Hər gün 10 min addım atmaq sağlam həyat tərzinin əsas göstəricilərindən biri kimi qəbul olunur. Lakin bu rəqəmə çatmaq hər kəs üçün vacib deyil. Mütəxəssislər bildirirlər ki, daha az hərəkət belə orqanizm üçün ciddi fayda verə bilər.
News365.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” səhifəsindəki canlı yayımda deyib.
Onun sözlərinə görə, gündəlik addım sayını artırmaq istəyən şəxslər 10 min rəqəminə çatmadıqda özlərini uğursuz hesab etməməlidirlər. Çünki sağlamlıq üçün faydalı fiziki aktivlik daha aşağı göstəricidən başlayır.
E.Məmmədov qeyd edib ki, aparılan araşdırmalar sağlamlıq baxımından müsbət nəticələrin təxminən 6 min addımdan etibarən müşahidə olunduğunu göstərir.
“Bəzən insanlar 10 min addıma çatmayanda narahat olurlar. Tədqiqatlar göstərir ki, sağlamlığa fayda 6 min addımdan başlayır. 6 min addıma çatmısınızsa, bilin ki, orqanizm bunun faydasını artıq alıb”, – deyə həkim bildirib.
Mütəxəssis xüsusilə yaşlı insanlarla daha gənc şəxslərin fiziki aktivlik hədəflərinin eyni olmamalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, 60 yaşdan yuxarı şəxslər üçün gündəlik 6 min addım, daha gənc insanlar üçün isə 8-10 min addım yaxşı hədəf sayıla bilər.
Həkim bildirib ki, uzunmüddətli araşdırmalarda gündə 8-10 min addım atan insanlarda ürək-damar və metabolik sağlamlıq göstəricilərinin daha yaxşı olduğu, bəzi ciddi xəstəliklərdən ölüm riskinin isə daha aşağı olduğu müəyyən edilib.
E.Məmmədov insanlara bir gündə yüksək rəqəmlərə çatmağa çalışmaq əvəzinə, gündəlik hərəkəti davamlı vərdişə çevirməyi tövsiyə edib.
Yəni sağlam qalmaq üçün hər gün özünüzə “10 minə çatmalıyam” təzyiqi yaratmağa ehtiyac yoxdur. Əsas məsələ hərəkətsiz qalmamaq və gəzintini həyat tərzinin bir hissəsinə çevirməkdir.