ABŞ - İran danışıqları: nüvə proqramı əsas ziddiyyət olaraq qalır

ABŞ - İran danışıqları: nüvə proqramı əsas ziddiyyət olaraq qalır
10:59

ABŞ və İran arasında aparılan danışıqlarda əsas fikir ayrılıqları hələ də qalmaqdadır.

Bu barədə politoloq Elçin Mirzəbəyli News365.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar tərəfindən müəyyən məsələlərdə taktiki geri çəkilmələr müşahidə olunsa da, əsas tələblər dəyişməz qalır. 

Bunlara İranın ballistik raket proqramına məhdudiyyətlərin qoyulması və nüvə proqramı ilə bağlı məsələlər daxildir.

Politoloq qeyd edib ki, nüvə məsələsi ABŞ üçün əsas prioritet olaraq qalır və Donald Trump administrasiyası dövründən bu yana Vaşinqtonun sərt mövqeyi dəyişməyib. O xatırladıb ki, həmin dövrdə ABŞ Barack Obama administrasiyası tərəfindən imzalanan nüvə sazişindən çıxmışdı.

Elçin Mirzəbəyli bildirib ki, nüvə proqramı İran üçün “milli məsələ” kimi təqdim olunduğundan bu sahədə kompromis əldə edilməsi çətin görünür. Onun sözlərinə görə, İran daxilində də bu mövzuya dair sərt mövqe mövcuddur və bu, danışıqlarda əsas ziddiyyət yaradan amildir.

Ekspert əlavə edib ki, sanksiyaların yumşaldılması və maliyyə sisteminə çıxışla bağlı müəyyən müzakirələr aparılsa da, nüvə proqramı üzrə razılaşma əldə olunmadan ciddi irəliləyiş gözləmək çətindir.

Onun fikrincə, hazırkı mərhələdə daha çox humanitar xarakterli addımların, atəşkəs rejimlərinin uzadılmasının və müəyyən iqtisadi yumşalmaların əldə olunması mümkündür, lakin tam siyasi razılaşma üçün əsas ziddiyyətlərin həlli tələb olunur.


Sizin reklam burada
Sizin reklam burada