“Təhlükəsizlik tədbirləri Türk Dövlətləri Təşkilatının gələcək gücünü müəyyən edəcək”
Hərbi ekspert Şair Ramaldanov News365.az-a açıqlamasında bildirib ki, bu gün dünyada artan geosiyasi gərginliklər fonunda təhlükəsizlik məsələləri hər bir dövlət üçün strateji zərurətə çevrilib.
“Bugünkü beynəlxalq münasibətlər sistemində ikili standartlar açıq şəkildə müşahidə olunur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, beynəlxalq hüquq artıq əvvəlki kimi ədalətli yanaşma nümayiş etdirmir. Belə vəziyyətdə haqlı və ya haqsız olaraq müxtəlif məhdudiyyətlər, sanksiyalar tətbiq edilir. Buna görə də dövlətlərin əsas prioriteti öz təhlükəsizliklərini təmin etmək olmalıdır”, – ekspert vurğulayıb.
Ramaldanovun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının birliyi və əməkdaşlıq potensialı bu baxımdan xüsusi əhəmiyyət daşıyır:
“Azərbaycanın atalar sözündə deyildiyi kimi, ‘tək əldən səs çıxmaz’. Türk dövlətlərinin bir araya gəlməsi, qarşılıqlı etimad və qardaşlıq əsasında fəaliyyət göstərməsi təhlükəsizlik sahəsində böyük nəticələr verəcək. Bu istiqamətdə texnoloji imkanların inkişafı, ortaq təlimlərin keçirilməsi və müştərək fəaliyyət planlarının hazırlanması vacibdir”.
Ekspert əlavə edib ki, son zirvə görüşündə təhlükəsizlik məsələlərinin xüsusi vurğulanması təşkilatın gələcəkdə daha böyük regional layihələrdə iştirak edəcəyini göstərir.