Təqvimdəki yaşımızla orqanizmimizin real vəziyyəti hər zaman üst-üstə düşmür. Bəzən 50 yaşlı bir insanın orqanizmi hüceyrə səviyyəsində daha gənc, bəzən də əksinə, gənc birinin orqanizmi vaxtından əvvəl qocalmış olur. Bəs uzun və sağlam ömrün sirri nədədir?
Mövzu ilə bağlı News365.az-a açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov bildirib ki, bioloji yaşlanmanın sürəti birbaşa həyat tərzimizdən asılıdır.
Bioloji qocalmanı nə sürətləndirir?
Mütəxəssis qeyd edib ki, xüsusi analizlərlə təyin olunan bioloji yaşın artmasına təsir edən əsas amil hüceyrələrdəki telomerlərin qısalmasıdır:
Mütəmadi stress və münaqişələr: Xüsusilə boşanma ərəfəsində yaşanan uzunmüddətli psixoloji gərginlik və ailədaxili konfliktlər insan orqanizmini sürətlə qocaldır.
Yanlış qidalanma və yuxusuzluq: Düzgün rejim olmadıqda hüceyrə səviyyəsində qocalma prosesi kəskin şəkildə sürətlənir.
Bioloji yaşı ləngitməyin 4 QIZIL QAYDASI
Emin Məmmədov bioloji yaşlanmanı ləngitmək və orqanizmi gənc saxlamaq üçün həlledici addımları sıralayıb:
Keyfiyyətli yuxu rejimini təmin edin: Yuxu bədənin təməlidir. Həkim vurğulayır ki, yuxu normal olmasa, dünyanın ən sağlam qidası belə fayda verməyəcək. Yuxu zamanı beyində təmizlənmə gedir və bu, gələcəkdə ağır neyroloji xəstəliklərin qarşısını alır.
Emal olunmuş qidalardan imtina edin: Paketlənmiş, kimyəvi qatqılı qidalardan uzaq durmaq bağırsaq mikroflorasını qorumağın ilk şərtidir.
Fiziki aktivliyi artırın: Mütəmadi piyada yürüşləri etmək və əzələlərə adekvat yük vermək maddələr mübadiləsini yeniləyir.
Stressi idarə etməyi öyrənin: Emosional gərginliyi azaltmaq orqanizmin yenilənmə resurslarını bərpa edir.