Xəzər Xaqanlığının qadın hökmdarı Parsbit

Xəzər Xaqanlığının qadın hökmdarı Parsbit
09:20
Türklərin tarixində dövləti zaman-zaman qadın hökmdarlar da idarə ediblər. Türk tarixinin qadın hökmdarı Tomris, Uyğur hökmdarı Dilşad xatun, Atabəy Cahan Pəhləvanın qızı, Naxçıvan xanı Cəlaliyyə, Quba və Dərbənd hakimi Pəricahan xanım, Dərbənd hakimi Tuti Bikə, Şahbanu Raziyə Sultan Səfəvi və siyahını uzatdıqca adların sayı çoxalacaq.
Xəzər xaqanlığı Türk dövlətçilik tarixində ən uzunömürlü imperiyalardan biridir. Ərəb tarixçilərinin konkret məlumatlarında xəzərlərin Türk olması öz təsdiqini tapır.
Xəzərlərin tarixində günümüzədək bəzi müəmmalı səhifələr qalsa da, Xəzər dənizinin bu xalqın adıyla bağlı olması tamamilə qanunauyğundur. Çünki məhz xəzərlər dövlətlərini bu dənizin sahillərində qurmaqla, VII-X yüzilliklərdə İtil çayı və Xəzər dənizi üzərində beynəlxalq ticarət yollarını açıb inkişaf etdirməklə bəşər tarixində ilk dəfə olaraq bu dənizi dövrün "geosiyasi" mərkəzinə çevirməyə müvəffəq olmuşdular.
Bu dövlətin başçılarından biri də Parsbit olub. Bəzi qaynaqlarda adı Barsbek kimi yazılan hökmdar xanım “Xəzər xaqanalığının anası” adı ilə ərəb qaynaqlarında keçir. Onu yəhudi olmasını iddia edənlər yanılırlar. Parsbit adı yəhudi deyil, türkcədir: pars "bəbir" + bet "üz", hərfi mənada "bəbir üzlü". Başqa bir versiyaya görə, ad "pələng üzü" kimi tərcümə olunur. Xəzər xaqanı Xan Biharın qızı Çiçək olması bu faktı təsdiq edir ki, Xəzər xaqanlığında türklər hökmranlıq ediblər.
Qeyd edim ki, yazılı mənbələrdən aydın olur ki, Xəzər xaqanlığında qadınlar cəmiyyətin nisbətən fəal hissəsi olub.
Xəzər xaqanı Bərcik xaqanın qızı olduğu qeyd edilir və 669-cu ildə anadan olduğu yazılır.
730-731-ci illərdə hökmdar olub.
Onun haqqında ilk dəfə yazılan qaynaqda qeyd edilir ki, “Xəzərlərin xaqanı öldü. Onun anası Parsbit komandir Tarmaxa və Tərxana böyük bir ordu toplayıb Qafqaza aparmağı əmr etdi; və sərkərdə yığılan qoşunla yola düşdü və hunların ölkəsindən, Maskutlar ölkəsindən keçərək Paytakaran ölkəsinə basqın etdi. Araks çayını keçərək Persiyaya keçdi”
Başqa bir qaynaq yazır ki, “Onun başçılğı altında Ərdəbil yaxınlığında xəzərlər ərəbləri darmadağın etdilər. Ərəb sərkərdəsi Cərrahın özü öldürüldü, başı kəsildi, arvadı və uşaqları qaliblərin qənimətinə çevrildi. Yalnız bir neçəsi sağ qalan Cərrahın və ordusunun ölümü qonşu ölkələrdə böyük təəssürat yaratdı.”
732-ci ildə öldüyü qeyd edilir bəzi mənbələrdə.
Zaur Əliyev, tarixçi alim

Sizin reklam burada
Sizin reklam burada