“Burada obyektiv səbəblər var. Bakı, Sumqayıt və Abşeronda əhali köçü ilə bağlı vəziyyəti başa düşürük. Eyni zamanda, valideynlərin öz istəkləri var və biz bunu idarə edə bilmirik. Valideyn istəyir ki, övladı mütləq müəyyən bir sinifdə və məktəbdə təhsil alsın. Ola bilər ki, qonşu məktəbdə şagird sıxlığı daha azdır, lakin valideyn uşağını ora göndərmək istəmir”.
News365.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən birgə iclasında deyib.
O, “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatların məktəblərdə şagird sıxlığı ilə bağlı suallarını cavablandırıb.
Nazir müavini bildirib ki, bu məsələ müəyyən qədər mübahisəlidir. Bununla belə, son illərdə Bakı, Abşeron və Sumqayıtda məktəblərdəki sıxlığın aradan qaldırılması istiqamətində addımlar atılır və yeni məktəblər tikilir.