Jurnalistin məktəbin qarşısında döyülməsi cəmiyyətdə təhsil, tərbiyə və fikir ayrılıqlarına münasibətlə bağlı ciddi suallar doğurur.
Jurnalist Günel Musa bu barədə yazısında fiziki zorakılığın heç bir halda qəbul edilə bilməyəcəyini vurğulayıb.
Günel Musa qeyd edib ki, hadisənin məktəbin həyətində baş verməsi xüsusilə düşündürücüdür. Onun sözlərinə görə, təhsil müəssisələri yalnız akademik biliklərin verildiyi deyil, eyni zamanda insanlara düzgün davranışın, qarşılıqlı hörmətin və fikir ayrılıqlarını sivil yollarla həll etməyin öyrədildiyi məkanlar olmalıdır.
Jurnalist bildirib ki, riyaziyyat, ədəbiyyat və tarix kimi fənləri öyrənmək insanın mənəvi tərbiyəsinin tam formalaşması üçün kifayət etmir. Əgər əldə edilən biliklər başqasına qarşı zorakılığın qarşısını almırsa, deməli, təhsilin mühüm tərəflərindən biri diqqətdən kənarda qalır.
Günel Musa vurğulayıb ki, baş verənlərə görə bütöv məktəbi, müəllimləri və şagirdləri məsul tutmaq düzgün deyil. Hadisənin bütün təfərrüatları araşdırılmalı, hər kəsin məsuliyyəti hüquqi və obyektiv şəkildə müəyyənləşdirilməlidir.
Bununla belə, jurnalist hadisənin cəmiyyət qarşısında mühüm suallar qoyduğunu diqqətə çatdırıb: uşaqlara öz fikirlərini müdafiə etmək öyrədilir, yoxsa qarşı tərəfi susdurmaq? Onlar etiraz etməyi öyrənirlər, yoxsa etiraz edən şəxsi əzməyi?
Müəllif jurnalistlərin fəaliyyətinin də tənqiddən kənar olmadığını qeyd edib. Onun fikrincə, jurnalist etik qaydaları poza, yanlış sual verə və ya hadisəni qeyri-peşəkar şəkildə işıqlandıra bilər. Lakin belə hallarda narazılıq hüquqi vasitələrlə və ictimai etiraz yolu ilə ifadə olunmalıdır.
Günel Musa hesab edir ki, jurnalistin fəaliyyətində yol verilən heç bir peşə səhvi fiziki zorakılığa haqq qazandırmır. Müəllifin qənaətinə görə, narazılığın arqumentlə ifadə edilmədiyi yerdə zorakılıq ön plana keçir.
News365.az