Yaxın dövrdə kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrində bir sıra mühüm normativ-hüquqi təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.
News365.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə deyib.
Nazir bildirib ki, ilk olaraq aqrar sahədə qanunvericiliyin sistemləşdirilməsi məqsədilə “Aqrar sahə haqqında” yeni qanunun hazırlanması planlaşdırılır:
“Bu sənəd kənd təsərrüfatı fəaliyyəti, məhsul və istehsalçı anlayışlarını vahid hüquqi çərçivədə təsbit edəcək, aqrar xidmətlər və dövlət dəstəyi mexanizmlərinin hüquqi əsaslarını formalaşdıracaq. Eyni zamanda aqrar terminologiyanın unifikasiyası, kənd yerlərinin inkişafı və dayanıqlı istehsal kimi müasir yanaşmaların qanunvericilikdə əksini tapmasına imkan yaradacaq”.
M.Məmmədov vurğulayıb ki, balıqçılıq və akvakultura sahəsində isə 1998-ci ildən qüvvədə olan qanunvericiliyin yenilənməsi nəzərdə tutulur.
“Yeni “Balıqçılıq haqqında” qanun rəqəmsallaşmanın genişləndirilməsini, uçot və qeydiyyatın sadələşdirilməsini, elektron xidmətlərin tətbiqini və idarəetmənin təkmilləşdirilməsini təmin edəcək. Bununla yanaşı, nəzarətin gücləndirilməsi vasitəsilə su bioresurslarının qorunması və qanunsuz ovçuluğun qarşısının alınması hədəflənir”.
Nazir əlavə edib ki, bitkiçilik sektorunda isə toxumçuluq sahəsində islahatlar planlaşdırılır:
“Toxumçuluq haqqında” qanunun beynəlxalq standartlara uyğun şəkildə yenilənməsi nəzərdə tutulur. Yeni hüquqi çərçivə sertifikatlaşdırma və toxumların təsnifatını, elektron xidmətlərin genişləndirilməsini və özəl sektorun elit toxum istehsalında iştirakını əhatə edəcək. Eyni zamanda toxumların idxal və ixracına nəzarətin gücləndirilməsi və keyfiyyətsiz toxum dövriyyəsinin qarşısının alınması da əsas prioritetlər sırasındadır”.