Loqopeddən şok xəbərdarlıq: Uşağa söyüş öyrədilməsin

Loqopeddən şok xəbərdarlıq: Uşağa söyüş öyrədilməsin
16:49

Azyaşlı uşağa yaxın qohumlarından biri tərəfindən söyüş ifadələrinin öyrədilməsi sosial şəbəkələrdə və ictimaiyyət arasında narazılıqla qarşılanıb.

Məsələ ilə bağlı fikirlərini News365.az-a bölüşən loqoped Şəhla Əliyeva belə davranışların uşaqların psixoloji və nitq inkişafına mənfi təsir göstərdiyini bildirib.

Onun sözlərinə görə, uşaqlar eşitdikləri söz və davranışları tez mənimsəyərək gündəlik həyatlarında tətbiq etməyə çalışırlar:

"Bu cür hallarla qarşılaşanda həqiqətən təəssüflənirəm. Uşağa söyüş və ya nalayiq ifadələr öyrətmək əyləncə kimi görünə bilər, amma bunun mənfi nəticələri var. Uşaq hansı mühitdə böyüyürsə, həmin mühitin davranışlarını və danışıq tərzini özündə formalaşdırır", – deyə o qeyd edib.

Loqoped vurğulayıb ki, valideynlər və yaxın ətraf uşaqların yanında istifadə etdikləri sözlərə xüsusi diqqət yetirməlidirlər.

Ş. Əliyevanın sözlərinə görə, erkən yaşlarda formalaşan nitq vərdişləri sonrakı dövrlərdə uşağın ünsiyyət bacarıqlarına və sosial münasibətlərinə təsir göstərə bilər.

Mütəxəssis hesab edir ki, uşaqlara düzgün nitq mədəniyyətinin aşılanması, nəzakətli danışıq formalarının öyrədilməsi və sağlam ailə mühitinin yaradılması onların gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır.


Sizin reklam burada
Sizin reklam burada