Fransanın regiondakı mövqeyi zəifləyir

Fransanın regiondakı mövqeyi zəifləyir
16:41

Fransanın Cənubi Qafqaz siyasəti və regiondakı təsir imkanları son illərdə yenidən müzakirə mövzusuna çevrilib. Ekspertlər hesab edirlər ki, Parisin bölgədə fəallıq nümayiş etdirmək cəhdlərinə baxmayaraq, onun real təsir imkanları məhdud olaraq qalır.

Bu fikirləri politoloq Asif Nərimanlı News365.az-a açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, həm daxili, həm də xarici amillər nəzərə alındıqda Fransanın Cənubi Qafqazla münasibətləri digər regionlarla müqayisədə daha zəif görünür.

"Fransanın Cənubi Qafqaz ölkələri ilə əlaqələrinə və regiondakı mövqeyinə baxdıqda görürük ki, Parisin burada təsir imkanları qonşu regionlarla müqayisədə daha məhduddur. Bunun əsas səbəblərindən biri Fransanın bölgədə öz maraqlarını istədiyi səviyyədə reallaşdıra bilməməsidir", – deyə politoloq bildirib.

A.Nərimanlı qeyd edib ki, regionda formalaşan yeni siyasi reallıqlar Fransanın proseslərə təsir imkanlarını daha da zəiflədib.

"Bu vəziyyət faktiki olaraq Fransanın Cənubi Qafqazda kənarda qalmasına gətirib çıxarır. Çünki bölgədə yaranan yeni geosiyasi balans Parisin gözləntiləri ilə üst-üstə düşmür", – deyə o vurğulayıb.

Politoloqun fikrincə, Fransa qlobal siyasətdə daha böyük rol oynamağa çalışsa da, mövcud potensialı bu ambisiyaları tam reallaşdırmağa imkan vermir.

"Fransanın siyasi ambisiyaları kifayət qədər böyükdür. Xüsusilə yenidən formalaşan dünya nizamında aparıcı dövlətlərdən biri olmaq istəyir. Lakin reallıqlar göstərir ki, ölkənin mövcud siyasi və geosiyasi imkanları bu hədəflərə tam çatmağa yetərli deyil", – deyə Asif Nərimanlı əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada