Azərbaycan universitetləri TOP-800 hədəfinə çata bildi? – Ekspertdən sərt açıqlama

Azərbaycan universitetləri TOP-800 hədəfinə çata bildi? – Ekspertdən sərt açıqlama
12:15

Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdəki mövqeyi və ölkənin təhsil strategiyasında müəyyənləşdirilən hədəflərin icrası yenidən müzakirə mövzusuna çevrilib. Təhsil eksperti Etibar Əliyev Azərbaycanın ali məktəblərinin dünya reytinqlərindəki nəticələrini tənqid edib və müəyyənləşdirilən hədəflərin tam icra olunmadığını bildirib.

News365.az xəbər verir ki, Etibar Əliyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Ekspert xatırladıb ki, Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiqlənib. Onun sözlərinə görə, strategiyada milli prioritetlər çərçivəsində “XXI əsrin tələblərinə uyğun təhsil” məqsədi müəyyənləşdirilib və 2028-ci ilədək dünya üzrə TOP-800-də yer alan Azərbaycan universitetlərinin sayının üçə çatdırılması hədəfi qoyulub.

Etibar Əliyev bildirib ki, bəzi ali məktəblərin müxtəlif beynəlxalq reytinqlərdə yüksək mövqelərə yüksəlməsi ilə bağlı yanaşmalar mübahisəlidir:

“Universitetlərin bir neçəsi hədəfə çatmaq üçün dünyada heç bir nüfuzu olmayan ‘QS World University Rankings’ və ‘UI GreenMetric’ kimi yandaş reytinqlərə yol tapa bildilər. Xərclənən yüksək məbləğlərə rəğmən edilən simulyasiya barədə təhsil mütəxəssislərinin məlumatı var. Bu hərəkətlər Azərbaycan cəmiyyətini ələ salmağa xidmət edir”.

Ekspert qeyd edib ki, dünya universitetlərinin qiymətləndirilməsində əsas beynəlxalq reytinq sistemlərindən istifadə olunur və onların nəticələri Azərbaycan ali məktəblərinin mövcud vəziyyətini müqayisə etməyə imkan verir.

O, Times Higher Education Dünya Universitetləri Reytinqinin 2027-ci il nəticələrinə də diqqət çəkib. Əliyevin paylaşdığı məlumatlara əsasən, UNEC 2026-cı il reytinqində 801-1000-ci, 2027-ci il reytinqində isə 701-800-cü yerlər arasında qərarlaşıb.

Digər universitetlərlə bağlı isə ekspert aşağıdakı nəticələri qeyd edib:

  • Bakı Dövlət Universiteti – 2025 və 2026-cı illərdə 1500+, 2027-ci ildə 1601-1800;
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – 2025 və 2026-cı illərdə 1500+, 2027-ci ildə 1801-2000;
  • Azərbaycan Texniki Universiteti – 2001+;
  • Azərbaycan Tibb Universiteti – 2001+.

Etibar Əliyev ali təhsil müəssisələrinin, xüsusilə müəllim və həkim hazırlığında mühüm rol oynayan universitetlərin vəziyyətini də tənqid edib:

“Universitetlərimizin indiki durumu, xüsusilə Azərbaycan Pedaqoji Universitetində və Azərbaycan Tibb Universitetindəki, müəllim və həkim hazırlayan əsas ali məktəblərdəki mövcud vəziyyət həqiqətən kollapsdır”.

Ekspert təhsil sistemindəki problemlərə görə Elm və Təhsil Nazirliyinin fəaliyyətini də tənqid edib:

“PISA-dakı geriləməmizə inkişaf donu geyindirməyi ‘bacaran’ nazir bu axsamalara heç bir don geyindirə bilməyəcək. Çünki orta təhsildə olduğu kimi, ali məktəblərin inkişafına da ən böyük zərbə vuran elə onun özüdür”.

Qeyd edək ki, Etibar Əliyevin paylaşımında göstərilən beynəlxalq reytinq göstəriciləri və onun həmin nəticələrə dair qiymətləndirmələri müəllifin mövqeyidir.


Sizin reklam burada
Sizin reklam burada