Bakı–Praqa xətti güclənir: Səfərin arxasındakı geosiyasət

Bakı–Praqa xətti güclənir: Səfərin arxasındakı geosiyasət
14:18

"Andrey Babişin Çexiya hökumət başçısı kimi Azərbaycana etdiyi səfər zahirən adi diplomatik təmas təsiri bağışlasa da, əslində daha geniş strateji yanaşmanın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Bu addım Praqanın yalnız Cənubi Qafqazda deyil, eyni zamanda Mərkəzi Asiya istiqamətində də fəallığını artırmaq niyyətindən xəbər verir."

Bunu politoloq Züriyyə Qarayeva News365.az-a açıqlamasında deyib. 


"Bu kontekstdə Azərbaycanin seçilməsi təsadüfi deyil. Bakı artıq illərdir ki, regionda sabitlik, enerji əməkdaşlığı və tranzit imkanları baxımından etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Bu səfər yeni münasibətlərin başlanğıcı deyil, daha çox mövcud əlaqələrin praktiki müstəviyə keçidinin göstəricisidir.

İki ölkə arasında münasibətlərin əsasını iqtisadiyyat və enerji sektoru təşkil edir. Çexiya Avropa daxilində sənaye və enerji təhlükəsizliyinə xüsusi önəm verən ölkələrdən biri kimi Azərbaycanla əməkdaşlıqda alternativ və davamlı mənbələr görür. Təhlükəsizlik sahəsində əməkdaşlıq isə birbaşa hərbi ittifaq xarakteri daşımır; burada daha çox regional sabitlik, enerji infrastrukturlarının qorunması və siyasi dialoq ön plandadır.

Səfərin diqqətçəkən məqamlarından biri onun daha geniş regional çərçivədə baş verməsidir. Yalnız Bakı ilə məhdudlaşmayan bu marşrut Mərkəzi Asiya ölkələrini də əhatə edir. Bu isə onu göstərir ki, Avropa artıq regiona parçalanmış deyil, vahid geosiyasi məkan kimi yanaşmağa başlayır. Azərbaycan isə bu sistemdə həm coğrafi mövqeyi, həm də siyasi çəkisi ilə körpü rolunu oynayır.

Belə səfərlər ümumilikdə regionda qüvvələr balansına incə, lakin davamlı təsir göstərir. Azərbaycanın müxtəlif güc mərkəzləri ilə paralel əməkdaşlıq modeli onun xarici siyasətində elastikliyi qorumağa imkan verir və hər hansı bir istiqamətdən asılılığı minimuma endirir.

Nəticə etibarilə, Bakı həm Avropa ilə əlaqələrini dərinləşdirir, həm də region daxilində strateji mövqeyini gücləndirir. Bu isə uzunmüddətli perspektivdə həm siyasi sabitlik, həm də diplomatik manevr imkanları baxımından əhəmiyyətli üstünlük yaradır."


Sizin reklam burada
Sizin reklam burada