Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib

Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib
18 İyl 2025 20:56

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş elmi konfrans, böyük şairin Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunan “Özümüzü kəsən qılınc” kitabının təqdimat mərasimi keçiriləcək.

News365.az  xəbər verir ki,  tədbirdə Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Moldova və Belarusdan gəlmiş nümayəndə heyətinin iştirakı nəzərdə tutulur.

Yubiley tədbiri böyük mütəfəkkir şairin ədəbi irsinin təbliği, onun türk dünyası ədəbiyyatındakı yerinin müzakirəsi və qardaş ölkələr arasında mədəni-mənəvi əlaqələrin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Spikerlər arasında Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycandakı Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov da yer alacaq.

Tədbir çərçivəsində şairin yaradıcılığının təbliğinə və elmi araşdırılmasına töhfə verəcək səkkiz müxtəlif mövzu müzakirə olunacaq. Konfransda incəsənət və ədəbiyyat xadimləri, mütəfəkkirlər, media təmsilçiləri, tələbə və gənc yazarlar, eləcə də Bəxtiyar Vahabzadə yaradıcılığına maraq göstərən ictimaiyyətin iştirakı gözlənilir.

Tədbir, B. Vahabzadə yaradıcılığı ilə bağlı ədəbi-düşüncə mübadiləsinə zəmin yaratmaqla yanaşı, klassik ədəbiyyatın çağdaş təbliğinə də mühüm töhfə verəcək. Mətbuatla bağlı məsələlər üçün məsul şəxslər qismində Türk Mədəniyyəti və İrsi Fondunun prezidentinin şəxsi köməkçisi Ləman Şahmuradova və Təşkilatın mütəxəssisi Sona Səlimli təyin edilib.

News365.az  


Sizin reklam burada
Sizin reklam burada