Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanın Britaniya silahlarından istifadə etməklə Rusiya ərazisinə zərbələr endirməsinə cavab olaraq Britaniyanın hərbi obyektlərinin hədəfə alına biləcəyini açıqlayıb.
News365.az xəbər verir ki, Zaxarova bu barədə avqustun 27-də keçirilən brifinqdə danışıb.
Onun sözlərinə görə, Ukraynanın Britaniya istehsalı və ya Britaniya tərəfindən təqdim edilən silahlardan istifadə etməklə Rusiya ərazisinə endirdiyi zərbələrə cavab olaraq Ukraynada və onun hüdudlarından kənarda yerləşən istənilən Britaniya hərbi obyekti və texnikası hədəfə çevrilə bilər.
“Rusiya dəfələrlə xəbərdarlıq edib ki, Britaniya silahlarından istifadə etməklə Rusiya ərazisinə endirilən Ukrayna zərbələrinə cavab olaraq Britaniyanın Ukraynadakı və onun hüdudlarından kənardakı istənilən hərbi obyekt və texnikası hədəf ola bilər”, – Zaxarova bildirib.
Diplomat həmçinin Ukraynada xarici hərbi kontingentlərin yerləşdirilməsini qəbuledilməz adlandırıb. Onun sözlərinə görə, Rusiyanın hərbi əməliyyatlarının aparılmasına mane olacaq xarici qüvvələr Moskva tərəfindən qanuni hərbi hədəf kimi qiymətləndiriləcək. Bu mövqe Zaxarova tərəfindən daha əvvəl də səsləndirilib.
Zaxarovanın son açıqlaması Britaniyanın Ukraynaya uzunmənzilli Storm Shadow raketlərinin istehsalı üçün texnologiyaya çıxış verməsi ilə bağlı son qərarların fonunda səslənib. Reuters-in məlumatına görə, London Kiyevə bu raketlərin istehsalı üçün məxfi texnologiyalara çıxış verməyə razılıq verib.