Son illər nağdsız ödənişlərin genişləndirilməsi və iqtisadi dövriyyənin daha şəffaf olması istiqamətində müxtəlif addımlar atılsa da, bəzi ticarət obyektlərində istehlakçıların kartla ödəniş zamanı müxtəlif maneələrlə qarşılaşması müzakirə mövzusu olaraq qalır.
Xüsusilə iri ticarət komplekslərində və bazarlarda alıcıların POS-terminal vasitəsilə ödəniş etmək istədikdə “terminal işləmir”, “internet yoxdur” və ya başqa səbəblərlə nağd ödənişə yönləndirilməsi həm vətəndaşın seçim imkanlarını məhdudlaşdırır, həm də ticarət dövriyyəsinin şəffaflığı ilə bağlı suallar yaradır.
Məsələ yalnız ödəniş formasından ibarət deyil. Nağdsız əməliyyatların azalması dövriyyənin uçotdan kənarda qalması, vergitutma bazasının daralması və bazarda fəaliyyət göstərən sahibkarlar arasında qeyri-bərabər rəqabət risklərini də gündəmə gətirir.
News365.az xəbər verir ki, İqtisadçı ekspert Əli Cabbarov hesab edir ki, POS-terminalların formal olaraq quraşdırılması, lakin faktiki istifadə edilməməsi bu baxımdan ciddi problemdir.
Onun sözlərinə görə, Sədərək, Binə və Meyvəli kimi böyük ticarət komplekslərində kartla ödəniş etmək istəyən müştərilərin “aparat işləmir” cavabı ilə qarşılaşması sistemli şəkildə araşdırılmalıdır.
Ekspert bildirib ki, qanunvericiliyin tələblərinə əsasən obyektlərdə POS-terminalın olması ilə yanaşı, onun real şəkildə istifadəsi də vacibdir. Əks halda terminalın sadəcə obyektin bir küncündə saxlanılması və müştərilərin nağd ödənişə yönləndirilməsi iqtisadi dövriyyənin şəffaflığı baxımından suallar doğurur.
Əli Cabbarovun fikrincə, belə halların geniş yayılması ehtimalı varsa, aidiyyəti qurumlar tərəfindən həmin ticarət məkanlarında monitorinqlər gücləndirilməlidir:
“Nağdsız ödənişlərin təşviqi və maliyyə şəffaflığının təmin edilməsi dövlətin əsas istiqamətlərindən biridir. Əgər sahibkar POS-terminalın işləmədiyini əsas gətirərək vətəndaşı nağd ödənişə və ya kartdan-karta köçürməyə yönləndirirsə, bu məsələ araşdırılmalıdır”.
Ekspert hesab edir ki, xüsusilə iri topdansatış və pərakəndə ticarət obyektlərində qəfil monitorinqlərin keçirilməsi mümkün pozuntuların aşkarlanmasına və qarşısının alınmasına kömək edə bilər.
“Dövlət Vergi Xidməti bu məsələyə nəzarəti gücləndirməli, ticarət dövriyyəsinin tam uçota alınmasına şərait yaradılmalıdır. Bu, həm dövlət büdcəsinə daxilolmaların təmin edilməsi, həm də qaydalara əməl edən sahibkarların haqsız rəqabətdən qorunması baxımından əhəmiyyətlidir”, – deyə Əli Cabbarov vurğulayıb.
Mövzu ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu ünvanlamışıq. Qurumun məsələyə münasibətini dərc edəcəyik.