Azərbaycanın məşhur xanəndəsi Məhəbbət Kazımov bu sözləri vəfatından az əvvəl yaxınlarına demişdi. Sənətkarın ölümü ilə bu sözlər, demək olar ki, gerçəyə çevrildi. Onun yas mərasiminə minlərlə insan qatıldı, sənətkar son mənzilə ən məşhur əsəri olan “Laçınım” mahnısının sədaları altında yola salındı.
Məhəbbət Kazımovun yaxınlarına etdiyi son vəsiyyəti isə doğulduğu torpaqla bağlı idi:
“Laçın işğaldan azad olunsa, qəbrimi Laçına aparın, məni doğulduğum torpaqda dəfn edin.”
Bəs Laçın sevgisini ömrünün sonuna qədər qəlbində daşıyan Məhəbbət Kazımov kim idi?
Möhübbət Allahverdi oğlu Kazımov 1953-cü il iyulun 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Ailədə səkkiz bacı və dörd qardaş olublar. Atası Allahverdi kənd təsərrüfatı ilə məşğul olub, anası Südabə isə evdar qadın olub.
İlk təhsilini Şamkənd kənd orta məktəbində alan Məhəbbət Kazımov 1974-cü ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna qəbul olub. İlk muğam dərslərini Nəriman Əliyevdən alıb, daha sonra Ağaxan Abdullayevin sinfində təhsilini davam etdirib.
1976-cı ildən peşəkar səhnədə fəaliyyət göstərən sənətkar “Dan Ulduzu” ansamblının solisti olub. Azərbaycanın müxtəlif konsert salonlarında solo çıxışlar edən Məhəbbət Kazımov Türkiyə, Rusiya, İran, Çexoslovakiya və digər ölkələrdə qastrol səfərlərində də olub.
Maraqlıdır ki, sənətkarın əsl adı Möhübbət idi.
Bir gün diktor Roza Tağıyeva efirdə həyəcanlandığı üçün onun adını səhvən “Məhəbbət” kimi səsləndirib. Bundan sonra sənətkar bütün ölkədə məhz Məhəbbət Kazımov adı ilə tanınmağa başlayıb.
1990-cı ildə ailə həyatı quran sənətkarın üç övladı olub. Milli musiqi və muğam ifaçısı kimi tanınan Məhəbbət Kazımov eyni zamanda bir sıra mahnılara musiqi bəstələyib.
Onun yaradıcılığının ən məşhur nümunələrindən biri isə, şübhəsiz, “Laçınım” mahnısı idi.
“Laçınım” Məhəbbət Kazımovun yaradıcılığında xüsusi yer tuturdu. Şair Zahir Abbas mahnının yaranma tarixini xatırlayarkən bildirirdi ki, Məhəbbət Kazımov bir gün Fəxrəddin adlı yol polisi əməkdaşının yazdığı “Laçınım” şeirini zümzümə etməyə başlayıb.
Sənətkar mahnını ifa edərkən studiyada olan sənətçilərin belə kövrəldiyi, hətta Arif Babayevin ağladığı bildirilir.
Məhəbbət Kazımov mahnını Könül Kərimova ilə birlikdə məşq etdikdən sonra “Səbuhi” studiyasında lentə aldırıb.
Lakin mahnının efirə çıxarılması zamanı müəyyən tərəddüdlər yaranıb. Çünki Laçın işğal altında idi və mahnının melodiyasındakı oynaq ruhun cəmiyyət tərəfindən necə qarşılanacağı sual doğururdu.
Nəhayət, mahnı Azərbaycan əsgərləri qarşısında keçirilən konsertdə səsləndirilib və AzTV həmin konserti efirə verib. Bundan sonra “Laçınım” qısa müddətdə böyük populyarlıq qazanıb. Məhəbbət Kazımovun kasetləri minlərlə nüsxə ilə satılıb.
Sonradan Osman Alıyev adlı şəxs mahnının sözlərinin müəllifinin özü olduğunu bildirib. Uzun söhbətdən sonra Məhəbbət Kazımov onun sözlərinə inanıb və növbəti kaset buraxılışlarında söz müəllifi kimi Osman Alıyevin adının qeyd edilməsini təmin edib.
“Laçınım” Məhəbbət Kazımov üçün sadəcə mahnı deyildi. Bu əsər onun doğulduğu torpağa olan sevgisinin və Laçın həsrətinin ifadəsi idi.
Ailə üzvlərinin və dostlarının sözlərinə görə, sənətkar mahnını ifa edərkən tez-tez kövrəlirdi. Bəzən ifadan sonra səhhətində problemlər yaranırdı.
Hətta bir dəfə toy məclislərindən birində qonaqlar “Laçınım” mahnısının sədaları altında rəqs etməyə başlayıblar. Məhəbbət Kazımov isə mikrofonu masanın üzərinə qoyaraq məclisi tərk edib.
Sonradan bunun səbəbini soruşanda isə yalnız bir cümlə deyib:
“Bu mahnıya oynayıb, əl çalmayın.”
Məhəbbət Kazımovun Könül Kərimova ilə ifa etdiyi duetlər onların hər ikisinə böyük populyarlıq qazandırıb.
Könül Kərimovanın sənətə gəlməsində də Məhəbbət Kazımovun xüsusi rolu olub. O, Könülün səsini ilk dəfə Ağcabədidə keçirilən toy məclisində eşidib və onunla birlikdə çalışmağı təklif edib.
Sonrakı illərdə Könül Kərimova solo fəaliyyətə başlayıb. İki sənətçi arasında müəyyən soyuqluq yaransa da, Məhəbbət Kazımov onların düşmən olması barədə yayılan xəbərləri təkzib edib və yalnız incidiyini bildirib.
Sənətkar yazıçı Seyran Səxavətin “İlk məhəbbətim” şeirinə də musiqi bəstələyib. Seyran Səxavət sonralar həmin mahnının təqdimatını xatırlayaraq Məhəbbət Kazımovla dostluq münasibətlərindən danışıb.
Məhəbbət Kazımov doğulduğu bölgənin adət-ənənələrinə bağlı, mühafizəkar həyat tərzi ilə seçilən sənətkar olub. Ailəsini mediadan uzaq saxlayıb, şəxsi həyatı barədə danışmağı sevməyib.
Bu mövzuda suallar veriləndə isə adətən qısa cavab verib:
“Şəxsi həyatım yalnız mənə aiddir.”
Sənətkarın xaricdə yaşayan azərbaycanlılar arasında da böyük hörməti olub. O, Vladivostoka konsert verməyə gedərkən orada yaşayan soydaşlarımız tərəfindən 70-80 avtomobildən ibarət böyük karvanla qarşılanıb.
Məşhurluğunun ən yüksək dövründə Məhəbbət Kazımov səhhətində yaranan problemlərlə mübarizə aparmağa başlayıb. Şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkən sənətkar uzun müddət müalicə alıb, hətta İranda da müalicə olunub.
Ölümündən təxminən dörd il əvvəl həkimlər ona oxumağı qadağan ediblər. Səbəb isə sənətkarın mahnıları həddindən artıq emosional və ürəkdən ifa etməsi olub.
Həyat yoldaşının bu barədə dediyi bir cümlə isə Məhəbbət Kazımovun sənətə bağlılığını əks etdirirdi:
“Məhəbbətə hər şeyi qadağan etmək olar, amma oxumağı yox.”
İrandan qayıtdıqdan sonra həkimlər sənətkara qripdən qorunmağı tövsiyə ediblər. Bir neçə gün evdən çıxmayan Məhəbbət Kazımov buna baxmayaraq qripə yoluxub və səhhəti ağırlaşıb.
Öldüyü gün onun səhhətində ciddi problem müşahidə edilməyib. Lakin gecə vəziyyəti qəfil pisləşib.
Evi ilə təcili yardım stansiyasının arasında cəmi bir neçə dəqiqəlik məsafə olsa da, həkimlər çatana qədər Məhəbbət Kazımov dünyasını dəyişib.
Sənətkar Xırdalan qəbiristanlığında dəfn olunub.
Onun ölümü ailəsi, dostları və sənət cameəsi üçün gözlənilməz olub. Lakin ölümündən əvvəl dediyi “Mən ölümümlə tarix yazacam” sözləri sonradan gerçəyə çevrilib.
Minlərlə insan onun yas mərasiminə axışıb. Məhəbbət Kazımov son mənzilə məhz ömrünün ən böyük sevgilərindən biri olan “Laçınım” mahnısının sədaları altında yola salınıb.
Və onun son vəsiyyəti bu gün də yaddaşlarda yaşayır:
“Laçın işğaldan azad olunsa, qəbrimi Laçına aparın, məni doğulduğum torpaqda dəfn edin.”