Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
News365.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Qərarı hakim Sarkis Dadoyan qəbul edib.
Bildirilib ki, hazırda Robert Köçəryan xəstəxanadadır. O, səhər saatlarında xəstəxanaya çatdırılıb.
Robert Köçəryan ölkə prezidenti olduğu dövrdə digər şəxslərlə əlbir olaraq, vəzifə səlahiyyətlərindən istifadə etməklə bir sıra ictimai və iqtisadi əhəmiyyətli obyektləri bazar qiymətindən aşağı qiymətə əldə etməkdə ittiham olunur.
Siyasətçi saxlanıldığı gün səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib, daha sonra məhkəməyə aparılıb.
Qeyd edək ki, avqustun 25-də Ermənistanın keçmiş liderinin böyük oğlu Sedrak Köçəryan da həbs edilib.
***
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan məhkəmə iclası başlayandan təxminən yeddi saat sonra yenidən xəstəxanaya yerləşdirilib.
News365.az xəbər verir ki, bu barədə “Yerevan Today” məlumat yayıb.
Robert Köçəryanın oğlu Levon Köçəryan məhkəmə binası qarşısında jurnalistlərə bildirib ki, həkimlər atasının məhkəmə zalında deyil, xəstəxanada qalmasını məqsədəuyğun hesab ediblər.
“Məhkəmə iclası davam edir. Həkimlər onun məhkəmə zalında deyil, xəstəxanada olmasını düzgün hesab ediblər. Vəkillər işi davam etdirəcəklər. Düşünürəm ki, məhkəmə səhər saatlarına qədər qərar verəcək”, – deyə Levon Köçəryan bildirib.
Qeyd edək ki, avqustun 25-də Köçəryanın ofisinin rəhbəri keçmiş prezidentin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin binasından xəstəxanaya yerləşdirildiyini açıqlamışdı.