Azərbaycan və Çin arasında hərbi əməkdaşlıq: Birgə istehsal layihələrinə start verilir

Azərbaycan və Çin arasında hərbi əməkdaşlıq: Birgə istehsal layihələrinə start verilir
13:35

Şuşada keçirilən IV Qlobal Media Forumunda Prezident İlham Əliyevin Azərbaycan-Çin hərbi əməkdaşlığı ilə bağlı səsləndirdiyi fikirlər müdafiə sənayesi sahəsində yeni perspektivlərə işarə edir. Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Azərbaycan artıq Çindən bir sıra hərbi təyinatlı məhsullar əldə edib və bu istiqamətdə birgə istehsal layihələri də həyata keçirilir.

News365.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, ötən il Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı bu sahədə mühüm təmaslar baş tutub.


"Ötən il ölkə başçısının Çinə dövlət səfəri zamanı həmin ölkənin aparıcı hərbi sənaye kompleksi rəhbərləri ilə görüş keçirildi. Görüşdə Azərbaycan Prezidentinə Çinin müdafiə sənayesinin istehsal etdiyi müasir hərbi məhsullar təqdim olundu, onların texniki-taktiki xüsusiyyətləri barədə ətraflı məlumat verildi.

Artıq Azərbaycan həmin hərbi təyinatlı məhsulların bir qismini, xüsusilə raket-artilleriya qoşunları üçün nəzərdə tutulan vasitələri əldə edib. Bununla yanaşı, rabitə qoşunlarımızın tələbatını ödəyəcək müasir sistemlər də ölkəmizə gətirilib.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu məhsulların bir hissəsi artıq Azərbaycandadır və Silahlı Qüvvələrimizin keçirdiyi hərbi təlimlərdə onlardan istifadə olunur. Həmçinin Zəfərin beşilliyinə həsr olunmuş hərbi nümayiş zamanı həmin texnikaların bir qismi Azadlıq meydanında ictimaiyyətə təqdim edilmişdi.

Eyni zamanda, Çin mütəxəssislərinin iştirakı ilə Müdafiə Sənayesi Nazirliyində birgə layihələr həyata keçirilir. Bu əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Məqsəd yalnız Azərbaycanın daxili tələbatını ödəmək deyil, gələcəkdə birgə istehsal ediləcək məhsulların postsovet məkanına və digər ölkələrin hərbi bazarlarına çıxarılmasıdır.

Hər il dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq hərbi sərgilərdə Azərbaycan həm öz istehsalı olan, həm də Çin, Türkiyə və digər tərəfdaş ölkələrlə birgə hazırladığı hərbi məhsulları nümayiş etdirir. Bu da ölkəmizin müdafiə sənayesi sahəsində imkanlarının genişləndiyini göstərir", – deyə Üzeyir Cəfərov vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada