Bizi təyyarə qəzasının səbəbkarı kimi göstərirdilər, indi Rusiya rəhbəri cinayətkarların cəzalandırılacağını və kompensasiyanın veriləcəyini deyir. Qlobal embarqo və sanksiyaların hədəfində olan bir ölkə ilk gündən belə etsəydi, ittihamları az da olsa, neytrallaşdırardı. Əvəzində Azərbaycanı təkcə siyasi hədələrlə deyil, hibrid hücumlarla üz-üzə qoydular.
News365.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında Komitə sədri Zahid Oruc bildirib.
“Bizi “etnik gərginlik yaratmaqda, antirus mövqeyə keçməkdə, radikal millətçilikdə və hətta dönüklükdə” ittiham edən rəsmi platformalar, əslində, ölkəmizin müstəqil xarici siyasət kursuna qarşı psixoloji müharibə aparırdılar. Lakin dövlətimiz və xalqımız basqıya qarşı vahid mövqedə durdu”.
O qeyd edib ki, Kreml mediasına anti-Azərbaycan tezisləri ötürənlərin Qafqaz siyasəti hələ də Pyotr dövrünü xatırladır. Onlar Qələbəmizlə regional geosiyasətin dəyişməsini və Azərbaycanın yeni arxtektura quruculuğunu həzm edə bilmirlər. Lakin köhnə qaydalar artıq işləmir:
“4 ildir Ukraynada gedən qlobal müharibədə Azərbaycan heç bir hərbi blokun forpostu olmadı.
Ölkəmizi Qərb kolasiyasına bağlamağa, növbəti SVO-ların hədəfində göstərməyə çalışanlar dünən ifşa olundular. Ona görə də soydaşlarımızı kriminal avtoritetlər, müətşəkkil cinayətkar dəstə və qafqazlı siması kimi göstərən Bastrıkinin İstintaq İdarəsi 9 oktyabrdan sonra bütün saxta cinayət işlərini gərək dayandırsın, azərbaycanlıları azad etsin”.
“Dünən Düşənbədə keçirilən görüş Vaşinqton Zirvəsi və Azərbaycanın regional sülh siyasətinin birbaşa nəticəsidir. Ölkəmiz türk dünyasının siyasi mərkəzi, Orta dəhlizin əsas dayağı, enerji və logistik qovşaq, regional geosiyasi arxitekturasının memarıdır. Nə Ermənistanın əli ilə, nə də etnik separatizm və iqtisadi təzyiqlə Azərbaycana təsir etmək artıq mümkün deyil.
Vətən müharibəsinin ildönümündə Prezident İlham Əliyev yenidən sübut etdi ki, Azərbaycan nəinki öz hava məkanını, həm də bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyini təmin edən güclü dövlətdir.
Və bu, təyyarlərimizin xilası, Qələbəmizin davamıdır!” – deyə o sonda qeyd edib.