Ölkədə pensiya artımları zamanı rəsmi inflyasiya rəqəmlərinin əsas götürülməsi yaşlı təbəqənin maliyyə təminatını adekvat əks etdirmir. Bazarın reallıqları ilə rəsmi statistika arasındakı uyğunsuzluq pensiyaçıların alıcılıq qabiliyyətinə birbaşa təsir edir.
Məsələ ilə bağlı News365.az-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli pensiya təminatı sistemindəki mövcud yanaşmanı və dəyişdirilməsi vacib olan məqamları təhlil edib.

Ekspertin sözlərinə görə, Mərkəzi Bank və Maliyyə Nazirliyinin proqnozları əsasında formalaşan rəsmi inflyasiya 6–6.5% civarındadır. Bu çərçivədə ilin əvvəlində pensiyalarda 10 faizlik indeksləşmə aparılsa da, faktiki bahalaşma tamamilə fərqli mənzərə yaradır:
Yanvar–iyun aylarında rəsmi olaraq ərzaq qiymətləri 15%-dən çox, bəzi əsas qida məhsulları üzrə isə 17%-dək artıb.
Pensiyaçıların ən çox xərc çəkdiyi tibb və preparat bazarında qiymət artımı 20%-ə yaxınlaşır.
Son iki ildə əmək və istehlak bazarındakı real qiymət artımları rəsmi rəqəmləri üstələyərək iki rəqəmli səviyyəyə yüksəlib.
R.Abbasbəyli vurğulayır ki, yaşlı insanların büdcəsini qorumaq üçün indeksləşmə ümumi statistikaya görə deyil, pensiyaçının spesifik xərclərinə uyğun aparılmalıdır:
"İnkişaf etmiş ölkələrdə yaşlı təbəqənin sosial müdafiəsi onların gündəlik tələbatına uyğunlaşdırılır. Azərbaycanda da pensiya artımı hesablanarkən ən azı üç əsas istiqamət – ərzaq, tibbi xidmət/dərman və istirahət xərcləri nəzərə alınmalıdır. Bu üç sahə üzrə illik bahalaşma artıq 20–30% təşkil edir. Məhz bu göstərici əsas götürülərsə, pensiyaların artımı daha ədalətli və real olar."