Onkoloji xəstə olan Xədicə Həsənova əməliyyatdan sonra səhhətinin daha da pisləşdiyini, razılığı olmadan bir sıra orqanlarının götürüldüyünü və hazırda yataq xəstəsinə çevrildiyini iddia edib.
News365.az xəbər verir ki, o bu barədə sosial şəbəkədə paylaşım edib.
Xədicə Həsənovanın sözlərinə görə, 21 iyul 2026-cı il tarixində Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun II Doğum şöbəsinin müdiri, mama-ginekoloq Tənzilə Əliyevanın yönləndirməsi ilə "Vita Med Hospital"ın ümumi cərrahı Anar Yusibovun qəbulunda olub.
Şikayətçi bildirib ki, özü və valideynləri həkimlərə onkoloji xəstə olduğunu əvvəlcədən deyərək əməliyyatın mümkünlüyü barədə soruşublar. Onun iddiasına görə, həkim sənədlərlə tanış olduqdan sonra uşaqlığın tamamilə çıxarılacağını bildirib və ailə də bununla razılaşıb.
O, əməliyyat üçün 19 min manat ödədiklərini, albumin məhlulu və digər dərmanları isə öz hesablarına aldıqlarını qeyd edib. Xəstə xəstəxanada sanitar-gigiyenik vəziyyətdən də narazı qalıb. İddia edib ki, tibb bacıları və təmizlik işçilərinin lazımi diqqət göstərməsi üçün onlara əlavə pul vermək məcburiyyətində qalıblar.
X.Həsənovanın sözlərinə görə, 22 iyulda keçirilən əməliyyatdan əvvəl ona yalnız uşaqlığın çıxarılacağı bildirilsə də, əməliyyatdan sonra sidik kisəsi, bağırsaq və limfa düyünlərinin də götürüldüyü məlum olub.
İddiaya görə, total pelvik ekzenterasiya əməliyyatı özünün və valideynlərinin razılığı olmadan aparılıb. Əməliyyat sənədlərində ümumi cərrah Anar Yusibov, anestezioloq Gündüz İbadov və mama-ginekoloq Vüsalə İbadovanın adları qeyd olunub.
Şikayətçi əməliyyatdan sonra sidik axarlarının qarın boşluğuna yönləndirildiyini, drenaj borularının isə indiyədək bədənində qaldığını iddia edib, drenajlardan davamlı maye gəlməsinin səbəbi barədə ona düzgün məlumat verilmədiyini deyib.
X.Həsənova səhhətində ciddi fəsadların yarandığını, əməliyyat nahiyələrində səpkilər, yaralar əmələ gəldiyini, sağ ayağının isə dizdən yuxarı hissədən qasığa qədər hərəkətsiz qaldığını və şiddətli ağrılar çəkdiyini bildirib.
Qeyd edib ki, hazırda yataq xəstəsidir və yaranmış fəsadlara görə kimyaterapiya müalicəsinə də başlaya bilmir. Şikayətçi həkimə müraciətlərinə baxmayaraq, vəziyyətinin yaxşılaşdırılması istiqamətində lazımi tədbirlərin görülmədiyini deyib.
Paylaşımda xəstənin ümidsiz vəziyyətdə olduğu, hətta intihar etmək barədə düşündüyünü də yazılıb. O, başına hər hansı hadisə gələcəyi təqdirdə "Vita Med Hospital"ın ümumi cərrahı Anar Yusibovu, baş həkim Gündüz İbadovu və assistent Murad Nəsiblini məsul hesab edir.
News365.az-a açıqlamasında "Vita Med Hospital"ın cərrahı Anar Yusibov bildirib ki, Xədicə Həsənova xəstəxanaya ağır vəziyyətdə müraciət edib və bir çox tibb müəssisələri tərəfindən qəbul olunmayıb:
"Xəstə çoxsaylı həkimlərə və tibb müəssisələrinə müraciət etdikdən sonra bizim yanımıza gəldi. Onun qarın nahiyəsində çanaq boşluğunu tamamilə əhatə edən böyük ölçülü şiş var idi. Törəmə uşaqlığı, sidik kisəsini və yoğun bağırsağı əhatə etmiş, sidik axarlarını və bağırsaqları tutmuşdu. Eyni zamanda, ayaqlara gedən damarları sıxdığı üçün xəstədə ciddi şişkinlik yaranmışdı. Vəziyyəti o qədər ağır idi ki, müdaxilə olunmasaydı, təxminən 10-15 günlük ömrü qalmışdı.
Xəstənin gənc olduğunu nəzərə alaraq, ona köməkdən imtina etmədik və əlimizdən gələni etdik. Böyük çətinliklə törəməni xaric edə bildik. Bunun üçün geniş tibbi kollektiv topladıq. Əməliyyat zamanı xəstədə üç dəfə ciddi kardioloji problem yarandı. Anestezioloqlar və reanimatoloqlarımız müdaxilə edərək onu kritik vəziyyətdən çıxardılar. Bu kollektivə xəstənin həyatının xilas edilməsi üçün göstərdikləri böyük zəhmətə görə təşəkkür edirəm.
Əməliyyatdan sonra xəstənin vəziyyəti yaxşılaşdı. O, müstəqil şəkildə yeriməyə və hərəkət etməyə başladı, ayaqlarındakı şişkinlik tamamilə çəkildi, böyrəklərinin vəziyyəti də normallaşdı. Daha sonra xəstə evə buraxıldı.
Xəstə ikinci dəfə müraciət etdikdə qarın boşluğundakı törəməni yenidən xaric etdik və ona kimyəvi terapiya almasının vacibliyini bildirdik. Çünki onkoloji xəstəliklərdə kimyəvi terapiya əsas müalicə üsullarından biridir. Bu müalicə aparılmadıqda şişin yayılması riski artır.
Biz hətta xəstəyə kimyəvi terapiya üzrə mütəxəssisin adını və əlaqə məlumatlarını verdik, həmin həkimlə şəxsən danışdıq. Lakin sonradan xəstənin yaxınları kimyəvi terapiyadan imtina etdiklərini bildirdilər.
Xəstəlik yayıldıqdan sonra onlar müalicənin vacibliyini daha yaxşı anladılar. Mən onlara tövsiyə etdim ki, həmin həkimə müraciət etsinlər və onun təyin edəcəyi protokol əsasında müalicə aparılsın. Gəncədə yaşamalarına baxmayaraq, həmin savadlı mütəxəssisin nəzarəti altında müalicə ala biləcəklərini bildirdim. Təəssüf ki, bu istiqamətdə də adekvat cavab ala bilmədik.
Sonda özüm həmin həkimlə danışdım və söhbətin nəticəsini onların "WhatsApp" nömrəsinə göndərdim. Bundan sonra xəstəyə kimyəvi terapiya təyin olunması barədə qərar verdilər.
Xəstəyə xəstəxanamızda yüksək səviyyədə və təmənnasız tibbi xidmət göstərilib. Ona bahalı dərmanlar və ciddi müalicə prosedurları təyin olunub. Hətta xəstəxanaya təxminən 1 200 manat borcları da qalıb. Mən bildirdim ki, Allahın köməyi ilə bu məbləği sonradan qaytararlar, yaxud qaytarmazlar. Əsas məsələ insan həyatıdır".
Həkim bildirib ki, daha sonra xəstə yaşadığı rayona yola salınıb.
"Bizə qarşı bu qədər insafsız mövqe sərgilənməsinə təəssüf edirəm. Lakin baş verənlər bizi ruhdan salmayacaq. Növbəti xəstələrə də eyni həkim məsuliyyəti və fədakarlığı ilə xidmət göstərməyə davam edəcəyik.
Tövsiyəm odur ki, həkim məsləhətlərinə əməl etsinlər. Arzum isə budur ki, xanımın ömrü uzansın", - deyə həkim vurğulayıb.///oxu.az