ABŞ və Çin arasında yeni böhran: Vaşinqtonun "ayrı-seçkilik" qərarına Pekindən kəskin reaksiya

ABŞ və Çin arasında yeni böhran: Vaşinqtonun "ayrı-seçkilik" qərarına Pekindən kəskin reaksiya
14:30

Dünyanın iki nəhəng gücü – ABŞ və Çin arasında "viza müharibəsi" yenidən alovlanır. Ağ Evin xarici tələbələr, media nümayəndələri və mədəni mübadilə proqramı iştirakçıları üçün qaydaları sərtləşdirməsinə rəsmi Pekindən çox kəskin reaksiya gəlib. Çin tərəfi bu addımı birbaşa ayrı-seçkilik kimi qiymətləndirib və Vaşinqtonu dərhal geri addım atmağa çağırıb.

News365.az xarici mediaya istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian keçirdiyi mətbuat konfransında ABŞ-nin bu qərarlarını qətiyyətlə rədd etdiklərini bəyan edib. Diplomat vurğulayıb ki, Vaşinqtonun atdığı bu birtərəfli addımlar heç bir tərəfin maraqlarına xidmət etmir, əksinə, iki ölkə arasındakı humanitar və mədəni əlaqələrə ağır zərbə vurur.

Çindən simmetrik cavab xəbərdarlığı: Eyni addımlar atılacaq

Sözçü Lin Jian ABŞ-yə xəbərdarlıq edərək bildirib ki, rəsmi Pekin yaranmış vəziyyətə səssiz qalmayacaq və qarşılıqlı olaraq adekvat, sərt əks-tədbirlər görmək hüququnu özündə saxlayır. Bu isə o deməkdir ki, Çin də yaxın günlərdə amerikalı jurnalist və tələbələr üçün oxşar məhdudiyyətlər tətbiq edə bilər.

Qeyd edək ki, ABŞ-nin qəbul etdiyi yeni sanksiya xarakterli qaydalara əsasən, çinli jurnalistlər üçün vizanın qüvvədəolma müddəti cəmi 90 günə endirilib ki, bu da media fəaliyyətini iflic vəziyyətinə salır.


Sizin reklam burada
Sizin reklam burada