Kremlin hədəfi Paşinyandır? - Politoloqdan açıqlama

Kremlin hədəfi Paşinyandır? - Politoloqdan açıqlama
16:25

Rusiyanın son dövrlərdə Ermənistana qarşı sərgilədiyi sərt mövqe və səsləndirdiyi bəyanatlar İrəvanın Avropa İttifaqı ilə yaxınlaşma siyasəti fonunda diqqət çəkir.

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov News365.az-a açıqlamasında bildirib ki, Moskvanın son reaksiyaları daha çox Ermənistan hakimiyyətinə siyasi təzyiq xarakteri daşıyır.


Onun sözlərinə görə, Ermənistanın Avropa İttifaqına inteqrasiya ilə bağlı qərarları yeni deyil və bu proses təxminən 15 ay əvvəl başlayıb:

"Ermənistanın Avropa İttifaqı ilə bağlı qəbul etdiyi qərarlar yeni deyil. Bu proses 15 ay əvvəl başlayıb və həmin dövrdə Rusiya tərəfindən belə sərt reaksiyalar müşahidə olunmurdu. Son bir aya qədər Moskva bu məsələyə daha təmkinli yanaşırdı. Ermənistan parlamentinin qəbul etdiyi qərar isə hələ Avropa İttifaqına rəsmi üzvlük müraciəti demək deyil. Nə müraciət olunub, nə də üzvlük prosesi başlayıb. Üstəlik, Avropa İttifaqına üzvlük kifayət qədər uzun və mürəkkəb prosedurdur", – deyə politoloq bildirib.

O.Qasımov hesab edir ki, Rusiyanın son açıqlamaları daha çox Ermənistanı təhdid etməyə və rəsmi İrəvanı öz xarici siyasət kursunda korrektələr etməyə məcbur etməyə yönəlib:

"Necə olur ki, 15 ay əvvəl qəbul edilən qərar indi Rusiyanın yadına düşür? Bu addımların əsas məqsədi Nikol Paşinyan hakimiyyətinə təzyiq göstərmək, Ermənistanın Qərbə inteqrasiyasını ləngitmək və Moskva ilə münasibətləri qorumağa məcbur etməkdir", – deyə o vurğulayıb.

Politoloqun fikrincə, Kreml üçün əsas hədəf seçkilər yolu ilə hakimiyyət dəyişikliyinə nail olmaq idi. Lakin Rusiyanın dəstəklədiyi siyasi qüvvələrin cəmiyyətdə yetərli nüfuza malik olmaması bu planın həyata keçirilməsini çətinləşdirib.

"Rusiya da yaxşı anlayır ki, dəstəklədiyi qüvvələrin seçki yolu ilə hakimiyyətə gəlmək imkanları məhduddur. Buna görə də ikinci plan parlamentdə daha çox tərəfdar qüvvələrin təmsil olunmasına nail olmaq və mühüm siyasi qərarlara təsir göstərməkdən ibarətdir", – deyə O.Qasımov qeyd edib.

Ekspert bildirib ki, müxalifətin parlamentdə təmsilçiliyinin artması da Moskvanın təsir imkanlarını genişləndirmək məqsədinə xidmət edir:

"Bu gün Rusiya seçkilərin nəticələri ətrafında müzakirələr yaratmağa, müxtəlif etiraz mexanizmlərini dəstəkləməyə və Ermənistanda daxili siyasi təzyiq mühitini gücləndirməyə çalışır. Məqsəd Paşinyan hakimiyyətinin manevr imkanlarını məhdudlaşdırmaqdır", – deyə politoloq əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada