Bu ilin sentyabr ayında Azərbaycanda ən çox bahalaşan ərzaq məhsulları məlum olub.
News365.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma mal və qoyun ətinin, balıq və balıq məhsullarının, yumurtanın, xamanın, kəsmiyin, kərə yağının, armudun, şaftalının, qozun, fındığın, ağ kələmin, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, göy lobyanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, kartofun, qara və yaşıl çayın, ucuzlaşma isə limonun, bananın, almanın, üzümün, soğanın qiymətlərində müşahidə olunub.
Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2025-ci ilin sentyabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,6 faiz təşkil edib.
Sentyabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma mebelin, avtomobillər üçün ehtiyyat hissələrinin, şəxsi gigiyena məmulatlarının, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının, ucuzlaşma isə yay geyimlərinin qiymətlərində müşahidə olunub.
Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2025-ci ilin sentyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,8 faiz təşkil edib.
Sentyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən ali, orta ixtisas və ödənişli məktəbəqədər təhsil müəssisələrinin, xarici dil və abituriyent hazırlığı kurslarının, mənzillərin kirayəyə verilməsi və bərbərxana xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.