Beynəlxalq münasibətlər sistemində dövlətlərin gücü yalnız iqtisadi və hərbi imkanları ilə deyil, həm də qurduğu dostluq körpüləri, etibarlı tərəfdaşlıqları və uzaqgörən diplomatik siyasəti ilə ölçülür. Bu baxımdan Azərbaycan ilə Vyetnam arasında formalaşmış münasibətlər xüsusi diqqətə layiqdir. Coğrafi baxımdan bir-birindən uzaqda yerləşən, fərqli tarixi və siyasi inkişaf yolu keçən bu iki ölkəni qarşılıqlı hörmət, suverenliyə ehtiram, milli maraqlara sadiqlik və əməkdaşlığın genişləndirilməsi istəyi birləşdirir.
Azərbaycan–Vyetnam münasibətləri sıradan diplomatik əlaqələr deyil. Bu münasibətlərin arxasında onilliklərə söykənən dostluq, siyasi etimad və qarşılıqlı dəstək ənənəsi dayanır. Bu gün həmin tarixi təməl yeni geosiyasi və iqtisadi reallıqlar fonunda daha geniş əməkdaşlıq imkanları yaradır.
Tarixi dostluğun möhkəm təməlləri
Azərbaycan ilə Vyetnam arasındakı münasibətlərin kökləri hələ ötən əsrin ortalarına gedib çıxır. 1959-cu ildə Vyetnamın böyük dövlət xadimi Ho Şi Minin Bakıya səfəri iki xalq arasında dostluq əlaqələrinin inkişafında mühüm hadisə olmuşdur. 1983-cü ildə isə Heydər Əliyevin rəhbərlik etdiyi sovet nümayəndə heyətinin Vyetnama səfəri əməkdaşlığın genişlənməsinə yeni təkan vermişdir. Həmin səfər zamanı əldə olunan razılaşmalar Vyetnamın iqtisadi inkişafına, xüsusilə enerji sektorunun və mütəxəssis hazırlığının güclənməsinə töhfə vermişdir.
Bu tarixi münasibətlərin ən mühüm xüsusiyyətlərindən biri qarşılıqlı ehtiram və etimadın qorunmasıdır. Azərbaycan Vyetnamın müstəqillik uğrunda mübarizəsinə və sonrakı inkişafına hörmətlə yanaşdığı kimi, Vyetnam da Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini nümayiş etdirib. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə Vyetnamın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edən mövqeyi siyasi münasibətlərin etibarlılığını göstərən amillərdəndir.
Strateji tərəfdaşlıq – münasibətlərdə yeni mərhələ
Azərbaycan–Vyetnam əlaqələrinin inkişafında 2025-ci il xüsusi əhəmiyyət daşıyır. Mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri zamanı iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi haqqında Birgə Bəyanat qəbul edildi.
Bu qərar diplomatik münasibətlərin sadəcə formal şəkildə genişləndirilməsi deyil, uzunmüddətli və çoxşaxəli əməkdaşlığın siyasi-hüquqi əsaslarının möhkəmləndirilməsi deməkdir. Həmin səfər çərçivəsində enerji, müdafiə, ədliyyə, elm və texnologiya, mədəniyyət sahələrini əhatə edən yeddi əməkdaşlıq sənədi imzalandı.
Bu hadisənin digər mühüm tərəfi ondan ibarətdir ki, Azərbaycan Cənubi Qafqazda Vyetnamın strateji tərəfdaşlıq münasibətləri qurduğu ilk ölkə kimi xüsusi mövqe qazanıb. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun, regional əhəmiyyətinin və Asiya istiqamətində artan diplomatik çəkisinin göstəricisidir.
Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri ilə əsası qoyulan müasir siyasi dialoq bu gün daha yüksək səviyyədə davam etdirilir. 2025-ci ildə To Lamın Azərbaycana səfəri, 2026-cı ilin oktyabrında Vyetnamın vitse-prezidenti Vo Thi Anh Xuanın Bakıya gəlişi və hazırda Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri əlaqələrin intensivliyini nümayiş etdirir.
İqtisadi əməkdaşlıq: böyük potensial və real imkanlar
Siyasi münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi iqtisadi əlaqələrin də yeni mərhələyə keçməsini zəruri edir. Çünki iki ölkə arasında mövcud siyasi etimad iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır.
Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə bildirdiyi kimi, 2025-ci ildə Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla belə, mövcud göstəricilər iki ölkənin real iqtisadi potensialını tam əks etdirmir.
Enerji sahəsi əməkdaşlığın əsas istiqamətlərindəndir. Azərbaycan uzun illərdir Vyetnamın neft-qaz sektorunda tərəfdaşlarından biridir. 2023-cü ildən etibarən Vyetnama 1,1 milyon tondan artıq Azərbaycan xam nefti tədarük edilib. SOCAR ilə Vyetnamın PetroVietnam şirkəti arasında əməkdaşlığın genişləndirilməsi, neft-qaz yataqlarının işlənməsi, texniki xidmətlər, kadr hazırlığı və neft emalı sahəsində yeni imkanlar müzakirə olunur.
Digər mühüm istiqamət bərpaolunan enerji sahəsidir. Vyetnam şirkətlərinin Azərbaycanda günəş və külək enerjisi layihələrinə maraq göstərməsi qarşılıqlı investisiyaların genişləndirilməsi baxımından əhəmiyyətlidir. Xüsusilə Naxçıvanda günəş elektrik stansiyalarının, Bakı ətrafında isə külək enerjisi layihələrinin həyata keçirilməsi imkanları müzakirə olunur. Bu əməkdaşlıq Azərbaycanın yaşıl enerji strategiyasına əlavə töhfə verə bilər.
Orta Dəhliz – Asiya ilə Avropa arasında yeni körpü
Azərbaycanın Vyetnamla əməkdaşlığında nəqliyyat və logistika sahəsi də xüsusi perspektivə malikdir. Vyetnam Cənub-Şərqi Asiyanın mühüm istehsal və ixrac mərkəzlərindən biridir. Azərbaycan isə Şərqlə Qərbi birləşdirən strateji nəqliyyat qovşağı kimi çıxış edir.
Bu iki üstünlüyün birləşdirilməsi hər iki ölkə üçün yeni iqtisadi imkanlar yarada bilər. Orta Dəhliz vasitəsilə Vyetnam məhsullarının Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılması, əks istiqamətdə isə Azərbaycan məhsullarının Cənub-Şərqi Asiya bazarlarına çatdırılması mümkündür.
Rəqəmlər də bu istiqamətdə müsbət dinamikanı təsdiqləyir. 2026-cı ilin yanvar-sentyabr aylarında Vyetnamla bağlı tranzit yükdaşımalarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu ötüb. Bu, Azərbaycanın beynəlxalq logistika sistemindəki rolunun genişlənməsi baxımından mühüm göstəricidir.
Birbaşa yük və sərnişin aviareyslərinin yaradılması perspektivləri də diqqətəlayiqdir. Silk Way West Airlines şirkətinin Vyetnamda nümayəndəliyinin açılması bu istiqamətdə atılan addımlardandır.
Humanitar və mədəni əlaqələr – xalqları yaxınlaşdıran mənəvi körpü
Azərbaycan–Vyetnam münasibətlərinin mühüm istiqamətlərindən biri də humanitar əməkdaşlıqdır. Sovet dövründə minlərlə vyetnamlı tələbənin Azərbaycanda təhsil alması iki xalq arasında xüsusi mənəvi bağlılıq yaradıb. Onların bir qismi bu gün Vyetnamın müxtəlif sahələrində çalışır və Azərbaycanla münasibətlərin inkişafına töhfə verir.
Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar və mədəni layihələr də xalqlarımız arasında dostluğun möhkəmlənməsinə xidmət edir. Fondun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri və bu ölkə ilə mədəni-humanitar əlaqələrin inkişafına göstərilən diqqət həmin əməkdaşlığın mühüm tərkib hissəsidir.
Eyni zamanda, təhsil, turizm, mədəniyyət, elm və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar mövcuddur. Viza rejiminin sadələşdirilməsi, qarşılıqlı turizm axınının artırılması və universitetlər arasında əlaqələrin gücləndirilməsi xalqlarımızın bir-birini daha yaxından tanımasına şərait yarada bilər.
İlham Əliyevin Vyetnam səfəri – yeni imkanların başlanğıcı
Noyabrın 19-da Prezident İlham Əliyevin Vyetnama üçgünlük rəsmi səfərə başlaması Azərbaycan–Vyetnam münasibətlərinin inkişafında növbəti mühüm hadisədir. Səfər Vyetnamın Baş katibi və Prezidenti To Lamın dəvəti ilə həyata keçirilir. Prezidentin nümayəndə heyətində xarici işlər, müdafiə, iqtisadiyyat, energetika və digər sahələrin rəhbər şəxslərinin təmsil olunması gündəliyin genişliyini göstərir.
Bu səfərin əhəmiyyəti yalnız diplomatik təmaslarla məhdudlaşmır. Burada əsas məsələ strateji tərəfdaşlıq haqqında əldə edilmiş razılaşmaların real iqtisadi layihələrə, qarşılıqlı investisiyalara və uzunmüddətli əməkdaşlıq mexanizmlərinə çevrilməsidir.
Azərbaycanın Vyetnamla münasibətlərinin genişlənməsi xarici siyasətimizin Asiya istiqamətində şaxələndirilməsinə də xidmət edir. Bu, ölkəmizin yalnız ənənəvi tərəfdaşlarla deyil, sürətlə inkişaf edən yeni iqtisadi mərkəzlərlə də əlaqələr qurmaq və möhkəmləndirmək siyasətinin nəticəsidir.
Dostluqdan doğan strateji gələcək
Azərbaycanla Vyetnamı birləşdirən münasibətlər zamanın sınağından keçmiş dostluğun, qarşılıqlı etimadın və siyasi iradənin nümunəsidir. Bu gün həmin münasibətlər yeni tarixi mərhələyə qədəm qoyur. Bir vaxtlar Bakıdan Hanoya uzanan dostluq körpüsü indi enerji, ticarət, investisiya, nəqliyyat, texnologiya və humanitar əməkdaşlıq istiqamətlərində daha da möhkəmlənir.
Ən başlıcası, Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində yalnız öz coğrafi məkanı ilə məhdudlaşan dövlət deyil. Ölkəmiz Avropa ilə Asiyanı birləşdirən, enerji təhlükəsizliyinə töhfə verən, beynəlxalq nəqliyyat marşrutlarının inkişafında iştirak edən və müxtəlif regionlarla qarşılıqlı faydalı tərəfdaşlıq quran mühüm aktora çevrilib.
Vyetnamla strateji tərəfdaşlığın inkişafı da məhz bu siyasətin məntiqi davamıdır.
Dostluq tarixlə başlayır, etimadla möhkəmlənir, konkret uğurlarla gələcəyə daşınır. Azərbaycan və Vyetnam münasibətlərinin bugünkü mənzərəsi də bu həqiqəti təsdiqləyir. Uzaq coğrafiyalarda yerləşən iki dövlətin ortaq maraqlar ətrafında birləşməsi göstərir ki, həqiqi tərəfdaşlıq üçün məsafələr maneə deyil. Əsas olan qarşılıqlı hörmət, siyasi iradə və xalqların rifahına xidmət edən məqsədlərdir. Bakı ilə Hanoy arasında qurulan bu dostluq körpüsü gələcək nəsillər üçün də əməkdaşlıq, həmrəylik və qarşılıqlı etimad nümunəsi olaraq qalmalıdır!
News365.az