Müsəlman aləmində sürətlə formalaşan yeni hərbi-siyasi ox regional təhlükəsizlik arxitekturasını köklü şəkildə dəyişməkdədir. Avqustun 7-də Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan, kollektiv müdafiə prinsipini rəhbər tutan "Məkkə sazişi" artıq digər regional aktortların da diqqət mərkəzindədir. İmzalanmış pakt tərəflərdən birinə hərbi təcavüzü hər üç dövlətə hücum kimi qiymətləndirir. Bu strateji allyansa qoşulmaq niyyətini büruzə verən növbəti dövlət isə Banqladeşdir.
Məsələ ilə bağlı News365.az-a şərh verən politoloq Tural İsmayılov bildirib ki, Dəkkənin bu addımının arxasında bir neçə mühüm amil dayanır:

Müdafiə imkanlarının şaxələndirilməsi: Banqladeş xüsusilə Türkiyə və Pakistanın zəngin hərbi-sənaye kompleksindən, eləcə də texnoloji potensialından daha çox yararlanmaq niyyətindədir. Son illər bu ölkələrlə dərinləşən hərbi-texniki əməkdaşlıq sözügedən marağın təsadüfi olmadığını göstərir.
İqtisadi və strateji asılılıq: Səudiyyə Ərəbistanı Banqladeş üçün təkcə diplomatik tərəfdaş deyil, həm də əmək miqrasiyası, pul köçürmələri və ticarət əlaqələri baxımından həyati önəm daşıyır.
Mürəkkəb geosiyasi dilemma: Dəkkənin bu platformaya daxil olması onu Hindistan, Çin, ABŞ və Yaxın Şərq güclərinin toqquşduğu mürəkkəb təhlükəsizlik mühitinə çəkə bilər. Xüsusilə İslamabadın da yer aldığı hərbi mexanizmə Dəkkənin qatılması Yeni Dehli tərəfindən ciddi narahatlıqla izlənəcək.
Analitik qeyd edib ki, digər müsəlman ölkələrinin də bu formata daxil olması prosesin siyasi çəkisini kəskin artıracaq:
"Əgər genişlənmə baş verərsə, bu artıq üçtərəfli anlaşma çərçivəsindən çıxaraq kollektiv çəkindirmə, kəşfiyyat mübadiləsi və birgə müdafiə texnologiyalarını əhatə edən geniş platformaya çevriləcək. Ankara–İslamabad–Ər-Riyad üçbucağının hərbi, təcrübi və maliyyə sütunları bu strukturu gücləndirsə də, onu indidən 'İslam NATO-su' adlandırmaq tələsik addım olardı. Çünki alyansın hələlik NATO səviyyəsində inteqrasiya olunmuş komandanlığı və institusional mexanizmləri yoxdur."
Ekspertin fikrincə, "Məkkə sazişi"nin coğrafiyasının genişlənməsi müsəlman dövlətlərinin təhlükəsizlikdə regional tərəfdaşlıqlara üstünlük verdiyini sübut edir. Banqladeşin bu prosesə qoşulması isə təhlükəsizlik xəritəsinin Yaxın Şərqdən Cənubi Asiyaya qədər uzandığını göstərir.