Adam bıçaqlamaq namərdlik əlamətidir- Tural İrfan yazır

Adam bıçaqlamaq namərdlik əlamətidir- Tural İrfan yazır
09:35

Gəncədə yenidən 16 yaşlı məktəbli bıçaqlanaraq qətlə yetirilib. Bu, artıq neçənci qətldir... Tədbir görmək lazımdır, durub baxmaq yox. Demək uçuruma gedirik. Bəsdir ölkədə kriminalı, bıçağı, döyməni, narkoman mahnılarını təbliğ etdilər. Alim, filosof əvəzinə kriminal aləmin avtoritetləri təbliğ edilir, özü də yüksək səviyyədə.

Aqil Abbas keçən dəfə Ağdamda çıxış edib yazdığı əsərdən danışır. Deyir bir ağdamlı o birinə deyir ki, şükür Allaha, torpağımız da alındı, tikilir, abadlaşır, qurulur... O da qayıdır ki, yox elə deyil. Ağdam o vaxt Ağdam olacaq ki, kinoteatrın qabağında qız üstündə bir ağdamlı digərini bıçaqlasın...

Bu təfəkkürdən nə gözləyəsən? Bundan gənclər, gələcək nəsillər nə götürsün? Adam bıçaqlamaq? Bəyəm bir rayonun, bir elin adamlarının cəsarətli, igid olması kinoteatrının qabağında adam bıçaqlamaqla ölçülür? Elmdə Ağdamın Xudu Məmmədovu bütün dünyaya bəsdir. Musiqidə, sənətdə, mədəniyyətdə zirvədir. İgidliklə, cəsarətdə Allahverdi Bağırov, Fred Asif bəsdir. Hələ yüzlərlə başqalarını demirəm. Bir rayonun əhalisinin cəsarətini, igidliyini Fred Asif, Allahverdi Bağırov zirvəsindən kinoteatrın qabağında qız üstündə adam bıçaqlayan cüvəllağı səviyyəsinə niyə endirirsən?

Bir də görürsən guya kimlərsə Qazaxı tərifləmək istəyir. Xəngəl, "başı xamırlı tut arağı" ilə bir rayonu tərənnüm edirlər. Elm, ziya, təfəkkür, poeziya obrazı olan bölgəni qarın, boğaz, sərxoşluq səviyyəsinə endirənin elə özü səviyyəsizdir. Bir rayonu poeziyada, humanizmdə Vidadi, Vaqif, Mehdi Hüseyn, Hüseyn Arif, Səməd Vurğun, İsmayıl Şıxlı, cəsarətdə, şücaətdə Qaçaq Kərəm, Məmmədəli Qazaxlı səviyyəsindən yanıx tut arağı səviyyəsinə niyə eynidirsən, niyə alçaldırsan? Bir rayon qoy ziyalısı, alimi, şairi ilə tanınsın. Yoxsa Qazax deyəndə ağzı sulana-sulana xəngəldən, araqdan danışmaqla deyil...

Türk adətlərində adam bıçaqlamaq yoxdur. Xüsusən də əli yalın adamı. Çünki qədim türklər meydanda mərd döyüşüblər. Silahsız adama silahla hücum etməyiblər. Xəncər, bıçaqla xaincəsinə əli yalın adam vurmağı ilk dəfə farslar dəb salıb. İlk xəlifə qatili Əbu Lulu ləqəbli Firuz da Ömər bin Xəttaba topuğunda gizlətdiyi xəncərlə sui-qəsd etmişdi. İndiki İranın Qəzvinindəki Ələmut qalasında gizlənən Həşşaşi terrorçuları narkotik çəkib Səlcuqlulara, Əyyubilərə xəncər, bıçaqla qəfil hücum edib əli yalın adamları öldürürdülər. Halbuki Həzrət Əlinin zirehinin arxa tərəfi həmişə açıq olurdu. Çünki ərəblərdə də arxadan adam vurmaq, xəyanətlə əliyalın adama sui-qəsd etmək kişilik sayılmırdı. Hərəsi bir qılınc, xəncər götürüb üzbəüz döyüşürdülər. Sasani imperiyası fəth olunub farslar müsəlman toplumuna qarışandan sonra bu cür ənənələr yayılmağa başladı.


Bəzi sonradan ərəbləşmiş "müərribə" adlanan ərəblər arsında da bu adəti yenə farslar yaratmışdı. Yəmən o dövrdə, İslamdan əvvəl Sasani farsların müstəmləkəsi idi. Ən güclü valiləri orada otururdu. Əslən fars olan vəzifəli şəxslər Yəmənə köçüb orada yerli ərəblərlə qaynayıb qarışıb öz adət, ənənələrini yeritmişdilər. İmam Əlini xəncərləyib şəhid edən Əbdürrəhman bin Mülcəmin ulu babaları da Yəmən əsilli idi və Sasanilər dövründə İrandan köçən, sonradan ərəbləşən müərribədəndi. 

Ərəb, İslam tarixinin kökünü bilməyənlərin çoxu bilmir ki, müsəlmanlar arasında əksər mənfur adətləri, bidətləri, parçalanmanı yaradanlar məhz fars əsilli, sonradan ərəbləşmişlərdir. Orta əsrlərdə İslam aləmində adam bıçaqlatmaqla terrorun əsasını qoyan Həsən Səbbah Qumda doğulsa da əslən ərəbləşmiş Yəmən farsıdır.

İmam Hüseyn şəhəri adlanan Gəncədə Həsən Səbbahın adamlarının sonrakı liderləri dövründə hətta Nizami Gəncəviyə də sui-qəsd etmək istəyiblər. Əli yalın adamları bıçaqla vurub öldürmək nə türk, nə ərəb, nə də müsəlman adətidir. Bu, farslardan keçmə xüsusiyyətdir. Duelin Avropa və Rusiyada, qılınc döyüşünün Romada, yumruq döyüşünün Yunanıstanda yarandığı deyilir. Kiçik xəncər, bıçaqla sui-qəsd etmək isə farslarda yaranıb. Bu adəti qəhrəmanlıq, igidlik saymaq, təbliğ etmək nə İslama, nə də milli ənənələrimizə uyğundur.

Əliyalın adamı bıçaqlamaq bu bölgəyə orta əsrlərin böyük terror şəbəkəsini quran Həşşaşilərdən keçib. Bu, onların terror metodlarından biri idi.

Ona görə də gənclərə bunları anlatmaq lazımdır ki, adam bıçaqlamaq mərdlik, qəhrəmanlıq, igidlik əlaməti yox, terror əlamətidir.


Sizin reklam burada
Sizin reklam burada