İran və Amerika Birləşmiş Ştatları arasında davam edən diplomatik prosesə baxmayaraq, tərəflər arasında ciddi ziddiyyətlər qalmaqda davam edir. Bu barədə politoloq Əli Zülfüqaroğlu News365.az-a açıqlamasında bildirib

Onun sözlərinə görə, danışıqlar masasında hələlik konkret razılaşma əldə olunmayıb və əsas məsələlər üzrə fikir ayrılıqları qalır. Ekspert qeyd edib ki, bu vəziyyət iki ölkə arasında eskalasiya riskini aradan qaldırmır.
Politoloq bildirib ki, İran və ABŞ arasında əvvəlki dövrlərdə də gərginliklər və hətta hərbi zərbələr yaşanıb. Buna baxmayaraq, hazırda danışıqlar və atəşkəs xarakterli diplomatik proseslər davam edir.
Əli Zülfüqaroğlu vurğulayıb ki, Vaşinqtonun bəzi sərt açıqlamaları Tehran üzərində təzyiq vasitəsi kimi qiymətləndirilir və məqsəd İranı danışıqlar masasında daha yumşaq mövqe tutmağa məcbur etməkdir.
Onun sözlərinə görə, İran prinsipial məsələlərdə geri çəkilmədiyi üçün tərəflər arasında kompromis əldə olunması çətin görünür. Xüsusilə sanksiyalar və nüvə proqramı kimi mövzular əsas ziddiyyət nöqtələri olaraq qalır.
Ekspert əlavə edib ki, İranın beynəlxalq iqtisadi sistemə təsir imkanları məhdudlaşsa da, tərəflər arasında gərginlik hələ də yüksək səviyyədədir və yaxın perspektivdə maksimalist yanaşmalardan geri addım atılması ehtimalı zəif görünür.
Onun fikrincə, bu səbəbdən ABŞ–İran münasibətlərində yeni eskalasiya riski hələ də aktual olaraq qalır.