Xəzər dənizində suyun səviyyəsinin sürətlə aşağı enməsi regional ekoloji mənzərəni dəyişməkdə davam edir. Bu prosesin son bariz nümunəsi Qazaxıstanın Manqistau vilayəti sahillərində qeydə alınıb – dəniz dibindəki relyef yüksəkliyinin sudan çıxması ilə ərazidə yeni ada formalaşıb.
“Rıbaçi” adı verilən yeni quru sahəsi şimali Xəzərdə, Svyatoy adasından cəmi 500 metr şərqdə yerləşir. Ərazi Bautino yaşayış məntəqəsindən təxminən 30 kilometr uzaqlıqdadır. Son 4-5 il ərzində şimal zonasında suyun kəskin çəkilməsi yeni torpaq sahələrinin üzə çıxmasını sürətləndirib.
Ekspert rəyi: Bu təbii haldır, yaxud ekoloji fəlakət?
Məsələ ilə bağlı News365.az -a özəl açıqlama verən ekoloq Ənvər Əliyev bildirib ki, dəniz suyunun çəkilməsi nəticəsində qədim dib relyeflərinin – hündürlük və yüksəkliklərin üzə çıxması tamamilə normal geoloji prosesdir:
“Xəzərin minilliklər boyu formalaşan tarixində dəniz səviyyəsi dəfələrlə dəyişib. Su çəkildikcə minillər öncə su altında kalmış adalar yenidən görünür, səviyyə qalxanda isə tədricən yoxa çıxır. Burada vahiməli və ya gözlənilməz bir şey yoxdur. Xəzər gələcəkdə öz təbii dövrünə qayıdıb stabilləşdikdən sonra dəniz səviyyəsi yenidən qalxa bilər və bu adalar yenidən su altında qalar.”
Əsas risk nədir?
Ekoloqun sözlərinə görə, əsl təhlükə adaların ortaya çıxmasında deyil, dəniz səviyyəsinin tərəddüd etməsinin sahil infrastrukturlarına vuracağı zərərdədir:
Dənizin geri çəkilməsi limanların, sahil obyektlərinin və kommunikasiya xətlərinin normal fəaliyyətinə mane olur.
Eyni zamanda, gələcəkdə suyun birdən-birə olmasa da, tədricən yüksəlməsi sahil zonasındakı tikililər üçün əlavə fesadlar yaradacaq.
Hazırda ekspertlər dəniz səviyyəsinin müəyyən müddətdən sonra stabilləşəcəyini və bərpa dövrünə qədəm qoyacağını istisna etmirlər.