Tarakanlar insanları xilas edəcək – 95% uğurlu inyeksiya

Tarakanlar insanları xilas edəcək – 95% uğurlu inyeksiya
15:55

Avstraliyalı mühəndislər axtarış-xilasetmə əməliyyatlarında istifadə olunması nəzərdə tutulan kiborq tarakanlar hazırlayıblar. Miniatür kameralar və məsafədən idarə olunan tibbi inyeksiya sistemləri ilə təchiz edilən həşəratların insanların və xilasetmə qruplarının çata bilmədiyi dar və təhlükəli ərazilərə göndərilməsi planlaşdırılır.

News365.az xəbər verir ki, layihə Kvinslend Universiteti ilə Yeni Cənubi Uels Universitetinin (UNSW) mühəndislərinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Tədqiqatçıların məqsədi dağıntılar, mağaralar və digər məhdud məkanlarda insan müdaxiləsi olmadan ilkin məlumatların toplanması və zəruri hallarda tibbi yardım göstərilməsidir.

Həşəratlara elektron sistemlər yerləşdirildi

Tədqiqat zamanı Avstraliyaya məxsus nəhəng yuva quran tarakandan — Macropanestia rhinoceros növündən istifadə olunub.

Həşəratların üzərinə yüngül elektron avadanlıqlar, miniatür kameralar və uzaqdan aktivləşdirilə bilən avtomatlaşdırılmış inyeksiya mexanizmləri yerləşdirilib.

Layihənin iştirakçılarından, Kvinslend Universitetinin biorobototika üzrə mühəndisi Thanq Vo-Doan bildirib ki, məqsəd həşəratları yalnız ətraf mühitdən məlumat toplayan sensorlar kimi deyil, gələcəkdə ilkin müdaxilə imkanlarına malik sistemlər kimi istifadə etməkdir.

Onun sözlərinə görə, tibbi müdaxilə ilə bağlı bütün mühüm qərarlar isə insan nəzarətində qalacaq.

İnyeksiyalarda 95 faiz uğur əldə edildi

Aparılan sınaqlarda kiborq həşəratlarının yaxın məsafədən inyeksiya həyata keçirməsində 95 faiz uğur göstəricisi nümayiş etdirdiyi bildirilib.

Naviqasiya və inyeksiya da daxil olmaqla bütün tapşırığın uğurla tamamlanma göstəricisi isə 72 faiz təşkil edib.

Elektron sistemlərin həşəratlara yerləşdirilməsi zamanı onlara anesteziya tətbiq olunub. Tədqiqatçıların məlumatına görə, avadanlıqlar çıxarıldıqdan sonra tarakanlar normal həyat fəaliyyətlərini davam etdirə biliblər.

Dağıntıların arasına girə biləcəklər

Yeni texnologiyanın əsas üstünlüklərindən biri onun insanların fiziki olaraq daxil ola bilmədiyi məkanlarda istifadə imkanlarıdır.

Dağılmış binaların dağıntıları, dar keçidlər, mağaralar və digər təhlükəli qapalı ərazilər kiborq həşəratların potensial tətbiq sahələri hesab olunur.

Mütəxəssislər hesab edirlər ki, texnologiyanın inkişafı ilə bu həşəratlar görüntünü real vaxt rejimində ötürə, ətraf mühit barədə məlumat toplaya və lazım gəldikdə uzaqdan idarə olunan tibbi müdaxilə həyata keçirə biləcəklər.

Tədqiqatçılar mühəndislik və sahə sınaqlarının uğurla başa çatacağı təqdirdə, kiborq həşəratlardan ibarət sistemlərin 5-10 il ərzində real fəlakət və xilasetmə əməliyyatlarında istifadə oluna biləcəyini proqnozlaşdırırlar.

Beləliklə, gələcəyin axtarış-xilasetmə texnologiyaları arasında robot itlərlə yanaşı, ölçüsü bir neçə santimetr olan kiborq həşəratlar da yer ala bilər.


Sizin reklam burada
Sizin reklam burada