan qalıb”. Bəyannamə vermədiyin halda pulun babandan qaldığını və ya qanunsuz yolla əldə etdiyini sübut edə bilməzlər. Bilməzlərsə, deməli, təqsirsizlik prezumpsiyası işə düşür.

Yaxşı, bəs onda bu mövzu niyə zaman-zaman gündəmə gəlir? Məmurlar bəyannamə vermək istəmirlər. Bu da təbiidir. Çünki əksəriyyətinin gəlirinin çox hissəsi qanunsuzdur: rüşvət, paket və s. Deməli, Maliyyə Monitorinqi Xidmətinə məlumatların ötürülməsi korrupsiya ilə mübarizə çərçivəsində həyata keçirilmir.

Əsl səbəb vergi yığımıdır. Vergi Xidməti də, Maliyyə Monitorinqi Xidməti də İqtisadiyyat Nazirliyinə tabedir. Odur ki, reallıqda hər ikisi büdcəni doldurmaqla məşğuldurlar. Kiminsə korrupsiya ilə və ya çirkli pulların yuyulması ilə məşğul olması onları maraqlandırmır. Maraqlandıra da bilməz, çünki dediyim kimi, bəyannamə mexanizmi olmayan ölkədə bütün bunlar formal şeylərdir. Onları vergi maraqlandırır.

Əslində vətəndaşlarımız və sahibkarlarımız savadlı və cəsarətli olsalar, vergi istiqamətində həmlə də uğursuz olacaq. Fəqət dövlət orqanlarımız bilir ki, Təhsil Nazirliyi savadımızın, hüquq-mühafizə orqanları isə cəsarətimizin axırına çıxırlar…”

News365.az



Sizin reklam burada
Sizin reklam burada